Bir günə əldə edilən qələbə
Siyasət

Bir günə əldə edilən qələbə

Azərbaycan dövləti növbəti dəfə hərbi və diplomatik sferada qələbə qazandı. Buna əsasən deyə bilərik ki, Xankəndidəki separatçıların tərk-silah edilməsi ilə regionda yeni dövrün əsası qoyuldu. Bu günə qədər erməni əhalisindən "qalxan" kimi istifadə edən xunta rejimi diz çökdürüldü. Azərbaycan keçirdiyi antiterror tədbirləri nəticəsində qeyri-qanuni hərbi birləşmələrin ərazidən çıxarılmasını təmin etməklə öz haqq işini uğurla yekunlaşdırdı.

Erməni icması artıq Yevlaxda danışıqlar masasına oturacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Cənubi Qafqaz yeni dövrün astanasındadır və Azərbaycanın qətiyyətli mövqeyi proseslərin inkişafında əsas predmetdir.

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid ŞƏfiyev bildirdi ki, antiterror tədbirlərinin nəticəsi bütün regionun rifahına xidmət edir: "Burada ən əsas məsələ hüquqi çərçivə yaratmaqdır. Qərbin və digər qüvvələrin təsirindən asılı olmayaraq Azərbaycan hüquqi statusu Xankəndi üzərində artıq bərpa edir. Xüsusən də antiterror tədbirləri bunu reallığa çevirdi. Avropada da İkinci Dünya müharibəsindən sonra ilk növbədə hüquqi çərçivə yaradılması nəzərdən qaçmamalıdır. Bu proses ölkələrin ərazi bütövlüyü, iqtisadi, sosial və digər məsələləri reallığa çevirib. Bundan sonrakı prosesdə Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması gözləniləndir. O şərtlə ki, regionda sabitlik və rifah ön planda dayanacaq, Qarabağda olan bütün qeyri-qanuni strukturlar, institutlar ləğv olunacaq.

O ki qaldı taktiki addımlar, bir gün ərzində separatçıları tərk-silah etdirmək, bu, önəmli qələbədir. Məhz antiterror tədbirlərinin dayandırılması qarşılığında əldə edilən razılıqlar bunu deməyə əsas verir. Birmənalı olaraq hərbi birləşmələr oradan çıxarılacaq. Bu isə öz növbəsində regionun ümumi ab-havasını əsaslı olaraq dəyişəcək. Digər tərəfdən, bu məsələ reinteqrasiyaya da önəmli töhfə verəcək.  Orada kim qalmaq istəyirsə, ilk olaraq onların sosial təminat məsələləri həll ediləcək. Təbii ki, Azərbaycan qanunvericiliyinə tabe olmaq istəyən şəxslərdən söhbət gedir. Onların təhlükəsizliyi isə birbaşa Azərbaycan dövlətinin təminatı altında olacaq".

Nurlan ABDALOV,

"Respublika".