1993 -cü ilin iyununda xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin qarşısında dövlətçiliyin qorunması məqsədilə cəbhə bölgəsində hərbi uğursuzluqları aradan qaldırmaq, hayların qarşısını almaq, iqtisadi, siyasi, mənəvi və psixoloji cəhətdən ağır durumda olan bir ölkədə ordu quruculuğuna başlamaq kimi ağır vəzifələr dayanırdı. Regional sabitlik üçün silahlı qruplaşmaların zərərsizləşdirilməsi prosesi ordu quruculuğu ilə paralel aparılırdı. Bütün sahələrdə köklü islahatların aparılmasına ehtiyac yaranmışdı. Ölkədə vəziyyətin sabitləşməsinə nail olmadan xarici investorları cəlb etmək, iri neft şirkətləri ilə müqavilələr imzalamaq, iqtisadi böhran və tənəzzül mərhələsini adlamaq mümkün deyildi. Xaotik bir vəziyyətdə bütün məsələlərin icrasına başlayan ulu öndər Heydər Əliyev qısa müddətdə prioritet sahələrdə vəziyyəti sabitləşdirməyə nail oldu.
Görülən işlərin nəticəsi olaraq, 1993-cü ilin dekabr ayından etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu əks-hücum əməliyyatları keçirməyə başladı. Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini işğaldan azad etdi. Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər və Murovdağ istiqamətində hücumları istənilən nəticəni verməsə də, Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında bu istiqamətdə həyata keçirdiyi hava hücumu nəticəsində Ermənistan ordusunun əsas ehtiyat qüvvələri məhv edildi. Rusiyanın işə qarışması ilə atəşkəs prosesinə start verildi.
1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" mayın 12-də qüvvəyə mindikdən sonra cəbhə xəttində hərbi əməliyyatlar dayandırılmışdır. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə vermədi. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması oldu. Rusiyanın planına əsasən, Ermənistan və Azərbaycanın ölkə başçıları atəşkəs sazişinin ardınca hazırlanacaq "Böyük sülh sazişi"nə imza atmalı idilər. Mayın 19-da atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Qarabağ üzrə Daimi Komitəsi yaradıldı.
30 il ərzində işğal olunmuş ərazilərimizlə sərhəddə düşmən tərəfindən dəfələrlə atəşkəs pozulmuş, hər dəfə düşmən cavab atəşi ilə susdurulmuşdur. Lakin bu müddət ərzində Azərbaycan atəşkəsin dəfələrlə pozulması nəticəsində şəhidlər vermiş, dinc əhalimiz erməni təcavüzünə məruz qalmışdır. Son illərdə artıq vəziyyət daha da gərginləşmişdi. Belə ki, 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra ən şiddətli döyüş - 2016-cı ildə Aprel döyüşləri baş verdi. Azərbaycan ordusunun böyük zəfərinin başlanğıcı kimi bu döyüşlər tarixə düşdü. Bundan sonra Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in keçmiş Minsk qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər və bundan sonra isə Rusiya prezidentinin də iştirakı ilə Sankt-Peterburqda üçtərəfli danışıqlar başlandı. Azərbaycan danışıqlar masasına oturaraq bir daha sülhün tərəfdarı olduğunu bildirdi.
Aprel döyüşlərindən 4 il sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində şiddətli döyüşlər baş verdi. Belə ki, Ermənistan ordusu artilleriya, iriçaplı silahlar və minaatanlardan istifadə etməklə Tovuz rayonu istiqamətindəki mövqelərimizə hücum etdi. Azərbaycanın qüdrətli ordusu tərəfindən düşmənin xain hücumunun qarşısı alındı və işğalçılara ağır zərbə endirildi. Həmin döyüşlər zamanı 1 nəfər mülki vətəndaşımız həlak oldu, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də daxil olmaqla böyük şücaət göstərən 12 hərbçimiz şəhidlik zirvəsinə yüksəldi. Bu, bir daha sübut etdi ki, qüdrətli ordumuzun yüksəkrütbəli zabitləri əsgər arxasında gizlənmir, döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açdı. Bu döyüşlər şanlı qələbə üçün bir qığılcım rolunu oynadı.
Ermənistanın ölkəmizə qarşı 2020-ci il 27 sentyabrdan başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başladı. 44 günlük şanlı Vətən müharibəsi nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu bəyanat nəticəsində Kəlbəcər, Ağdam və Laçın Azərbaycana qaytarıldı. Qarabağ və ətraf ərazilərimizin hərbi-siyasi yolla qaytarılması Azərbaycanın həm diplomatik, həm də hərbi gücünü bütün dünyaya göstərmiş oldu.
Nurlan ABDALOV,
"Respublika".