Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti Qoroxovaya küçəsi, 6 ünvanında yerləşən binanın qarşısına gəlib. Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Ali Məktəbinin binası qarşısında Ümummilli Lider Heydər Əliyevin barelyefi ziyarət olunub, dahi rəhbərin əziz xatirəsi yad edilib.
İyunun 15-də Baş prokuror Kamran Əliyev ilə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı Kamran Əliyev rusiyalı həmkarına səfərə dəvətə görə təşəkkürünü bildirib. Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın sürətli inkişafı barədə məlumat verib.
Rusiyanın Baş prokuroru bu ilin sentyabr ayında Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Baş prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasına dəvətə görə təşəkkürünü bildirərək tədbirin yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilməklə gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Baş prokurorlar Azərbaycan Respublikasının Baş Prokurorluğu və Rusiya Federasiyasının Baş Prokurorluğu arasında 2024-2025-ci illəri əhatə edən Əməkdaşlıq Proqramını imzalayıblar.
Həmçinin, iyunun 16-da Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları arasında 2021-ci ildən etibarən sayca 5-ci üçtərəfli görüş keçirilib.
Rusiyanın Baş prokuroru İqor Krasnov həmkarlarına Azərbaycan və erməni xalqlarının ümumi rifahı naminə regionda sülh və sabitliyə nail olmağa yönəlmiş konstruktiv qarşılıqlı əməkdaşlıq və səylərinə görə təşəkkür edib.
Bundan başqa, üçtərəfli formatın səmərəliliyi qeyd edilməklə regionda qanunun aliliyinin və hüquq qaydasının möhkəmləndirilməsi məqsədilə tərəflərin gördüyü işlər müsbət dəyərləndirilib.
Kamran Əliyev Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata tam şəkildə riayət olunduğunu bildirərək mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının, eyni zamanda ətraf mühitin qorunmasında əhəmiyyətini diqqətə çatdırılmaqla bu sahədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd edib.
Baş prokuror bu ilin aprel ayında Naxçıvanda hərbi qulluq keçən iki əsgərimizin əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşərək Ermənistanın hərbçiləri tərəfindən əsir götürüldüyünü, onlara qarşı saxta sübutlarla cinayət təqibi aparıldığını, habelə iyunun 15-də Ermənistan silahlı qüvvələri tərəfindən terror-təxribat-provokasiya əməllərini növbəti dəfə davam etdirilməklə müxtəlif çaplı odlu silahlardan ölkəmizin suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən "Laçın" sərhəd-nəzarət məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən DSX-nın hərbi qulluqçularına atəşlərin açıldığını, nəticədə 1 nəfər hərbi qulluqçumuzun yaralandığını diqqətə çatdıraraq, bu kimi təxribat xarakterli addımların bölgədə sülhün bərqərar olunmasına maneə olduğunu bildirib.
Görüşdə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə əməkdaşlıq məsələləri müzakirə edilməklə gələcəkdə gərginliyə səbəb ola biləcək halların qarşısının alınması üçün preventiv tədbirlərin gücləndirilməsi ilə bağlı əldə olunan razılaşmanı bir daha dəstəkləyiblər.
Ülvi QARAYEV,
“Respublika”.