Cəmi altı il
Siyasət

Cəmi altı il

Ulu öndər siyasi fəaliyyəti boyu Azərbaycanın mənafeyini qorumuş, onun müdafiəsi və tərəqqisi üçün əlindən gələni etmişdir. Məhz dahi liderin SSRİ-dəki fəaliyyəti Azərbaycanın üzləşəcəyi labüd təhlükələri aradan qaldırılmasına yönəlmişdir. Lakin Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir. Ardınca ulu öndər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1987-1993-cü illər arasında öz fəallığını artıran erməni milliyyətçiləri xalqımıza misilsiz ağrı-acılar yaşatmış, qanlı tariximiz məhz bu dövrdə yazılmışdır. Həmin illər Azərbaycan üçün fəlakətlə nəticələnmişdir. Bu barədə ölkə başçımız Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxışında bildirib: "Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Xüsusilə, AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bütün bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər".

1988-ci ildə başlanmış erməni təcavüzü hələ də özünün düşmənçilik xarakterini saxlayır. Haylar bu müddət ərzində Azərbaycandakı siyasi hərc-mərclikdən istifadə edib bəşəri cinayətlər törətmişlər, Ermənilərin "miatsum" ideyası 1987-ci ilin payızında İrəvanda keçirilən mitinqlərdə daha çox aydınlaşmışdır. Həmin mitinqlər zamanı, keçmiş Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə keçirilməsi barədə açıq tələblər səsləndi, bu isə münaqişənin artmasına səbəb oldu.

1987-ci ilin noyabr ayında artıq milliyyətçilər öz xain xislətlərini işə salmağa başlamışdılar. Ermənistan SSR-in Qafan rayonunda artıq 1988-ci il yanvarın axırlarında bir nəfər də azərbaycanlı qalmamışdı. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın digər bölgələrində yaşayan azərbaycanlıların da vəziyyəti çətinləşdi. Buna görə, 1988-1990-cı illərdə, daha əvvəldən aydın şəkildə qoyulan tələblər - azərbaycanlılar Azərbaycana, ermənilər isə Ermənistana köçməlidir ilə böyük insan toplulularının köç prosesi başladı.

1988-ci il fevralın 13-də keçmiş DQMV-nin mərkəzində Qarabağ məsələsi ilə bağlı ilk nümayiş təşkil edildi. Buna cavab olaraq, fevralın 19-da Bakıda nümayiş keçirildi, "cəbhəçi"lərin fəallaşması üçün əlverişli şərait yarandı. Siyasi cəhətdən təcrübəsiz kütlələlərin və mitinq təşkilatçılarının bu birliyi Azərbaycanı labüd sona doğru aparırdı.

Sovet İttifaqının mərkəzi orqanları zəiflədikcə keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə yönəlmiş hər hansı bir tədbir görülmürdü. Həm də "soyuq müharibə" olaraq bilinən SSRİ ilə ABŞ arasındakı gərginlik bu vəziyyəti daha da çətinləşdirirdi. 1989-cu il iyulun 19-da ABŞ Senatı, "Sovet Ermənistanı xalqının istəyinə uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə ABŞ-ın köməyi haqqında" qətnamə qəbul etdi. Həmçinin 1989-cu il noyabrın 19-da ABŞ Senatı Dağlıq Qarabağ ətrafındakı münaqişənin ədalətli və bu ərazidə yaşayan xalqın arzularını əks etdirəcək bir şəkildə tənzimlənməsinə kömək etmək istədiyini bəyan etdi. Bu dövrdə yeni yaranan hüquq müdafiə hərəkatı, xüsusən də "Memorial" təşkilatı erməni separatçılarını müdafiə edirdi və bu, onlar üçün daha əhəmiyyətli idi.

1989-cu ilin 1 dekabr tarixli "Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında" qərar Azərbaycan və Ermənistan arasında soyuq müharibənin daha da genişlənməsinə və insanlar arasında kütləvi nifrətin artmasına səbəb oldu. Əslində, bu, münaqişə zonasının genişləməsi və yayılması demək idi. 1990-cı ildə Bakıda baş vermiş yanvar hadisələrindən sonra Kremlin və prezident Qorbaçovun nüfuzu da sarsılmışdı.

