Şanlı zəfərimizin 3-cü ildönümündə Xankəndidə keçirilən hərbi parad Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, onun iradəsinin, ordumuzun gücünün və əzminin məntiqi sonluğu idi. 2020-ci ilin 27 sentyabrından başlayan mübarizədə xalqımızın birliyi, ölkə başçısının ətrafında "dəmir yumruq" kimi birləşməsi bizi qələbəyə apardı. Bu qəhrəmanlıq dastanlarımızın müəllifi isə heç şübhəsiz, Ali Baş Komandandır.
Prezident İlham Əliyevin Xankəndidə hərbi paradda səsləndirdiyi fikirlərdə də qeyd olunduğu kimi, 44 günlük Vətən müharibəsi böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovdu. Bu bir faktdır ki, hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü. 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərarinin olması da bir reallıqdır. Bu bir daha göstərir ki, bizim qüdrətli dövlətimiz qarşısında cılız Ermənistan heç cür tab gətirə bilməzdi.
Şuşanın qəhrəman əsgərlərimiz tərəfindən işğaldan azad edilməsi düşmənin ağ bayraq qaldırmasına səbəb olub. Şuşa əməliyyatı qəhrəmanlıq dastanıdır. Bu əməliyyat 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Bunu isə doğma torpağına bağlı olan Azərbaycan əsgəri edə bilərdi.
Artıq biz müharibəni geridə qoymuşuq. Bu gün geriyə baxanda bir daha görürük ki, Prezident İlham Əliyev necə düzgün və uzaqgörən qərarlar vermişdir. Əlbəttə, biz inanırdıq ki, Qarabağ işğaldan azad ediləcək. Ancaq Ali Baş Komandanın atdığı addımlar bizim az itki ilə müharibədən çıxmağımıza və Qarabağın digər yerlərini döyüşsüz almağımıza səbəb oldu. Bu gün artıq Qarabağ problemi tarixə dönüb. Azərbaycanın Qarabağ problemi Prezident İlham Əliyevin sayəsində birdəfəlik həll olunub.
Vüqar İSKƏNDƏROV,
Milli Məclisin deputatı.