Bu, "Araz Vadisi İqtisadi Zonası"na investor marağını artırır
Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, regionda mövcud yeni reallıqlar və əməkdaşlıq imkanları beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları işğaldan azad edilmiş ərazilərimizə investor marağını da artırır.
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli fərmanı ilə yaradılıb. Fərmanda qeyd edilir ki, Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda - Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli olacaq. Məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Ekspertlər bildirirlər ki, burada yalnız kənd təsərrüfatı məhsulları deyil, eyni zamanda sənaye məhsulları istehsal ediləcək və mədənçıxarma məhsullarının emalı məsələləri də öz həllini tapacaq.
Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Sənaye Parkının logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. Park yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq. Zəngəzur dəhlizinin açılmasından sonra "Araz Vadisi İqtisadi Zonası"nın əhəmiyyəti bir qədər də artacaq. Cəbrayıl rayonunda yerləşən və 200 hektar ərazini əhatə edən Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Burada prioritet istiqamətlər kimi, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin təşkili müəyyənləşdirilib. Sənaye Parkında fəaliyyət göstərəcək işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə mobil şəhərcik salınıb. Ərazidə 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Parkın işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir.
"Araz Vadisi İqtisadi Zonası"nda rezidentlər üçün güzəştlər nəzərdə tutulub. Bu güzəştlər sırasında 10 il müddətinə mənfəət, yaxud əmlak, torpaq və gəlir vergisindən tamamilə azadolma birinci yeri tutur. Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 9,4 milyon manatdan çox investisiya yatırılıb. Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 5 sahibkarlıq subyekti rezident, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Bu layihələrin reallaşması nəticəsində ümumilikdə Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq, 6 layihəyə baxılır, 420-dən çox daimi iş yeri yaradılacaq. Mayın 4-də ölkə başçısı Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin tikintisi ilə tanış olub, "Holcim Azərbaycan" ASC-nin, "Az-Tex-Import" MMC-nin, "Improtex Qarabağ Sənaye Kompleksi" MMC-nin müəssisələrinin təməllərini qoyub.
İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm