Xəbər verdiyimiz kimi, avqustun 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola salınıb. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 23 ailə - 90 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq və qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.
Məsələ ilə bağlı “Respublika”ya açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirib ki, torpaqlarımızın işğaldan azad olunması şanlı tariximizin bir parçasıdır və bərpa edilmiş Füzuli şəhərinə ilk sakinlərin qayıtması tarixi bir hadisədir:
“Azərbaycan öz torpaqlarına sahib olduqdan sonra qısa bir zamanda həmin ərazilər minalardan təmizlənir, şəhərlərin baş planları təsdiqlənir və infrastruktur layihələri qurulur. Bütün bu işlərin görülməsi üçün dövlət tərəfindən böyük bir vəsait ayrılır. Artıq növbəti dəfə Böyük Qayıdış Dövlət Proqramına əsasən bir tarixi bölgəmizə, əzəli yurdumuza geri qayıdış başlayır. Füzuli sakinləri hər zaman torpağa olan sevgisi, zəhmətkeşliyi, elmə, biliyə, milli adət-ənənələrimizə bağlılığı ilə seçilib. Mən ilk sakinləri geri qayıtması münasibətilə onları təbrik edirəm. Bu köç sürətlə davam edir".
"Qısa zamanda Füzulidə minlərlə ailə yaşayacaq və onların rahat yaşaması üçün uşaqların təhsil alması, sakinlər üçün iş yerinin müəyyənləşməsi, tibb ocaqlarının fəaliyyət göstərməsi üçün də çox böyük işlər görülür. Bütün bunların hamısını Azərbaycan dövləti özünün daxili imkanları hesabına edir. Bunlar bir daha onu göstərir ki, Azərbaycan xalqı öz torpağını sevir, Vətəni üçün canını fəda etməyə hazırdır. Torpaqların azad olunmasında, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti hesabınadır. Dövlət başçısı bu məsələləri daima diqqət mərkəzində saxlayır və Azərbaycan xalqı qarşısında öhdəliklərini çox uğurla yerinə yetirir. İnanıram ki, Füzuli qısa zamanda dövlətimizin və öz dədə-baba torpağına qayıdan vətəndaşlarımızın hesabına ölkəmizin ən inkişaf etmiş və nümunəvi rayonlarından birinə çevriləcək”- deyə, deputat qeyd edib.
Musa Bağırlı,
“Respublika”.