Martın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Migel Angel Moratinos Azərbaycanda dinlərarası və sivilizasiyalararası dialoqa verilən əhəmiyyəti, habelə bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. Azərbaycan tərəfindən bu xüsusda atılan addımların əlamətdar və nümunəvi olduğunu bildirib. Özünün Azərbaycana müxtəlif vaxtlarda səfərlərini xatırlayan Migel Angel Moratinos Azərbaycana son səfəri zamanı işğaldan azad olunmuş əraziləri ziyarət etdiyini və oradakı dağıntıları öz gözləri ilə gördüyünü vurğulayıb. Azərbaycan ilə əməkdaşlığın növbəti mərhələdə möhkəmləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xətti ilə "Peace for Culture"nin təşəbbüsü çərçivəsində addımların atıldığını bildirən Migel Angel Moratinos, yaxın gələcəkdə anlaşma memorandumunun imzalanacağı və bu xüsusda Nyu-Yorkda xüsusi tədbirin keçiriləcəyini qeyd edib.
Sonra çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda ənənəvi olaraq çoxmillətli və müxtəlif dinlərə məxsus insanların sülh şəraitində yaşadığını bildirib. Azərbaycanın multikulturalizm ənənələri haqda ətraflı məlumat verən nazir, multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu qeyd edib. Eyni zamanda, C.Bayramov Azərbaycanın münaqişənin təsirinə məruz qalan ərazilərində yaşayan erməni əsilli vətəndaşların bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlarını təmin edərək onları yenidən öz siyasi, sosial, iqtisadi məkanına reinteqrasiya etmək üçün addımlar atmaqda qətiyyətli olduğunu bildirib.
Post münaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə mədəni irsin mühafizə və bərpası istiqamətində atılan addımlara toxunan nazir, bu xüsusda işğaldan azad olunmuş ərazilərdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni irs nümunələrinin qorunması, bərpası, habelə restavrasiyası istiqamətində beynəlxalq ekspert və qurumlarla əməkdaşlıq edildiyini diqqətə çatdırıb, həmçinin bunun Azərbaycanın sözügedən prosesdə nə qədər şəffaf və açıq olduğunu göstərdiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
AZƏRTAC