"Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib".
Bu sözləri Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib. Dövlət başçısı bu fikirləri də işğaldan azad olunan yaşayış məntəqələri arasında Şuşaya böyük önəm verdiyini göstərir. Bu da təsadüfi deyil. Çünki bir vaxtlar "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi", "Şərqin Konservatoriyası" adlandırılan bu şəhər Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Qarabağın baş tacı olub. Əslində, Şuşa Azərbaycanın təkcə mədəniyyət paytaxtı yox, həm də ləyaqət paytaxtı imiş. Və biz bu həqiqəti Şuşanı itirəndən sonra anlamışdıq. Əlimizdə imkan olsaydı, 28 ilin hər 8 mayında yaddaşımızı silib yenidən yazar, ya da təqvimdən 8 may tarixini pozardıq. İşğal altında olduğu 28 il 6 ay ərzində biz Şuşanı heç vaxt unutmadıq. Ali Baş Komandan İlham Əliyevin "Şuşasız işimiz yarımçıq olar" sözləri də bunun bariz göstəricisi idi.
Şuşa ilə döyünən ürəyimiz dünyanı mat qoyan misilsiz hərbi əməliyyat ilə birləşəndə isə doğma diyarın düşmən işğalından azad olunması reallığa çevrildi. Azərbaycan əsgəri dağlar, dərələr, meşələr keçərək, onlarla kilometr yolu piyada qət edib, müqəddəs şəhərini dişinə qədər silahlanmış düşməndən texnikasız, yüngül silahlarla, süngü-bıçaqla azad etdi. İndi qabaqcıl ölkələrin hərbi akademiyaları təkcə Şuşanın azad edilməsini deyil, bütünlükdə 44 günlük "Dəmir yumruq" əməliyyatını, Azərbaycanın yeni nəsil müharibə strategiyasını və taktikasını öyrənir. Amma yəqin ki, Şuşa əməliyyatının detallarını sona qədər heç bir əcnəbi anlamayacaq. Çünki dağın başında yerləşən bir şəhəri almaq üçün əvvəlcə onun müqəddəsliyinə canınla, qanınla inanmalısan, onu öz ləyaqətin saymalısan. Uşaqlıqdan bəri Şuşa nisgili, vətən həsrəti ilə böyüyən igid oğullarımız da 28 il 6 ay davam edən Şuşa həsrətinə canı-qanı bahasına son qoydu. Amma Şuşa elə bir zirvə idi ki, azad olunduğuna da inana bilmirdik. Yadımıza salaq, digər rayon, şəhər və kəndlərimiz azad olunmamışdan əvvəl də artıq bizim nəzarətimizə keçməsi barədə xəbərlər asanlıqla və sürətlə yayılırdı. Şuşa isə yeganə şəhər idi ki, dövlət başçımız elan etdikdən sonra belə bu, bizə yuxu kimi gəlirdi. Demək ki, qəhrəman şəhid və qazilərimiz mümkünsüzü mümkün etmişdilər.
"Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq... Mən bu gün eyni zamanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdik!".
Bir qədər keçmişə gedək. 8 may 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyanın Cıdır düzündə sərxoş halda yallı getməsi bütün azərbaycanlıların heysiyyətinə birbaşa toxunmaq idi. Həmin günlərdə sosial şəbəkələrdə azərbaycanlılar, hətta iqtidara loyal münasibət bəsləyən ictimai-siyasi xadimlər belə hökumətdən bununla bağlı sərt addımlar atılmasını tələb edirdilər. Yalnız Vətən müharibəsi başlayandan sonra hamı gördü ki, bu xoşagəlməz olay ən çox İlham Əliyevi sarsıdıb və ölkə başçımız düşmən ölkənin baş nazirinə bunu heç vaxt bağışlamayıb. Sadəcə, layiqli cavabı vermək üçün tarixi məqamın yetişməsini gözləməklə də yox, o məqamı yetişdirməklə məşğul imiş.
O tarixi an yetişdi, Şuşamızı azad etdik. Prezident ilk günlərdən Şuşada infrastrukturun yaradılması prosesinin başlanmasına göstəriş verdi. İşğaldan azad edildikdən sonra qısa müddətdə Şuşanın Baş Planı hazırlandı, qüdrətli şair Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarıldı, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəyovun heykəlinin açılışı oldu. Eləcə də, ərazi bütövlüyümüz, milli qürurumuz, milli ləyaqətimiz və mənəviyyatımız kimi "Xarıbülbül" festivalı yenidən təşkil olundu. Azərbaycanın mədəniyyət paytaxtı yenə doğmalarını, qonaqlarını qarşıladı. 12 may 2021-ci il tarixində doğma Şuşada illər əvvəl olduğu kimi, Qarabağ şikəstəsi eşidildi. Bununla da, illər sonra "Xarıbülbül" festivalına start verildi.
Bu gün azad Şuşa dirçəlir, sürətlə bərpa olunur. Böyük iqtisadi, turizm potensialına malik olan qədim şəhərin bərpası üzrə nəhəng layihələr gerçəkləşdirilir, bütün zəruri addımlar atılır. Qarabağın tacı Şuşa bundan sonra Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verəcək. Hər birimiz əminik ki, yenə İsa bulağı, Cıdır düzü öz məclisləri ilə göz oxşayacaq, Şuşa şairlərimizin, yazıçılarımızın ədəbi-bədii tədbirlərinin keçirildiyi məkana çevriləcək. Bu əminliyin səbəbini bir kiçik xatırlatma ilə izah etmək olar. 2 il öncə bir şuşalı bir qubalını Şuşanın azad olunması münasibətilə təbrik edirdi. Bu bilirsiniz nəyi göstərir? Deməli, Şuşa elə Azərbaycanın özüdür. Azad Şuşa, şəhər günün, xoş növrağın, yenidən dirçəlişin mübarək!
Jalə QASIMZADƏ,
"Respublika".