Vətən müharibəsində qazandığımız tarixi qələbə Azərbaycanın sarsılmaz gücünü, hərbi və siyasi mövqeyini dünyaya nümayiş etdirdi. 30 illik işğal müddətində ərazilərimiz erməni vandalizminə məruz qalıb. Torpaqlarımızda bütün infrastruktur məhv edilib, mədəni-tarixi abidələr dağıdılıb, ekologiyaya qarşı terror törədilib. Lakin böyük zəfərimizdən sonra regionda yeni reallıq yaranıb, respublikamızda Qarabağın və Şərqi Zəngəzurun bərpasını, inkişafını nəzərdə tutan, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə ləyaqətli qayıdışını təmin edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Böyük Qayıdışın təmin edilməsi məqsədilə tədbirlər görülür və sosial infrastruktur formalaşdırılır. Qarabağda həyat canlanmağa başlayır. Sakinlərin rahatlığının təmin edilməsi məqsədilə innovativ texnologiyanın tətbiqi istiqamətində mühüm işlər həyata keçirilir. İqtisadi, sosial və ekoloji cəhətdən səmərəli hesab edilən "Ağıllı kənd" və "ağıllı şəhər" modeli bunun bariz nümunəsidir. Bu gün Qarabağda innovativ informasiya və kommunikasiya texnologiyalarından, süni intellektdən və digər qabaqcıl texnologiyalardan geniş istifadə olunur. Eyni zamanda, birgə müəssisələr, klasterlər, texnoparklar, azad iqtisadi zonalar və s. yaradılır. Şərqi Zəngəzur iqtisadi rayonu isə əlvan metallurgiyanın inkişafı üçün böyük potensiala malikdir. Rayon həm də coğrafi mövqeyinə və tarixi abidələrinə görə turistik əhəmiyyət daşıyır. Məlum olduğu kimi, bu ərazidə İstisu, Minkənd kimi mineral bulaqlar və meşələr var ki, bu rayonun kurort məqsədləri üçün ideal bir məkan olduğunu təsdiqləyir.
Qarabağ və Şərqi Zəngəzurda görülən işlər, yenidənqurma layihələri dünyanın diqqət mərkəzindədir. Məhz buna görə də dünyanın müxtəlif yerlərindən beynəlxalq səyahətçilər qrupu işğaldan azad olunmuş ərazilərimizə səfər edirlər. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən iki ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Səfərlərin biri 2021-ci ildə, dördü isə 2022-ci ildə olub. Bu il isə İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi "Club 100" təşkilatının geniş heyəti işğaldan azad olunmuş Füzuli, Xocavənd, Ağdam və Zəngilan rayonlarında olublar. Qeyd edək ki, Zəngilan artıq üç ilə yaxındır yenidən qurulur. Bu günə kimi Ağalı kəndində 86 ailə olmaqla, 420 sakin doğma yurduna qovuşub. Ağalı kəndində 200 evin inşası başa çatdırılıb, uşaq bağçası, məktəb və bir neçə inzibati bina inşa edilib. Həmçinin kənddə daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi də planlaşdırılır. Bundan başqa, Zəngilan şəhərində və bir neçə kənddə yaşayış məhəllələrinin və digər infrastrukturun təməli qoyulub. Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərimizin böyük turizm potensialı var. Kəlbəcər dağları, istisu, təbii bulaqlar, Şuşanın tarixiliyini özündə əks etdirən yeni üslubda bərpası və digər ərazilərimizdəki turizm potensialı səyyahlar tərəfindən lentə alınıb və sosial şəbəkələrdə yayımlanıb. Səyyahların gəlişi həm də işğaldan azad olunmuş ərazilərimizin turizm potensialının dünyaya tanıdılması deməkdir.
Beynəlxalq səyahətçilər uzun illər işğal altında qalan torpaqlarımızda dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini və mədəni abidələrə baxış keçiriblər. Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, şəhərlərin, kəndlərin xarabalığa çevrilməsi xarici səyyahları dəhşətə gətirib. Onlar həmçinin işğaldan azad olunduqdan sonra torpaqlarımızda Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə də yaxından tanış olublar. Xarici qonaqlar həmin ərazilərin işğal zamanındakı vəziyyəti və işğaldan azad edildikdən sonra aparılan quruculuq işləri ilə tanış olmaqla, ermənilərin əsl üzünü görüblər. Füzuli rayonunda olan səyyah Stig Lindgren bildirib ki, Qarabağda minaları təmizləmək üçün ANAMA əməkdaşlarının özlərini riskə atmaları böyük fədakarlıqdır. Səyyah qeyd edib ki, Qarabağda gördüklərini, xüsusilə <