Böyük Qayıdışın yeni səhifəsi
Sosial həyat

Böyük Qayıdışın yeni səhifəsi

"Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq". Bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.

Ölkə başçımız, həmçinin Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıdacaqlarının nəzərdə tutulduğunu qeyd edib.

Eyni zamanda Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start verilib. Bir sözlə, 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Ölkəmizin bütün bu nailiyyətləri heç bir kömək olmadan yalnız öz hesabına əldə etdiyini də vurğulamalıyıq. Təbii ki, Füzulidə iki məktəbin tikintisində qardaş ölkə Özbəkistan və Qazaxıstanın dəstəyi istisna olmaqla.

Dövlətimiz işğaldan azad etdiyimiz ərazilərdə artıq 3 ildir ki, qurub yaradır. Qarabağ və Şərqi Zəngəzur yer üzündəki cənnətə çevriləcək. Daima vahid Azərbaycan anlayışı ilə çıxış edən ölkə başçımız şübhəsiz ki, Qarabağın yenidən qurulması, dirçəlməsi ilə bağlı öz töhfələrini verir və buna davam edəcək. Elə görülən işlər də bunu deməyə əsas verir. Yeni sağlamlıq mərkəzləri, təhsil ocaqları, sosial təminat mərkəzləri inşa edilir. Bu gün biz artıq görürük ki, Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq canlanır. Su anbarları, yollar, körpülər, hava limanı, dəmir yolları, məktəblər, xəstəxanalar artıq istifadəyə verilib. Suqovuşan yenidən quruldu və ölkə başçımız da qeyd etdi ki, bu il Zabuxçay Su Anbarının inşası tamamlanacaq və böyük ərazini suvarma suyu ilə təmin edəcək.

İşğaldan azad edilmiş ərazilərə qayıdan insanlar üçün münbit sosial-iqtisadi şəraitin yaradılması üçün də kompleks islahatlar həyata keçirilir. Bütün bu işlər doğma yurduna geri dönən keçmiş köçkünlərin layiqli yaşayış şəraitinin olması üçündür. Mühüm məsələlərdən biri də elektrik stansiyalarının tikilməsidir. Çünki elektrik stansiyası tikildikdən sonra onun hesabına bütün infrastrukturlar öz işini bərpa edir və vətəndaşlarımızın rifahı üçün mühüm addımlar atılır. Elə bir dağ şəraitində, relyefi çətin olan ərazilərdə bu qurğuların ərsəyə gətirilməsi, eyni zamanda vətəndaşlarımıza verilməsi çətin bir proses olsa da, bu istiqamətdə çox ciddi addımlar atılır. Bölgələrə ən müasir texnika cəlb edilir və ən əsası, bütün bu işlər üçün dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Həmçinin qeyd etməliyik ki, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Şuşa şəhərlərində çoxmənzilli yaşayış komplekslərinin, Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı, Füzuli rayonun Dövlətyarlı yaşayış məntəqələrinin təməli qoyulub.

Böyük qayıdış əsnasında işğaldan azad edilən ərazilərdə həyata keçirilən mühüm layihələrdən biri də bu ərazilərdə beynəlxalq hava limanlarının inşası ilə bağlıdır. Artıq iki rayonda - Füzuli və Zəngilanda beynəlxalq hava limanları fəaliyyət göstərir. Azərbaycanın bir il ərzində işğaldan azad edilən ərazilərdə iki beynəlxalq hava limanı inşa etməsi sadəcə ölkəmizdəki mütəxəssislər deyil, xarici ekspetlər tərəfindən də yüksək qiymətləndirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu faktı təqdir etmiş, bunu hər ölkənin bacara bilmədiyi bir iş adlandırmışdı.

Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan nəhəng yol infrastrukturu layihələri ölkəmizin gücünü, iradəsini, torpaqların əsl sahibi olduğunu göstərir. Qarabağ və Şərqi Zəngəzurda tikintisi aparılan və başa çatdırılan yol nəqliyyat qovşaqlarının ümumi uzunluğu iki min kilometrdir. Ümumiyyətlə, avtomobil yollarının tikintisi mühüm infrastruktur layihələrindən biridir. Gediş-gəliş rahat olandan sonra digər infrastruktur layihələrin icrası daha da sürətlə aparılır.

Göründüyü kimi, bu günə qədər Qarabağda xeyli iş görülüb. 2020-ci ildə qazandığımız böyük Zəfərlə və 3 ildir davam edən genişmiqyaslı bərpa-quruculuq işlərimizlə biz bir daha öz gücümüzü bütün dünyaya göstərmiş olduq.

Röya RÜSTƏMLİ,

"Respublika".