Azərbaycanın qlobal təşəbbüsləri
Siyasət

Azərbaycanın qlobal təşəbbüsləri

Ölkəmiz daha bir mötəbər tədbirə evsahibliyi etdi

"Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündəki çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq edir: "Mənim dəvətimlə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq".

Azərbaycan daha bir mötəbər tədbirə evsahibliyi etdi. Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA həftəsi, noyabrın 24-də isə SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçirildi. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak etdilər. BMT-nin Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) keçid dövrünü yaşayan Mərkəzi Asiya ölkələri ilə BMT-nin birgə tədbiridir. Proqramın əsas məqsədi və fəaliyyət istiqamətləri 26 mart 1998-ci ildə qəbul olunmuş Daşkənd Bəyannaməsində öz əksini tapıb. Azərbaycan 28-29 noyabr 2002-ci ildə Bişkek şəhərində keçirilmiş Regional Məşvərət Komitəsinin 4-cü sessiyasında Proqrama üzv qəbul edilib. Bu il SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir və növbəti il üçün sədrlik Azərbaycandan Tacikistana ötürülüb. Növbəti 19-cu SPECA sammiti gələn il Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.

Tarixi hadisəyə çevrilən Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı mühüm məqamlarla yadda qaldı. SPECA regionda mövcud olan, istifadə edilməmiş böyük iqtisadi potensialı, zəngin təbii ehtiyatları və regional əməkdaşlığı inkişaf etdirmək, həmçinin regionun Avropa və Asiya bazarları ilə gələcək əməkdaşlığı üçün bu imkanlardan birgə istifadə üzrə güclü siyasi iradəni ortaya qoyur. Regionumuz ticari-iqtisadi, sənaye, investisiya, innovasiya və nəqliyyat sahələrində əlaqələrin inkişafı üçün böyük potensiala malikdir. Mütəxəssis təhlillərindən də göründüyü kimi, qlobal böhrana baxmayaraq, iqtisadiyyatlarımız davamlı inkişaf edir.

1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstan Proqrama üzv ölkələrdir. Bu ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Azərbaycan xüsusilə son illərdə üzv ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir.

Qeyd edək ki, BMT-nin himayəsi altında SPECA Etimad Fondunun təsis olunması təqdirəlayiq addım hesab edilir. Azərbaycan bu Fonda 3,5 milyon ABŞ dolları ayıracaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir. İnfrastrukturun inkişafı hər bir dövlətin iqtisadiyyatının inkişafı deməkdir. Eyni zamanda əlavə iş yerlərinin açılması, ölkəyə maliyyə axınının artması həm də dövlətlərin təhlükəsizliyinin qorunmasına xidmət edir. Ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da təxminən 200 milyardı qeyri-enerji sektorunun payına düşür. Özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyan Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin ölkəmizin ərazisindən keçən hissələri tam hazırdır, dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işlər davam edir. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Habelə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edən Azərbaycan faydalı əməkdaşlıq formatını irəli sürüb.

Bütün bu təşəbbüslərin reallaşması təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək. Qeyd etmək lazımdır ki, respublikamız ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib. Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir. Ölkəmizin bərpaolunan enerji potensialını quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. İşğaldan azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək. Bundan başqa, ölkəmiz yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Belə ki, dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib.

SPECA Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın hərtərəfli və dinamik inkişafının göstəricisidir. SPECA-nın üzvü olan dövlətlər sıx əməkdaşlıq nəticəsində uğurlu regional model təqdim edirlər. Bu, həmçinin Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid siyasi, iqtisadi və geosiyasi bir məkanı ifadə etmələrinin bariz təzahürü, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək əzminin nümunəsidir. Zirvə görüşündə həm siyasi, həm ticari-iqtisadi, həm də mədəni-humanitar məsələlər, o cümlədən "yaşıl enerji" layihəsi və Qara dənizin dibi ilə elektrik kabelin çəkilməsi, logistika məsələləri, nəqliyyat dəhlizi, bu istiqamətdə yeni layihələrin başlanması da diqqət mərkəzində olub. Vacib məsələlərdən biri də bu ilin sonuna genişləndirilməsinin başa çatdırılması gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Dost və tərəfdaş ölkələrin dəstəyi ilə Anakliya limanının tikintisi də başa çatdıqdan sonra regionun iqtisadi cəhətdən potensialı daha da artacaq.

Regional əməkdaşlıq qlobal inkişafa təkan verir, həm də təhlükəsizliyin təmin olunmasına şərait yaradır ki, Azərbaycan da bu istiqamətdə aparıcı yerlərdən birini tutur. Ümumiyyətlə, Zirvə görüşündə müzakirə olunan məsələlər təkcə regionumuz deyil, dünya ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün yekununda Orta Dəhlizin rəqəmsallaşması üçün yol xəritəsi və Bakı Bəyannaməsi qəbul olunub.

Mustafa KAMAL,

"Respublika".