Heydər Əliyevin 1990-cı il 21 yanvarında Moskvada səsləndirdiyi bəyanat, Azərbaycanda böhranın aradan qaldırılmasına köklənmişdi. Azərbaycan SSR-in əvvəlki rəhbərliyinin iflası, ölkənin beynəlxalq milli dövlət fikirlərinə əsaslanmış siyasətinin qeyri-adekvatlığı bir daha təsdiqləndi. Bundan sonra Azərbaycana yeni bir lider, onun mənafeyini qoruyan sərkərdə gərək idi. Lakin Azərbaycan bu prosesdə - yeni liderlər ilə yeni siyasətə keçid prosesində gecikmə ilə qarşılaşdı. Məhz bunun nəticəsi olaraq Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Nəticədə bir milyondan artıq insan Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldı.

1990-cı illərin əvvəllərində Azərbaycan xalqı ikinci dəfə qazandığı müstəqilliyi əldən vermək üzrə idi. 1992-ci ildə silah gücünə iqtidara gələn AXC- Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəmizi anarxiya, xaos və hərc-mərcliyə sürükləyirdi. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulurdu. 1993-cü il iyunun 4-də Gəncədə başlayan qanlı hadisələr Azərbaycan xalqını milli istiqlaldan məhrum olmağın bir addımlığınadək gətirmişdi. AXC-Müsavat iqtidarı bunun qarşısını almaq üçün heç bir iş görmək gücündə deyildi. Gəncə hadisələrindən sonra xalq ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini israrla tələb və xahiş edirdi. O zaman dövlətimizin nicat yolu ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsində, xalqımızın ümid yeri isə o böyük insanın siyasi dühasında, liderlik məharətində, dövlətçilik təcrübəsində şəxsi keyfiyyətlərində idi. Hər zaman xalqının yanında olan və onun arzularını reallaşdıran Ulu Öndər 1993-cü il iyunun 9-da muxtar respublikadan Bakıya qayıtmaqla xalqın ümidlərini özünə qaytardı. Həmin gün sözün həqiqi mənasında ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Məhz milli tariximizin bu unudulmaz günündə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə paytaxtına qayıdışı ilə müstəqil dövlətimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edildi.

Oktyabrın 3-də ümummilli lider xalqımızın böyük dəstəyi ilə ölkə Prezidenti seçildi. Bu gün respublikamızda dahi şəxsiyyətin müəyyənləşdirdiyi uğurlu siyasi xəttin qətiyyətlə davam etdirilməsi, Azərbaycan xalqının xoşbəxtliyidir. Ölkəmizin firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində bu gün respublikamız regionun lider dövlətinə çevrilib, ölkəmizin nüfuzu daha da artıb. Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl ölkələrindən biridir. Bu uğurların təməlində ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışı və həmin qayıdışın ölkə əhalisində yaratdığı ruh yüksəkliyi dayanır.

1993-cü ildə qüdrətli Azərbaycan dövlətinin əsasları formalaşdırıldı və gələcəyə ümid işığı yandı. Torpaqlarımızın işğal altına düşməsindən sonra öz yaralarını sarmağa başlayan xalqımız öz lideri ilə gələcəyə daha nikbin baxırdı. Məhz bunun nəticəsidir ki, o illərdə Azərbaycanın inkişafının əsası qoyulmuş, 2003-cü ilə qədər güclü dövlətin sağlam təməlləri atılmışdır. Bu həmin təməldir ki, indi onun üzərində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan dövləti dayanır. Məhz bu gün qalib Azərbaycanın bayrağı bütün Qarabağda - Xankəndi, Xocalı, Xocavənd, Əsgəran, Ağdərədə, Sərsəng və digər torpaqlarda da dalğalanır.

Nurlan ABDALOV,

"Respublika".