Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində mərkəzləşdirilmiş qaydada çoxşaxəli quruculuq işləri həyata keçirilir
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahının 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib. İclasda Qərargahın ötən 3 illik fəaliyyəti dövründə dövlətimizin başçısının verdiyi tapşırıqlara əsasən işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa-quruculuq layihələrinin həyata keçirildiyi, yeni şəhər və kəndlərin salınması istiqamətində işlərin sürətlə davam etdiyi diqqətə çatdırılıb...
Vətən müharibəsi başa çatdıqdan, üçtərəfli Bəyanat imzalandıqdan sonra işğaldan azad olunmuş ərazilərdə geniş bərpa-quruculuq işlərinə başlanıldı. Məqsəd keçmiş məcburi köçkünləri doğma el-obalarına tez bir zamanda qaytarmaqdan ibarətdir. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında Azərbaycan Prezidentinin 24 noyabr 2020-ci il tarixli Sərəncamı da buna xidmət edir.
Qərargahın elə ilk iclaslarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin Prezidentin daim diqqət mərkəzində olduğu vurğulanır, görülən işlərin öz doğma yurd-yuvalarına geri qayıdacaq vətəndaşlar üçün lazımi həyat şəraitinin yaradılmasını nəzərdə tutmaqla, dövlətimizin strateji inkişaf prioritetlərinə uyğun aparıldığı qeyd olunurdu.
2021-ci il iyulun 14-də Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə və Hərbi-mülki əlaqələndirmə məsələləri üzrə İşçi qruplarının birgə iclasında minatəmizləmə sahəsində gündəlikdə duran məsələlər, mülki əlaqələr üzrə qərarların qəbul edilməsi, həmçinin Prezident İlham Əliyev tərəfindən Qərargahın qarşısında qoyulan tapşırıqlar barədə fikir mübadiləsi aparılmış, bu cür iclasların işçi qrupların fəaliyyətinin daha səmərəli təşkilinə müsbət təsir etdiyi vurğulanmışdır.
Qərargah fəaliyyətə başladığı ilk günlərdən bölgənin ümumi planı, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin Baş planları ən qısa zamanda hazırlanmış, bu şəhərlərdə salınacaq yaşayış binalarının təməli qoyulmuş, həmin ərazilərin çoxsahəli potensialına uyğun olaraq bölgədə iqtisadi fəaliyyət bərpa olunmuş, sənaye zonalarının, istehsal obyektlərinin yaradılması, bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində konkret addımlar atılmışdır. Ağdam Sənaye Parkının, "Araz Vadisi İqtisadi zonası Sənaye Parkı"nın təməli qoyulmuş, buraya potensial rezident və investorların cəlb edilməsi məqsədilə sahibkarlar və dövlət qurumları ilə müvafiq iş aparılmışdır.
Kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində də səmərəli işlər görülmüşdür. Belə ki, taxıl əkini məqsədilə on minlərlə hektar ərazidə şumlama işləri aparılmış, bitkiçiliyin, heyvandarlığın, arıçılığın inkişafı üçün prioritet istiqamətlər müəyyənləşdirilmişdir. Bölgədə elektrik enerjisinin təminatı ilə bağlı ötən dövrdə lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində iş görülmüş, Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı yarımstansiyalarının tikintisi ən qısa zamanda başa çatdırılmışdır.
Dövlət başçısının 2022-ci il 7 iyul tarixli Fərmanına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmış və bundan sonra bərpa-quruculuq işləri daha geniş vüsət almışdır. Hazırda Qarabağda 11-dən çox müxtəlif istiqamətdə avtomobil yolları çəkilir ki, bunların da ümumi uzunluğu 700 kilometrdən çoxdur. Bölgədə tikilən hava limanları, çəkilən dəmir yolları vasitəsilə daşımalar həm əhalinin Qarabağa qayıdışına, həm də orada icra olunan iqtisadi layihələrin səmərəliliyinin artırılmasına xidmət edir.
Bölgədə həyata keçirilən bərpa-quruculuq işləri hər kəsdə qürur və məmnunluq duyğusu yaradır. İşlər planauyğun şəkildə, ciddi koordinativ formada aparılır. Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılan Əlaqələndirmə Qərargahı səmərəli və məqsədyönlü fəaliyyət göstərir. Onun nəzdindəki İdarələrarası Mərkəzin tabeliyində isə 10-dan çox işçi qrup var. Bu qruplar bərpa fəaliyyətinin bütün istiqamətlərini əhatə edir. Prezidentin imzaladığı digər "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" Fərman erməni vandallarının işğal zamanı xaraba qoyduqları yaşayış məntəqələrinin bərpası, sosial-iqtisadi dirçəlişi baxımından böyük əhəmiyyət kəsb edir. Həmin Fərmanla Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılıb. Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq həmin baş idarəyə həvalə edilib.
İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun üzvləri ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda, o cümlədən Laçın şəhəri, Zabux və Sus kəndləri ərazisində meşə və yaşıllıq sahəsinə vurulmuş ziyanın hesablanması, radioekoloji vəziyyətin öyrənilməsi, çaylardan su və dib çöküntüləri nümunələrinin götürülməsi məqsədilə monitorinqlər, Laçın və Kəlbəcər rayonları ərazisindəki filiz və qeyri-filiz mineral xammal yataqlarında təftiş və qiymətləndirmə işləri aparılmışdır. Qarabağ və Şərqi Zəngəzurda nadir və nəsli kəsilməkdə olan bitkilərin öyrənilməsi məqsədilə ekoloji ekspedisiyalar, nadir fauna növlərinin populyasiyalarının qiymətləndirilməsi məqsədilə monitorinqlər keçirilmişdir.
Onu da qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda təhsilin yenidən qurulması istiqamətində də iş görülür. Belə ki, işğal dövründə zərər görmüş təhsil ocaqları bərpa edilir, yeniləri tikilir. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla icra olunur. Zəngilanın Ağalı kəndi yenidən qurulmuş, öz sakinlərini qəbul etmişdir. Füzuliyə, Talış kəndinə, Laçına da keçmiş məcburi köçkünlər qayıtmışlar. Köç davam edir...
Bir sözlə, o yerlər cənnətə dönür, insan gördükcə fərəhlənir, köksü sinəsinə sığmır. Şair demiş: "Baxdıqca hüsnünə doymayır gözüm...".
Zümrüd QURBANQIZI,
"Respublika".