Əsrlər boyu qlobal proseslərin qaynar nöqtəsi hesab olunan Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün fürsət yaransa da, xarici müdaxilələr buna əngəl törətməkdədir. Qüdrətli Azərbaycan dövləti ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə regional müstəvidə sülhün təmin olunması üçün tarixi imkan yaratmışdır. Lakin revanşizmin qurbanına çevrilmiş Ermənistanın bu çərçivədəki destabilliyi Cənubi Qafqazın təhlükəsizliyinə kölgə salır.
Yeni havadar axtarışına çıxan Paşinyan rejimi Qərb blokunun Cənubi Qafqazda dağıdıcı missiyasını öz öhdəsinə götürüb. Bu yolla Ermənistan Azərbaycana qarşı hərbi-siyasi müstəvidə uğur əldə edəcəyinə inanır. Şübhəsiz ki, bu məsələdə düşmən ölkənin havadarları ona aktiv şəkildə dəstək verir, regionda öz istəklərini reallaşdırmaq üçün Ermənistanı şirnikləndirirlər.
Rusiya-Ukrayna müharibəsi fonunda Qərb bloku Rusiyanı şimala doğru sıxışdırmağa çalışır. İsveçin NATO-ya üzv dövlət seçilməsi prosesinin başladılmasına paralel olaraq Cənubi Qafqazda da Rusiyanın nüfuzunu sarsıtmağa çalışırlar. Məhz Ermənistanın bu prosesdəki rolu Qərb üçün olduqca əhəmiyyətlidir. Diplomatik və hərbi müstəvidə hər cür dəstək göstərən havadarlar regionda qarışılıq yaratmağa cəhd edirlər. Qafqazda Rusiyaya qarşı yeni cəbhə açılması ilə proses daha da intensivləşəcək.
Qərb bloku Ermənistanı planlı şəkildə Rusiyanın təsir dairəsindən çıxarır. Ermənistanın Belarusun paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməməsi bunu deməyə əsas verir. Maraqlısı budur ki, KTMT-nin iclasının getdiyi bir vaxtda baş nazir Nikol Paşinyan Avropa İttifaqının və Aİ-yə üzv ölkələrin Ermənistanda akkreditə olunmuş səfirləri ilə görüş keçirdi. Şübhəsiz, eyni gündə görüşün keçirilməsi Rusiyaya siyasi mesaj idi. Bununla yanaşı, Aİ diplomatiyasının rəhbəri Jozep Borrelin: "Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardım göstərilməsi və vətəndaşları üçün viza rejiminin liberallaşdırılması imkanlarını dəqiqləşdirir" fikirlərini səsləndirməsi Ermənistanda KTMT-dən sonrakı boşluğu kimin dolduracağını aşkara çıxarır. Digər tərəfdən, bir müddət əvvəl Fransa Gürcüstan üzərindən Ermənistana hərbi texnika və silah-sursat göndərmişdi. Baş verən proseslərdə Ermənistanı Rusiyadan "sığortalayan" isə rəsmi Vaşinqtondur. Belə ki, Rusiya Ermənistana təzyiq göstərər və ya embarqo tətbiq edərsə, ABŞ Ermənistanı lazımi dizel yanacağı və enerji ehtiyatları, ərzaq, hətta mümkün xarici valyuta ilə təchiz etməyə hazırdır. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri lazımi hərbi texnika, uniforma və silahları, təhlükəsizlik orqanları, o cümlədən polis lazımi texniki dəstəyi məhz ABŞ-dan ala biləcək.
Amerikada baş qaldıran Ermənistan sevdası heç zaman regiona sülh gətirməyəcək. Cənubi Qafqazda reallaşdırılması planlaşdırılan bu prosesdə tərəflərə nəzər salsaq görərik ki, oyunçular 30 ilə yaxın dövr ərzində artıq tarixə qovuşan Qarabağ problemini dondurmağa çalışan qüvvələrdir. 30 il öncə ATƏT-in keçmiş Minsk qrupu çərçivəsində Azərbaycanın mövcud vəziyyətlə barışmasına ümid edənlər, indi sülh müqaviləsinin imzalanması üçün "səy" göstərdiklərini bildirirlər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib: "Biz dəfələrlə demişik ki, Qərb vasitəçilərinin, o cümlədən Fransanın məqsədləri tamam başqadır, onlar Cənubi Qafqazı növbəti geosiyasi qarşıdurma məkanına çevirməyə çalışırlar. Həmin dövlətlər region ölkələrinin köklü maraqlarına məhəl qoymurlar və regionda təhlükəsizliyin, sabitliyin və rifahın təmin olunması üçün heç bir iş görmürlər".
İndiki vəziyyətdə sadəcə Ermənistana havadarlığın şahidi oluruq. Qərb blokunun bu cür birtərəfli mövqe sərgiləməsi sülhün əldə edilməsinə maneədir. Anti-Azərbaycan meyillərinin hər keçən gün daha da intensivləşməsi qlobal oyunçuların "vasitəçilik" missiyasını mümkünsüz edir. ABŞ Konqresinin Nümayəndələr Palatasında noyabrın 15-də "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmələr keçirilməsi, konqresin yuxarı palatasının Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləməsi qlobal güclərin sülh istəmədiyindən xəbər verir.
Avropada da vəziyyət Amerikadan fərqli deyil. Bir müddət əvvəl Avropa Parlamentində alqışlanan Nikol Paşinyanın ruhlandırılması prosesi hələ də davam edir. Azərbaycan əleyhinə qərəzli və yalan ittihamların Avropa Parlamentində sorğu-sualsız dəstəklənməsi, heç bir alternativ fikrə yer verilməməsi sülh danışıqlarında Avropanın rolunu sual altında qoyur. Buna baxmayaraq, onlar Ermənistanın baş nazirinin yalanlarını dinləyir, alqışlayır və Azərbaycanı ittiham etməsinə şərait yaradırlar.
Ermənistanın hegemonluq mirajı Qərb blokunun onun ərazilərindən hərbi əməliyyatlar üçün istifadə etməsi ilə gözdən itəcək. Qüdrətli Azərbaycan dövlətinin yaratdığı yeni reallıqda bu kimi destruktivliyə yer yoxdur. Ermənistan da bunu anlamalı, çoxüzlü yanaşma sərgiləyən Qərb blokunun "vasitəçiliyindən" daha çox regional müstəvidə sülh müqaviləsinin imzalanmasına səy göstərməlidir.
Nurlan ABDALOV,
"Respublika".