Daha bir qara səhifə qapandı
Digər xəbərlər

Daha bir qara səhifə qapandı

2021-ci il iyulun 7-də Azərbaycan Prezidentinin imzaladığı Fərmanla iqtisadi rayonlar yenidən formalaşdırıldı

"Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir. İstər Qarabağ bölgəsində, istər Azərbaycan-Ermənistan sərhədində. 7 iyul tarixi əgər 1923-cü ildə xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. 7 iyul artıq gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 7 iyul 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman mənim tərəfimdən imzalandı. Tarixi ədalət bərpa edildi". Bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2021-ci ilin iyulunda şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə söyləmişdi. Həmin görüşdə dövlət başçısı, həmçinin şəhidlərimizin əziz xatirəsini bir daha yad edərək deyib: "Siz, onların yaxınları onlarla fəxr edirsiniz. Haqlı olaraq fəxr edirsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim ürəyimizdə əbədi yaşayacaqdır".

Ədalət... Bu gün dünyamızın daha çox ehtiyac duyduğu dəyər. Tarix boyu çox görmüşük onun yoxluğunu, əziyyətini çox çəkmişik ədalətsizliyin. 30 illik işğal dövrü tariximizin ən qara səhifəsi kimi heç vaxt unudulmayacaq. Tarix həm də bir xalqın azadlıq, müstəqillik istəyinin, dövlətçilik ənənəsinə sadiqliyinin, torpaq uğrunda ölə bilmək cəsarətinin ən gözəl nümunəsini də öz səhifələrində yaşadacaq, tarixi ədalətsizliklərin bərpasının da mümkünlüyünü həkk edəcək yaddaşına. 44 günlük Vətən müharibəsinin qalibiyyətini tarixi ədalətin bərpası kimi bəşəriyyətə nümunə göstərəcək.

Tarix boyu bölünmüş, parçalanmış Azərbaycanın XX əsrdə yaşadığı faciə heç nə ilə müqayisə edilməyəcək. Çünki bu əsrdə taleyimizə yazılmış deportasiyanın, soyqırımın yaraları heç zaman sağalmayacaq. XX əsrin əvvəllərində torpaqlarımızın hissə-hissə ermənilərə "peşkəş" edilməsi böyük bir məmləkəti param-parça etdi. Torpaqlarımızda özünə dövlət quran ermənilər xalqımıza faciələr yaşatdı. Vətən müharibəsindəki qələbəmiz bu ağrıları bir qədər azaltdı, yaralarımızın qaysaq bağlamasına məlhəm oldu. 2021-ci il iyulun 7-də "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı daha bir tarixi ədalətsizliyin bərpasını təmin etdi. İçimizin yanğısı bir az da azaldı. Fərmanda deyilir: "Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir".

Bəli, məhz bu zərurət baxımından Azərbaycan Prezidentinin imzaladığı Fərman 1923-cü il iyulun 7-də yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati vahidinin qüvvədən düşməsini təsdiqləmiş oldu.

Bəs, Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati vahidi necə yaranmışdı?..

Mayaları məkr, hiylə və yalanla yoğrulmuş ermənilər hər yerdə özlərinə isti yuva qurmuşlar. Əslində, torpaqsız olan bu toplum, xəyalən özünü dənizdən-dənizə torpaqların sahibi sayaraq əsrlər boyu öz dövlətini yaratmaq üçün yer axtarışında olmuşdur. Ermənilərin əsrlərlə göz dikdikləri və ələ keçirmək üçün dəridən-qabıqdan çıxdıqları, hiylə ilə sahiblənmək istədikləri torpaqlardan biri də Qarabağın dağlıq hissəsi idi. Dövlətlərarası müharibə meydanı olan bu yerlərdə ermənilər İran şahlarının "səxavətindən" məharətlə istifadə edərək mülklər ələ keçirir, gələcəkdə torpaq iddiaları üçün zəmin hazırlayırdılar. Qarabağda erməni məliklikləri belə yaranmışdır.

Artıq XIX əsrin əvvəllərindən ermənilər "böyük Ermənistan" yaratmaq planlarını reallaşdırmağa başladılar. 1914-cü ildə başlamış Birinci Dünya müharibəsi və 1917-ci ildə Rusiyada baş verən inqilablar ermənilərin Azərbaycan torpaqlarını ələ keçirmək üçün həmin ərazilərdə olan azərbaycanlılara qarşı soyqırımı siyasətinin həyata keçirilməsində əsas katalizator rolunu oynadı. Onlar yaranmış əlverişli şəraitdən öz məqsədləri üçün maksimum dərəcədə istifadə etdilər.

1918-ci il may ayının axırlarında Zaqafqaziya seymi buraxıldıqdan sonra Cənubi Qafqazda üç müstəqil respublika yarandı. 1920-ci ilin aprelində XI ordu Azərbaycanı işğal edərkən Azərbaycan Cümhuriyyəti Ordusunun əsas qüvvələri Dağlıq Qarabağda erməni qiyamçılarına qarşı mübarizə aparırdı. Nəhayət, 1919-cu ilin avqustunda Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ erməniləri arasında saziş imzalandı və Qarabağ ermənilərinin qurultayı çağırıldı. Qurultayda Azərbaycan Cümhuriyyəti hökuməti ilə Qarabağın Şuşa, Cavanşir, Cəbrayıl qəzaları Qarabağ general-qubernatorluğu kimi xüsusi inzibati vahidə ayrıldı. Bu, ermənilərə böyük hüquqlar verirdi və onlar bu hüquqlardan maksimum yararlanmağa çalışırdılar.

Əvvəlcə Azərbaycanda, sonra isə Ermənistanda sovet hakimiyyətinin qurulması ermənilərə xain planlarını həyata keçirmələri üçün hədsiz imkanlar yaratdı. Təsadüfi deyil ki, 1920-ci il dekabrın əvvəllərində Ermənistana göndərdiyi təbrikində Stalin yazırdı: "Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir".

1921-ci il sentyabrın 26-da Az. K(b)P MK-nın siyasi və təşkilat bürosu yenidən "Qarabağ işi" deyilən məsələni müzakirə edərək qərar qəbul etdi: "Qafqaz bürosundan xahiş edilsin ki, Dağlıq Qarabağın ayrılması haqqında qərarına yenidən baxsın, buna qədər muxtariyyət elan olunmasın".  Nəhayət, 1923-cü il iyul ayının 7-də ermənilərin uzun illərdən bəri arzularında olduqları "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Azərbaycan MKİ dekret elan etdi. Bundan sonra ermənilər zaman-zaman Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi ideyasını rəsmi və qeyri-rəsmi şəkildə qaldırıb bu ideyanı yaddan çıxmağa qoymadılar. XX əsrin sonlarında isə bu istək, ideya Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə nəticələndi. Ancaq istəkləri həyata keçmədi. 30 il torpaqlarımızı işğal altında saxlayan, qanlı faciələr törədən ermənilərin bu ümidləri qursaqlarında qaldı, günahsız insanların isə qanı yerdə qalmadı. Təcavüzkara qarşı tarixin hökmü isə amansız oldu. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu erməniləri iti qovan kimi torpaqlarımızdan qovdu.

İndi o ərazilər yenidən qurulur, iqtisadi rayonlar üzrə yeni bölgü işğaldan azad edilmiş torpaqların inkişafını təmin edir. O yerlərə köç isə çoxdan başlayıb...

Zümrüd QURBANQIZI,

"Respublika".