Kütləvi insan ölümləri, dağıntılar, şəhərlərin, qəsəbələrin, kəndlərin yerlə-yeksan edilməsi, əsir düşərgələri, işgəncələr, aclıq və s. bu kimi dəhşətlər məhz müharibələrdə yaşanıb. Sadalanan bütün faktların bəlkə hələ bir az da çoxu İkinci Dünya müharibəsi zamanı keçmiş Leninqrad şəhərinin almanlar tərəfindən mühasirədə saxlandığı müddətdə yaşanıb. 872 gün mühasirədə qalan şəhərdə yerli sakinlərin soyuqdan, aclıqdan, xəstəliklərdən ölməsi adi hala çevrilib. Nəticədə 1 milyondan çox insan aclıqdan, xəstəlikdən, böyük bir hissəsi isə əsasən də uşaqlar soyuqdan donaraq həlak olub. İllərlə davam edən mühasirə şəraitində uşaqlara gündəlik 125, böyüklərə isə 250 qram çörək verilib. Ərzaq qıtlığı o dərəcəyə çatıb ki, insanlar heyvanların, hətta saxladıqları pişiklərin ətindən belə istifadə ediblər. Həmin dövrdə Leninqrad Sovet İttifaqının əsas şəhəri və sənaye mərkəzi idi. Alman ordusu Barbarossa əməliyyatının bir hissəsi olaraq Leninqradın ələ keçirilməsini, sovet əhvali-ruhiyyəsini və müqavimətini zəiflətməyi qarşısına məqsəd qoymuşdu. 1941-ci ilin sentyabrında alman qüvvələri müttəfiqləri Finlandiya ilə birlikdə şəhəri mühasirəyə alaraq onun təchizat yollarını kəsməyə başladı. O illər "Aclıq qışı" kimi yaddaşlarda qaldı.
O dəhşətli illər çox uzaqlarda qalsa da, bu gün də Sankt-Peterburq şəhərində müharibənin izlərini müşahidə etmək mümkündür. Rusiya hər il faciəni və sovet qoşunları tərəfindən şəhərin mühasirədən azad olunmasını dərin ehtiramla yad edir, faciəli şəkildə həyatını itirən yüzlərlə uşağın xatirəsi əziz tutulur. Hətta 2019-cu ildə Almaniya hökuməti mühasirədən sağ çıxanlara humanitar jest olaraq Sankt-Peterburqdakı xəstəxananın modernləşdirilməsini maliyyələşdirdi. Mühasirədən sağ çıxan və artıq böyüyən uşaqlar bu gün həmin xəstəxanada müalicə olunurlar.
Lakin bir neçə gün əvvəl İrəvanın mərkəzində Leninqradın mühasirəsi zamanı həlak olan uşaqların xatirəsinə ucaldılmış abidəyə qarşı vandalizm aktı törədilib və heykəl təhqir edilib. Belə ki, yanvarın 26-da Rusiya diplomatik missiyası şəhərin faşist blokadasından azad edilməsinin 80 illiyi münasibətilə abidənin önünə gül dəstələri qoyub. Yerli ermənilərdən bir nəfər isə çələngləri aşıraraq Rusiya bayrağının rənglərində olan lenti tapdalayıb. Bu azmış kimi, törətdiyi hadisəni lentə alıb və Leninqradın blokadası faktını mübahisələndirərək internetə yerləşdirib.
Rusiya Xarici İşlər Nazirliyi İrəvanda "mühasirədə olan Leninqrad uşaqları"nın xatirəsinə ucaldılmış abidənin təhqir olunmasına münasibət bildirib. Bununla bağlı nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova yazılı bəyanat yayıb.
"Yanvarın 29-da İrəvanda Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidədə törədilən vandalizm aktını qətiyyətlə pisləyirik. Dərin təəssüf hissilə qeyd edirik ki, bu Rusiya və Ermənistan üçün ümumi olan tarixin qəhrəmanlıq səhifələrinə həsr olunmuş abidələrin təhqir olunması ilə bağlı ilk hal deyil. Bu cür çaşqınlıqlara respublikada Rusiyanı və onun Cənubi Qafqazdakı rolunu ləkələmək üçün başlayan ictimai kampaniya şərait yaradır. Blokada zamanı həlak olan 1 milyon 384 min leninqradlının mübarək xatirəsinin ələ salınmasına imkan verməyəcəyik", - deyə XİN rəsmisi bildirib.
Zaxarova qeyd edib ki, Rusiya Ermənistanın hakimiyyət orqanlarından bunun, eləcə də gələcəkdə baş verə biləcək bu cür barbarlıq təzahürlərinin qarşısının alınmasını gözləyir.
Onu da xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Qarabağda etnik təmizləmə faktlarının olmaması ilə bağlı söylədiklərindən qəzəblənən şəxs İrəvandakı "mühasirədə olan Leninqrad uşaqları" abidəsinə qarşı vandal hərəkətlər həyata keçirib.
Ermənistanın bu sahədə böyük təcrübəsi var. Ermənilər üçün heç bir abidənin, xatirənin önəmi yoxdur. Biz 30 il erməni vandallığının şahidi olmuşuq. Qarabağ və Şərqi Zəngəzur torpaqlarında, Qərbi Azərbaycan mahallarında törətmədikləri vəhşiliklər qalmayıb. Onlar nəinki abidələrimizə, hətta insanlarımıza, xüsusilə də uşaqlara qarşı görünməmiş zülmlər ediblər. Onlarla uşağı dəmir borulara dolduraraq od vurub diri-diri yandırıblar. Əsrin faciəsi adlandırılan Xocalı soyqırımında 63 uşaq ermənilər tərəfindən qətlə yetirilib. Türkün qatı düşməni Zori Balayan Xocalı soyqırımı zamanı girov götürülən azərbaycanlı uşaq haqqında yazıb: "13 yaşındakı türk uşağının başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək öldü...
Amma ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürurlanırdı. Dostum Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı...".
Həyat bumeranqdır, hadisələr dönüb-dolaşıb, fərqli şəkildə, fərqli məkanda baş verir. O zaman Azərbaycan Ermənistan tərəfindən törədilən terror və faciələrlə bağlı bütün dünyaya səslənsə də, beynəlxalq aləm heç bir reaksiya vermədi. Süngülərdə can verən, hələ dünyaya gəlməmiş ana bətnində ölümə məhkum edilən körpələrin harayını eşidən olmadı. Çünki dünya erməniləri müdafiə edir, silah-sursat ehtiyacını ödəyirdi.
Bəli, tarix təkrarlanır, lakin başqa məkanda. İndi erməni xisləti bir zamanlar arxalandığı Rusiyanın da üzünə ağ olur. Həmin ssenari, həmin vəhşilik. Bu gün Rusiya erməni vandallığını özünə qarşı hörmətsizlik, təhqir kimi qəbul edir. Bir şeyi unudur ki, bu məlum erməni xislətidir. Onlar üçün müqəddəs, əbədi heç nə yoxdur. Cənubi Qafqazda öz dayaqlarını bərkitmək üçün erməniyə artıq Rusiya lazım deyil. Qərbpərəst mövqeyi ermənilərdə bu ölkəyə qarşı nifrət yaratmaqdadır.
Ramidə YAQUBQIZI,
"Respublika".