AZƏRTAC və Konfutsi İnstitutu yeni birgə layihələr həyata keçirməyi planlaşdırır.
Bununla bağlı danışıqlar AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev ilə Konfutsi İnstitutunun direktoru Vang Haoqiang arasında keçirilən görüşdə aparılıb.
AZƏRTAC və Konfutsi İnstitutu 8 ilə yaxındır əməkdaşlıq edir. İnstitutun müəllimləri agentliyin əməkdaşları üçün Çin dili dərsləri keçir və onları Çin mədəniyyəti ilə tanış edirlər. Bundan əlavə, agentlik institutun ölkə üzrə keçirilən tədbirlərinə mütəmadi olaraq informasiya dəstəyi göstərir. Söhbət zamanı vurğulanıb ki, yaxın tərəfdaşlıq əlaqələrinin əsasında iki ölkə arasında daim inkişaf etməkdə olan sıx dostluq münasibətləri dayanır.
AZƏRTAC və Konfutsi İnstitutu bu il Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə rəsm müsabiqəsi və sərgi təşkil edib. Danışıqların yekunu olaraq birgə layihələrin və Çin dili dərslərinin gələn il də davam etdirilməsi barədə razılıq əldə olunub.
Görüşdə, həmçinin institutun müəllimi Zeng Chunxiao iştirak edib.