Ermənistan ordusu 27 sentyabr 2020-ci ildə Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatlar törətdi. Şanlı ordumuz ölkə başçımızın komandanlığı ilə cəmi 44 gün ərzində düşmən üzərində qətiyyətli qələbə qazandı. Noyabrın 8-də Azərbaycanın igid oğulları üçrəngli bayrağımızı Qarabağın mədəniyyət paytaxtı Şuşada dalğalandırdı.
İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyanın üçtərəfli Bəyanat imzalaması ilə başa çatdı. 10 noyabr üçtərəfli Bəyanata əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atılmadan Azərbaycana qaytardı, Azərbaycan tərəfi isə Ermənistanla Qarabağ arasında yeganə yol olan Laçın yolunun təhlükəsizliyinə zəmanət verdi. Beləliklə, Azərbaycan tərəfi üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdi, Ermənistan isə bundan boyun qaçırdı. Belə ki, Qarabağdakı yerli sakinlərə humanitar yük adı ilə separatçı rejimə silah-sursat göndərdi. Azərbaycan isə bunun qarşısını almaq məqsədilə Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurdu. Bundan sonra ermənilər öz məkrli planlarını həyata keçirə bilmədikləri üçün hay-həşir saldılar, guya Qarabağ erməniləri aclıqdan ölür. Azərbaycan tərəfindən erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan erməni tərəfinin imtina etməsi, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması qarşı tərəfin "humanitar vəziyyət" barədə iddialarının boş olduğunu bir daha göstərdi.
Azərbaycanın uğurları Qarabağdakı qondarma separatçı rejimi təşvişə salıb. Ermənistan 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq 2022-ci il avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra əhəmiyyətli hakim yüksəkliklər Azərbaycanın nəzarətinə keçib. Daha sonra cari ilin 22 fevralında Ermənistan ordusu və Qarabağdakı separatçılar Azərbaycan Silahlı Qüvvələrinə qarşı yenidən təxribat törətdilər. Gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tovuz rayonu, Naxçıvan Muxtar Respublikası, həmçinin Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Kəlbəcər rayonu, Şuşa şəhəri və Xocavənd rayonu atəşə tutuldu. Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri ilə "Qisas-2" əməliyyatı həyata keçirdi.
Bir tərəfdən, sülh danışıqları gedir, digər yandan, Qarabağdakı separatçı rejim yenidən hərbi təxribatlara hazırlaşır. Xankəndi və onun ətrafında yerləşən məntəqələrdə olan bəzi separatçı-terrorçu qüvvələrə qarşı antiterror əməliyyatı keçirməsi Azərbaycanın legitim hüququdur. Bu antiterror əməliyyatına heç bir qüvvə mane ola bilməz. Azərbaycan ordusunun əməliyyatı həm uğurla, həm də ən qısa zamanda başa çatdırmaq potensialına malik olduğu kimsədə şübhə doğurmur. Erməni silahlılarının yeganə çıxış yolu isə silahı təhvil verib getməkdir. Əks halda, onlar Azərbaycan Ordusu tərəfindən məhv ediləcəklər. Şanlı Azərbaycan Ordusu bunu Fərrux, Sarıbaba, Qırxqız, Buzdux və digər əməliyyatlarla düşmənə göstərib.
Röya RÜSTƏMLİ,
"Respublika".