Laçından reportaj
Yolumuz dağlar qoynundakı Laçın şəhərinədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, buraya da həyat yenidən qayıdıb. İşğaldan azad olunmuş ərazilərimizə dəfələrlə səfər etmiş, Ermənistanın yer üzündən sildiyi yurd yerlərimizdən çoxsaylı reportajlar hazırlamışıq. Laçın rayonuna budəfəki səfərimiz isə tamamilə başqa ruhda idi.
Mayın 27-28-də Laçın rayonuna səfər edən Prezident İlham Əliyev Qorçu qəsəbəsinin və Şəlvə kəndinin təməlini qoyub, "Qorçu" və "Laçın" şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib. Dövlətimizin başçısının səfəri zamanı, həmçinin Zabux kəndində aparılan tikinti işləri, Laçın şəhərinin baş planı ilə, Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub, ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində, rayon ərazisində Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak edib. Günün ən mühüm hadisələrindən biri də Prezident İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim etməsi oldu. Beləliklə, 2023-cü il mayın 28-i - Müstəqillik Günü Laçın və laçınlılar üçün olduqca əlamətdar hadisələrlə yadda qaldı.
Odur ki, həm Laçındakı quruculuq işlərinin, qısa müddətdə baş verən dəyişikliklərin şahidi olmağa, həm də illərlə həsrət qaldıqları doğma yurd yerində yenidən məskən salmış laçınlılarla görüşməyə tələsirik.
Laçında quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır
Laçına daxil olduğumuz andan burada həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin yüksək zövq və keyfiyyətlə aparılması diqqətimizi çəkir.
Prezident İlham Əliyev mayın 28-də Laçına qayıdan əhali ilə görüşündə aparılan quruculuq işlərindən bəhs edərək deyib: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".
Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, "İşğal" və "Zəfər" muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş "15 dəqiqəlik şəhər" prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.
"31 il əvvəl ağlaya-ağlaya çıxdığımız Laçına gülə-gülə qayıtdıq"
Laçın şəhərinin küçələri ilə gəzərkən quruculuq işlərini əks etdirən mismar, çəkic və ağır texnikaların səsləri ilə yanaşı, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən doğma yurdlarına qayıtmış insanların danışıq və gülüş səslərini də eşidir, laçınlıların çöhrələrindəki xoşbəxtliyin şahidi oluruq. Uzun illərin həsrətindən sonra doğma torpaqlara qovuşmuş sakinlər həyətlərindən, evlərinin pəncərəsindən açılan mənzərələri vüqarla seyr edir, xəyalları, ən böyük arzuları həyata keçdiyi üçün şükranlıq edirlər. Rast gəldiyimiz hər bir insan bizimlə gülər üzlə salamlaşır, sanki sevinclərini bölüşməyə can atırdılar.