Bərabər seçkiqabağı təşviqat imkamları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinə həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Gündəm

Bərabər seçkiqabağı təşviqat imkamları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinə həsr olunan müşavirə keçirilib - YENİLƏNİB

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif istiqamətli maarifləndirmə layihələri intensiv şəkildə davam etməkdədir. 

"Respublika" xəbər verir ki, Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə yanvarın 11-də Bakı şəhərində bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları mövzusunda müşavirə keçirilib. Layihənin gerçəkləşdirilməsində başlıca məqsəd media subyektlərinin Prezident seçkilərindəki sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsindən ibarətdir. 

Tədbir Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov və Mətbuat Şurasının sədri Rəşad Məcidin açılış nitqləri ilə başlayıb. 

MSK sədri Məzahir Pənahov qeyd edib ki, KİV-in seçki prosesində mühüm rol oynayır. Bu baxımdan media subyektləri seçki prosesindəki çatışmazlıqları yaxından araşdırmalıdır. Lakin, sədr bunun təkcə mediadan asılı olmadığını da bildirib: "Seçkilər demokratiyanın əsas meyarı hesab olunur. Bu səbəbdən prosesə kənar müdaxilələr edilməyə çalışılması sirr deyil. Seçki prosesində hər kəs məsələlərə birinci vətəndaş instinkti ilə yanaşmalıdır. Vətən müharibəsindən sonra bir çox məsələlərin şahidi olduq. Hər birimiz bu məsələdə özümüzü məsuliyyətli tərəf kimi hiss etməli və ölkəmizə qarşı mənfi yanaşmaların qarşısının alınmasında əlimizdən gələni etməliyik."

Daha sonra Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edib. Ə.İsmayılov vurğulayıb ki, seçkilərin mediada işıqlandırılması üçün bütün imkanlar yaradıldığını bildirib. Növbədənkənar Prezident seçkiləri də ölkənin siyasi həyatında əlamətdar hadisə olmaqla yanaşı medianın öz peşəkarlıq səviyyəsini nümayiş etdirməsi, cəmiyyəti ictimai məzmunlu məlumatlarla dolğun formada və operativ qaydada təmin etməsi üçün əhəmiyyətli fürsətdir: “Seçkilərin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində son illər həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediasının peşəkarlıq səviyyəsi daha da yüksəlmiş, jurnalistikamız keyfiyyətli inkişaf mərhələsinə qədəm qoyub. Yeri gəlmişkən, dünən Prezident yerli televiziya kanllarımızın əməkdaşlarına verdiyi əhatəli və konseptual xarakterli müsahibəsində növbədənkənar Prezident seçkilərini zəruri edən amillərlə bağlı öz dəyərli fikirlərini bildirmiş, bu mərhələni dövlətçilik tariximizidə yeni dövrün başlanğıcı adlandırıb. Təbii ki, 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması yeni dövrün başlanğıcıdır. Prezident seçkiləri ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazisində keçiriləcəkdir. Dövlət başçımızın da vurğuladığı kimi, prezident seçkiləri dövlətçilik tariximizin yeni dövrünə, yeni inkişaf mərhələsinə xeyir-dua verəcəkdir”

Audiovizual Şuranın sədri İsmət Səttarov da öz növbəsində Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərinə əməl olunmasını nəzarətdə saxladığını və bundan da sonra eyni prosesim qorunub saxlanılacağını bildirib: "Seçkiqabağı təşviqat mərhələsi seçkiyə 23 gün qalmış başlayır və seçki gününə 24 saat qalmış bitir. Seçkiqabağı təşviqat mərhələsi ictimai yayımçının üzərinə düşür. İctimai yayımçı efirdə namizədlərə bərabər şərait yaradır və prezidentliyə namizədlərin İctimai Televiziyada pulsuz efir vaxtı almaq hüququ var.Pulsuz efir vaxtı namizədlər arasında bərabər şərtlərlə bölünür. İctimai yayımçı, həmçinin ödənişli efir üçün də ehtiyatda əlavə vaxt saxlamalıdır. Özəl yayımçılar isə seçkiqabağı təşviqat aparmaq məsələsində sərbəstdirlər. Onlar təşviqat aparmaqla bağlı istəklərini Mərkəzi Seçki Komissiyasına bildirməlidirlər. Audiovizual Şura audiovizual sahədə tənzimlənməni həyata keçirən dövlət orqanı olaraq, seçkiqabağı təşviqatla bağlı monitorinqlər həyata keçirir. Həmçinin Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin bütün tələblərinə əməl olunmasını daim nəzarətdə saxlayır.”

Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, media xalqın həyatında mühim rol oynayacaq 7 fevral seçkilərində yaxından iştirak edəcək: “Ölkənin siyasi və ictimai həyatında baş verən vacib hadisələrdə mediamız yaxından iştirak etməlidir. Hesab edirəm ki, 7 fevral da Azərbaycan tarixində əhəmiyyətli günlərdən biri olacaq. Biz bütün dünyaya göstərməliyik ki, Azərbaycan xalqı öz gələcəyinə biganə deyil və bu baxımdan Azərbaycan mediası da bu hadisələrdə öndə getməlidir”.

Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri “Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri”, “Ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində media subyektlərinin rol və vəzifələri” mövzularında çıxış ediblər.  

Təqdimatlar zamanı iştirakçılara, həmçinin seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, eləcə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü medianın rol və vəzifələri barədə də ətraflı məlumat verilib. 

Təşkilatçı qurumların rəhbərləri və təmsilçiləri ilə yanaşı, aparıcı media subyektlərinin rəhbərləri və nümayəndələrinin də iştirak etdiyi müşavirə mövzular ətrafında fikir mübadiləsi və sual doğuran məsələlərin müzakirəsindən sonra öz işini yekunlaşdırıb.