Vaxtilə əhalisinin 90 faizini Azərbaycan türkləri təşkil edən bugünkü Ermənistanda hayların sayı çox az idi. Zaman-zaman bu qədim Oğuz ellərinə müxtəlif ölkələrdə köçəri halında yaşayan ermənilər axışıb gəlib. Qərbi Azərbaycanın bərəkətli ərazilərindən hesab olunan, türklərin çal-çağırlı məskənlərindən biri olan Barana (keçmiş Noyemberyan) rayonunda erməni vandallarının həmişə gözü olub. Fürsət axtarıblar ki, burada yaşayan azərbaycanlıları ata-baba yurdundan sıxışdırıb çıxarsınlar.
Barana rayonunun Azərbaycan əhalisi ayrı-ayrı dövrlərdə hayların nankorluğu ilə üzləşmiş, ermənilər tərəfindən qırğınlara məruz qalmışlar. Çünki xaç qardaşları olan çar Rusiyası həmişə özünü "yazıq", "zavallı" kimi qələmə verən ermənilərə arxa-dayaq olmuş, yeri düşəndə ermənilərdən bir alət tək istifadə etmişdir.
Barana rayonu 1920-1991-ci illərdə Ermənistan SSR-in tərkibində inzibati rayon olmuşdur. Ərazisi əvvəllər Allahverdi (Tumanyan) rayonunun tərkibində idi. Rayonun mərkəzi Barana kəndi olub. Kəndin adı 1938-ci il yanvarın 4-də dəyişdirilərək Noyemberyan qoyulub. Azərbaycanlılar buna ciddi etiraz edərək İrəvan şəhərinə şikayət məktubları və teleqramalar göndəriblər. Bunun isə heç bir nəticəsi olmayıb. Çünki azərbaycanlı kəndlərinin erməniləşməsi birbaşa mərkəzdən, faşist xislətli erməni "başbilənləri" tərəfindən həyata keçirilirdi. Barana 1971-ci ildən şəhər tipli qəsəbə olmuşdur.
Rayon Ermənistan SSR-in Allahverdi, Azərbaycan SSR-in Qazax və Gürcüstan SSR-in Marneuli rayonları ilə həmsərhəd idi. Əhalisi 31,2 min nəfər olmuşdur. Rayonun indiki ərazisinin bir hissəsi Gəncə quberniyasının Qazax qəzasına, bir hissəsi isə Tiflis quberniyasının Borçalı qəzasının Borçalı nahiyəsinə daxil olmuşdur.
Vurğulamaq lazımdır ki, Barana rayonunun ərazisində həmişə türklər yaşamışdır. Bu ərazilər 1921-ci ilin sonlarında Ermənistan SSR-in tərkibinə qatıldıqdan sonra ermənilər tədricən burada məskunlaşmağa başlamışlar. Xüsusilə 1948-1950-ci illərdə Misirdən, Suriyadan, Livandan və başqa ərəb ölkələrindən, eyni zamanda Ermənistan SSR-in və Gürcüstan SSR-in dağlıq rayonlarından çoxlu sayda ermənilər köçürülərək yeni yaradılmış kəndlərin ərazilərində yerləşdirilmişlər.
Rayonun türklər yaşayan kəndlərində kolxozlar ləğv edildi və sovxozlar yaradıldı. Bu sovxozlarda ermənilər üstünlük təşkil edirdilər. Yerli əhali olan azərbaycanlılar isə tədricən sıxışdırıldılar. Əlbəttə, bu cür haqsızlıq erməni rəhbərlərinin, xüsusilə hayları türklərə qarşı amansız olmağa səsləyən keşişlərin tövsiyəsi, qəddarlığı ilə həyata keçirilirdi.
Barana rayonunun ərazisindəki Ləmbəli və Yuxarı Körpülü kəndlərinin əhalisinin bir hissəsi ermənilərin millətçilik ideologiyası nəticəsində 1948-1950-ci illərdə deportasiyaya məruz qaldı. Ləmbəlililər Göyçə mahalının Basarkeçər rayonunun Zod və Ağkilsə kəndlərinə, Yuxarı Körpülülər isə Qazax rayonuna köçürüldülər. Bu, bir daha təsdiq edirdi ki, İ.Stalin ermənilərə dəstək verir, onların bir sözünü iki eləmirdi.
Ləmbəlilər Zod kəndində böyük hörmətlə qarşılandılar. Kəndin sayılıb-seçilən ziyalılarından olan Bəhram Qamanov hər bir ləmbəliliyə atalıq qayğısı göstərdi. Şəxsən özü tərəddüd etmədən Ləmbəli tək böyük bir mahalın əhalisi ilə qohumluq əlaqəsi yaratdı. Bir sözlə, ləmbəlililər Zod kəndinin əhalisi ilə qaynayıb-qarışdı.
Ləmbəlililər doğma yurdlarından çıxarılıb Göyçə mahalına köçürülmələri ilə barışmadılar. Çox keçmədən onlar yenidən yurd yerlərinə qayıtdılar, Barana rayonundakı kəndlərini dirçəltdilər, barlı-bəhrəli bir məkana çevirdilər. İnsanların həyat tərzi tədricən yaxşılaşdı. Ancaq hiss olunurdu ki, ermənilərin qanına hopmuş xəyanətkarlıq, türkçülüyə nifrət yenidən baş qaldıracaq. Barana rayonundan köçmüş Yuxarı körpülülülər də doğma yurd yerlərinə döndülər, əhalinin bir hissəsi isə Qazaxda qaldı.
Barana rayonunun azərbaycanlıları çox vaxt ermənilərin qərəzli hərəkətləri ilə üzləşirdilər. Rayonda gənc azərbaycanlı kadrların işlə təmin olunmasına laqeyd münasibət göstərilirdi.
1988-ci ildə "əzabkeş" ermənilər yenidənqurmanın qanadları altına sığınaraq Azərbaycan xalqına qarşı mənfur daşnak siyasətinin ən qəddar mərhələsini həyata keçirdilər. Həmin ilin fevralından noyabr ayına qədər Ermənistandakı azərbaycanlılar çox böyük amansızlıqla üzləşdilər, sonuncu nəfərə qədər min illər boyu yaşadıqları torpaqları zülmlə tərk etdilər. Beləliklə, son 100 ildə indiki Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlının qəddarlıqla qovulub çıxarılması prosesi başa çatdı. Köçürülmə dövründə Barana rayonunun əhalisi ermənilər tərəfindən ağır təzyiqlərə məruz qaldı. Var-dövlətləri haylar tərəfindən dağıdıldı.
Artıq 36 ildir ki, bütün Qərbi azərbaycanlılar kimi Barana rayonunun sakinləri də yurd həsrəti ilə yaşayırlar. Bu məqsədlə, Qərbi Azərbaycan İcması təqdirəlayiq işlər həyata keçirir. Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmaları, onların hüquqlarının qorunması üçün dünya ictimaiyyətinə müraciətlər edir.
Şübhəsiz ki, haqq, ədalət zəfər çalacaq, köç karvanları Barananın füsunkar guşələrinə də dönəcək, Ləmbəli, Yuxarı Körpülü, Balakənd, Dostlu, Əskipara, Qalaca, Quruçay və digər kəndlərdə soydaşlarımızın çal-çağırlı günləri başlayacaq. "Dibet" çayının ayna suları durulacaq, atlas geyimli dağlarda "Cəngi" səslənəcəkdir...
Qədir ASLAN,
"Respublika".