Həyatın bütün dönəmlərində insan sağlamlığının qorunması mühüm amillərdən hesab olunub. Belə ki, sağlamlıq olmayan yerdə hər hansı sağlam mühitdən və sağlam cəmiyyətdən söhbət gedə bilməz.
Ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasında bu məsələ xüsusi yer tuturdu və bu gün də Azərbaycan dövləti insanların sağlamlığını, səhiyyə xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin olunmasını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. "Göygöl Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Vasif Əliyevlə Ümumdünya Səhiyyə Günü ərəfəsində həmsöhbət olduq. O qeyd etdi ki, 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yarandığı gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. Bu günün qeyd olunması ölkəmizdə səhiyyə sahəsinə, həmçinin tibb işçilərinə göstərilən qayğının parlaq təzahürüdür. İnsanların fiziki və ruhi sağlamlığı ölkənin inkişafında əsas amillərdən olduğundan, ötən əsrin 60-cı illərin sonu - 70-ci illərin əvvəllərində, dahi öndərin hakimiyyətə gəldiyi vaxtdan etibarən səhiyyədə ciddi inkişaf dövrü başlandı.
Azərbaycanda səhiyyənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin respublikaya rəhbərliyinin birinci mərhələsində köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir avadanlıqlarla təchiz edilməsi, eləcə də əhalinin kütləvi surətdə dispanser qeydiyyatdan keçirilməsi və s. istiqamətdə geniş tədbirlər həyata keçirildi. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa olundu. Bu sahədə mütəxəssislərin hazırlanmasına, peşəkarlıqlarının artırılmasına xüsusi diqqət yetirildi.
1993-cü il iyunun 15-də xalqın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin əzmkarlığı, xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edildi. Ulu öndər Azərbaycanda hər bir sahənin inkişafı üçün mühüm təşəbbüslə çıxış edirdi, onun üçün əsas məsələ - əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili, Azərbaycan xalqının demoqrafik göstəricilərinin yüksəldilməsi idi. Dahi liderin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində ən ağır xəstəliklər hesab edilən QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar tətbiq edildi. Ulu öndərimizin rəhbərliyi ilə bu sahədə 15-dən çox qanunun qəbul edilməsi milli səhiyyəmizin müasir tələblər səviyyəsində inkişafına, həm də insanların sağlamlıqlarının etibarlı şəkildə qorunmasına xidmət edir. Ulu öndərin imzaladığı qanunlardan birini xüsusilə qeyd etmək yerinə düşərdi. 17 iyun 2001-ci il Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda tibb işçilərinin peşə bayramı günü elan edildi. Həmin il peşə bayramı ərəfəsində ulu öndərin tibb işçilərinə göndərdiyi təbrik məktubunda deyilirdi: "Tibbin insan cəmiyyəti ilə yaşıd olan bir tarixi var və siz də bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə - insanların sağlamlığının qorunması işinə həsr etmisiniz".
Heydər Əliyevin prezidentliyi dövründə milli səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli işlər görüldü, tibb müəssisələrində təmir-tikinti işləri aparıldı, səhiyyə ocaqları yeni müasir avadanlıqlarla təchiz edildi. Bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradıldı, həkimlərin və tibb işçilərinin sosial müdafiəsi gücləndirildi, ixtisaslı və peşəkar həkim kadrlarının hazırlanmasına xüsusi diqqət yetirildi.
Xalqımıza böyük məhəbbətlə, sədaqətlə xidmət edən, ulu öndərin amallarına sadiq olan müasir, qalib Azərbaycan dövlətinin Prezidenti cənab İlham Əliyev insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, Birinci-vitse prezident Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanmalıdır. Xəstə uşaqlarla