Bayram tədbirində Tatarıstanın Rəisi Rüstəm Minnixanov iştirak edib
Bakı Dənizkənarı Bulvarının ərazisində Sabantuy tatar milli bayramı qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Bu il bayram Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Qonaqlar əvvəlcə Dənizkənarı Bulvarın ərazisində yaradılmış tematik guşələrlə tanış olublar.
Sonra Azərbaycanın və Tatarıstanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim edilib.
Bayram bayrağını Qarabağ müharibəsi qazisi Rasim Yaxin və "Yaşlek" Tatar Gənclər Mərkəzinin sədri Diaz Əhmədcanov qaldırıblar.
Qonaqları salamlayan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: "Rüstəm Nurqaliyeviç, Sizi salamlamaq və bu gün Bakıda keçirilən tədbir ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin ən xoş arzularını və təbriklərini çatdırmaq mənim üçün böyük şərəfdir. Azərbaycan ilə Rusiyanı sıx əlaqələr birləşdirir. Vurğulamaq istədiyim məqamlardan biri ondan ibarətdir ki, Rusiya və Azərbaycan beynəlmiləl dövlətlərdir. Bakıda tatar diasporunun fəaliyyəti həmin dostluğun, sülh şəraitində yaşamağın, inkişaf və tərəqqinin parlaq nümunəsidir".
Nazir Tatarıstanın Rəisi R.Minnixanovun azad olunmuş ərazilərə dünənki səfərinə toxunub: "Siz dünən Azərbaycan Respublikasının Prezidenti ilə birlikdə Zəngilan və Cəbrayılda oldunuz. Tatarıstan kompaniyalarının da azad olunmuş ərazilərin bərpasında bizə kömək edəcəyi heç də təsadüfi deyil. Siz iqtisadiyyata və təsərrüfata yaxşı bələd olan dövlət xadiminə xas olan çox qiymətli təcrübənizlə həyata keçiriləcək vəzifələrin və işlərin tam həcmini gördünüz. Heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həm iqtisadiyyatın bərpası, həm də bizim qaçqınların və məcburi köçkünlərin tez bir zamanda öz doğma yurdlarına qayıtması üzrə vəzifələr yerinə yetiriləcək".
M.Cabbarov dəfələrlə Tatarıstana səfər etdiyini və bu respublikanın sosial-iqtisadi inkişafının nəticələri ilə əyani şəkildə tanış olduğunu qeyd edərək əlavə edib ki, Tatarıstan bir çox sosial-iqtisadi göstəricilərə görə Rusiya Federasiyasının subyektləri arasında liderdir.
Nazir çıxışının sonunda deyib: "Bugünkü tədbir də Azərbaycanda bütün ilboyu olduğu kimi, dövlətçiliyin və Azərbaycanın müasir simasının rəmzi olan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Heydər Əliyev İli" çərçivəsində keçirilir. Heydər Əliyevin Mintimer Şaymiyev ilə xüsusi münasibətləri Azərbaycan ilə Tatarıstan arasında münasibətlərin təməlini qoyub. Onu da qeyd etmək istərdim ki, bu gün Siz İlham Heydər oğlu ilə birlikdə hamıya dostluq və qarşılıqlı əməkdaşlıq örnəyi nümayiş etdirirsiniz".
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vurğulayıb ki, Tatarıstanın Rəisi Rüstəm Minnixanovun Azərbaycana səfəri ölkəmiz üçün çox mühüm hadisədir. O deyib: "Tatarıstanın Rəisi azad olunmuş ərazilərdə bizim tariximizin faciəli səhifələrinin canlı şahidi oldu. Biz Sizin dəstəyinizi hiss edirik. Buna görə Sizə minnətdaram. Bizim Tatarıstanla qardaşlığımız Rusiya ilə müttəfiqlik əlaqələrimizin tərkib hissəsidir. Çox şadıq ki, bu gün Tatarıstanda belə gözəl hadisələr baş verir. Elə bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri ilə birlikdə Kazana səfər etdik və tatar xalqının nailiyyətlərinin şahidi olduq, həmçinin sizin gözəl paytaxtınızı gördük".
P.Bülbüloğlu vurğulayıb ki, Azərbaycanda Sabantuyun bayram edilməsi ənənəvi xarakter daşıyır. O əlavə edib ki, bayram bu gün daha böyük məna kəsb edir, çünki Tatarıstanın Rəisinin iştirakı ilə keçirilir.
Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov bildirib ki, gözəl və qardaş şəhər olan Bakıda olmaq onun üçün böyük şərəfdir: "Biz bu gün təkcə belə böyük bayram olan Sabantuyu qeyd etmirik, həm də çox gözəl insan Heydər Əliyevin xatirəsinə ehtiramımızı ifadə edirik. O, Sovet İttifaqının inkişafına böyük