Çinin qlobal gücə çevrilmək planı
Digər xəbərlər

Çinin qlobal gücə çevrilmək planı

Çin Rusiya-Ukrayna müharibəsinin ildönümündə böhranın siyasi həlli ilə bağlı öz mövqeyindən çıxış edərək sülh planı təklif edib. 12 bənddən ibarət olan sənəddə ölkələrin suverenliyinə hörmət, soyuq müharibədən imtina, hərbi əməliyyatların dayandırılması, sülh danışıqlarının bərpası, humanitar böhranla mübarizə, sanksiyalara son qoyulması, yenidənqurmanın təşviqi kimi məsələlər öz əksini tapıb. Lakin bu, ilk baxışdan sülh yox, atəşkəs planını xatırladır ki, bununla heç atəşkəsə də nail olmaq mümkün deyil. Orada yalnız qeyd olunur ki, bütün tərəflər vəziyyətin tədricən dislokasiyası üçün eyni istiqamətdə işləməlidirlər. Yəni dünyanın ən böyük müasir müharibələri sırasında ilk pillələrdə olan bir savaşın həlli üçün çox ümumi ifadələr işlədilib. Bu fakt da Pekinin təqdim etdiyi sənədin ciddi qəbul edilməsinə mane olur. Sülh planı ilk baxışdan Çinin şəxsi maraqlarının təmin edilməsi üçün hazırlanan manipulyasiya sənədinə bənzəyir.

Digər tərəfdən, Çinin Rusiya ilə bərabər ikili oyun qurduğuna da dair şübhələr var. Bunun əsas səbəbi bir neçə gün əvvəl Çin rəsmisi Van Yinin Rusiyanın paytaxtına səfər etməsidir. Nazirin Moskvaya gedişinin əsas səbəbinin Ukrayna ilə bağlı mümkün sülh planı olduğu düşünülürdü. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova buna qəti şəkildə etiraz etsə də, görünür səfərdən dərhal sonra belə bir planın ortaya çıxması təsadüfi deyil. Eyni zamanda, Pekinin sülh təklifi Rusiya üçün faydalı hesab oluna bilər, çünki o, özündə atəşkəs bəndini ehtiva edir. Bu da Rusiya qoşunlarının Ukraynanın cənub-şərqinin bir hissəsinə nəzarət etdiyi zamanda cəbhədəki vəziyyəti dondurmaq deməkdir. Bundan əlavə, planda Kremlə qarşı sanksiyaların ləğvinə dair çağırışlar da var. Üstəlik, Çin qərbin Ukraynaya silah tədarükünün dayandırılmasının tərəfdarı olduğunu açıqlasa da, özünün Rusiyaya silah ötürməsi ilə bağlı təsdiqlənməmiş məlumatlar tirajlanır. “Spiegel” nəşrinin xəbərinə görə, Pekin və Moskva aprelin əvvəlində 100 zərbə PUA-sının alınması ilə bağlı danışıqlar aparır. Bütün bunlar da Pekinin münaqişədə qərəzsiz vasitəçi olduğunu inkar edir. Odur ki, indiki dövrdə Çin Administrasiyasının sülh təklifi istənilən nəticəni verməyəcək, başda Birləşmiş Ştatlar olmaqla kollektiv qərb buna razı olmayacaq.

Qərbdən öncə Ukrayna da bu planla razılaşmayacaq. Ötən ilin yazına qədərki vəziyyət indi də davam etsəydi, Ukrayna bəlkə bu təkliflə razılaşar, atəşkəsə nail olmaq istəyərdi. Amma xüsusilə yaydakı uğurlardan sonra Kiyev öz şərtini irəli sürdü. Zelenski hökuməti o dövrdən indiyədək qəti şəkildə bildirir ki, yalnız Krımın işğaldan azad edilməsi Ukrayna və Avropada sülhün bərqərar olmasına kömək edəcək. Kiyevə verilən hərbi yardımları da nəzərə alsaq, Zelenskinin indi bu iddiasından geri dönəcəyi real deyil. Odur ki, indi sülh heç də yaxın görünmür. Çünki hazırda irəli sürülən təkliflər əsasında sülh imzalanarsa, bu, Kiyev Administrasiyasının varlığı üçün ciddi problemə çevrilə bilər.

Yekunda onu demək olar ki, Rusiya sülh sazişi ilə Krımı geri verən deyil. Bu halda isə iki versiya ortaya çıxır. Ya atəşkəs haqqında saziş imzalanmalı, ya da müharibə dondurulmuş şəkildə davam etməlidir. Hazırda ikinci variant daha real görünür. Belə olan halda Rusiya əməliyyatları dayandırmayacaq, qərb də Ukraynaya dəstəyi davam etdirəcək. Bu proqnozlar isə Avropada sabitliyin yaxın gələcəkdə daha dəhşətli vəziyyətdə olacağını deməyə əsas verir.

Jalə QASIMZADƏ,

“Respublika”.