Almaniyanın paytaxtı Berlin şəhərində Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti Endrü Parsons və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti, qurumun prezidentliyə namizədi İlqar Rəhimov arasında görüş keçirilib.
20 iyun Paralimpiya Koitəsindən bildirilir ki, görüş zamanı cari ilin iyun ayının 30-da Portuqaliyanın Fatima şəhərində IBSA-nın növbəti Baş Assambleya və orada baş tutacaq seçkilər ətrafında müzakirələr aparılıb. İlqar Rəhimov seçkilərdə IBSA-nın prezidentliyinə öz namizədliyinin irəli sürülməsi, eyni zamanda hazırladığı islahatlar paketi barədə məlumat verib. İ.Rəhimov bildirib ki, islahatlar IBSA-nın fəaliyyətinin daha da genişləndirilməsi, şəffaflığın təmin olunması, görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi ilə bağlı işlərin aparılması və digər istiqamətlərdə də nailiyyətlərin əldə edilməsi üçün önəmlidir.
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons İlqar Rəhimovun IBSA-da dayanıqlı inkişafı təmin etmək məqsədilə qurumda müxtəlif istiqamətlərdə bir sıra dəyişikliklər və yeniliklərin həyata keçirilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.
“Respublika”.