Digər xəbərlər

"Çalmalı", "Qumlu bulaq" üçün darıxıram...

Böyük yazıçımız Mirzə Cəlilin bir əsəri var: "Kamança". Birpərdəli bu kiçik pyesdə 1918-1920-ci illərdə erməni-müsəlman davasından bəhs edilir. Daşnakların dünyanın ən qəddar, vəhşi milləti olduğu bildirilir. Qafqazda hay-erməni amilinin meydana gəldiyi dövrlərdən bəri Qərbi Azərbaycandakı soydaşlarımızın başına gətirilən faciələr, erməni şovinizminin, erməni xəyanətinin, erməni etibarsızlığı və nankorluğunun əsl mahiyyəti göstərilir. Min illərin o üzündən ölkə-ölkə keçib gələn erməni terroru artıq heç bir mənəvi və dünyəvi sərhəd tanımır.

1872-1881-ci illərdə Türkiyədə gizli erməni təşkilatı, 1887-ci ildə "Hnçaq", 1890-cı ildə "Daşnaksütyun" partiyası yaradılıb. Haylar "böyük Ermənistan" yaratmaq uğrunda Türkiyə və İrana qarşı mübarizə aparan Rusiya hökumətinə müxtəlif yollarla kömək edib, Türkiyənin məğlubiyyətinə çalışıb.

Ermənilər zaman-zaman Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı qanlı cinayətlər törətmişlər. 1905-ci ilin fevralında İrəvanda, Zəngəzurda, Amasiyada, Göyçədə, Zəngibasarda və azərbaycanlıların yaşadıqları digər ərazilərdə ermənilər dəhşətli qırğınlar törətmiş, kəndləri viran qoymuş, yerli camaatı ata-baba torpaqlarından qovmuşlar.

Bununla kifayətlənməyən erməni vandalları 1917-ci ilin may ayında Qarsda qoşun korpusu yaradaraq onları üç diviziyaya böldülər. Arisyan İrəvanətrafı rayonları, Silikyan Göyçə gölü ətrafını, Andranik isə Naxçıvan, Zəngəzur, Qarabağ, Şuşa və sair yerləri zəbt etməli idi. Onlar qeyd olunan ərazilərin kəndlərini dağıdıb, əhalisini qılıncdan keçirib, damlara doldurub yandırmağa başladılar. Ermənilər İrəvan ətrafında, Vedi rayonunda, Göyçə gölü ətrafında və digər ərazilərdə dəhşətli qırğınlar törətdilər.

1917-ci ildə Türkiyə erməniləri Stepan Şaumyanı özlərinə başçı seçdilər. V.İ.Lenin 1917-ci ilin 29 dekabrında dekret qəbul edib, erməniləri müsəlmanlardan müdafiə adı ilə qoşun hissəsi yaratdı. Şaumyan özü türkiyəli Hamazaspın komandanlığı ilə 2500 nəfərlik diviziya yaradıb azərbaycanlılara qarşı qırğınlar törətdi. Qərbi Azərbaycan odlara qalandı.

1918-1920-ci illərdə Qərbi Azərbaycandakı soydaşlarımızın çoxu deportasiyaya məruz qaldı.

1948-1952-ci illərdə erməni şovinistləri yenidən fəallaşdılar. Onlar İ.Stalini, Molotovu ələ alıb "könüllülük" prinsipi altında Qərbi Azərbaycandakı soydaşlarımızın böyük bir hissəsini Azərbaycana köçürməyə nail oldular.

1988-ci ildə erməni təcavüzünün və terrorçuluq siyasətinin növbəti mərhələsi həyata keçirildi. Moskvadakı ermənipərəst qüvvələrin, xüsusilə Mixail Qorbaçovun satqınlığı, xəyanəti ucbatından 300 mindən çox soydaşımız Qərbi Azərbaycandan, tarixi Azərbaycan torpaqlarından qovuldu. Xalqımız öz doğma ocaqlarından silah gücünə çıxarılıb didərgin salındı. Moskvaya göndərilən teleqramlar, şikayət məktubları cavabsız qaldı. Bu xəyanət toru xaç qardaşlarının məkrli planları əsasında hazırlandı. Vaxtilə əhalisinin 90 faizini Azərbaycan türkləri təşkil edən İrəvanda bir nəfər də olsun belə azərbaycanlı qalmadı. Çox keçmədi ki, kəndlərə yeni erməni adları qoyuldu.

1988-ci ildə Ermənistandakı azərbaycanlılar çox böyük amansızlıqla üzləşdilər. Beləliklə, son 100 ildə indiki Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlının qəddarlıqla qovulub çıxarılması prosesi başa çatdı. Azərbaycan Ermənistan boyda bir torpaq, 2 minə qədər kənd və qəsəbə, yüzlərlə abidə itirdi.

Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar öz ata-baba yurdlarından didərgin düşmüşlər. Onlar, həmçinin Azərbaycanda, Rusiya Federasiyasında, Ukraynada, Belarusda, Özbəkistanda və digər ölkələrdə yaşayırlar. Hər qarışında ayaq izlərim qalan Qərbi Azərbaycanı hər an düşünürəm. Qollarımı açıb "Çalmalı" dağını, "Qumlu bulağı" qucaqlamaq istəyirəm...

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyev Qərbi Azərbaycan ziyalıları ilə keçirdiyi görüşündə demişdir: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri, tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdıb orada yaşacaqlar".

Toplantıda ölkə başçısı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının mahiyyətini açıqladı, beynəlxalq konsepsiyalardakı müddəalara əsaslanmasını diqqətə çatdırdı.

Vətən müharibəsində cəmi 44 gün ərzində 30 ilə yaxın erməni işğalı altında olan tarixi torpaqlarımız azad olundu. İndi isə ən böyük hədəfimiz Qərbi Azərbaycan ərazilərinin geri qaytarılmasıdır. Bugünkü Ermənistan ərazisi təqribən iki əsr bundan əvvəl Azərbaycan torpağı, buranın aborigen əhalisi isə azərbaycanlılar olub. Ermənilər isə Cənubi Qafqaza gəlmə, daha doğrusu gətirilmə etnosdur. Bu etnosun yaşadığı "Ermənistan Respublikası" adlanan ərazi isə Azərbaycan torpağıdır. Bu həqiqəti heç kim, heç nə gizlədə bilməz.

Firuz ABDULLAYEV,

Novosibirsk şəhəri, həkim.