Azərbaycanın güclü xarici investoru - BP
İqtisadiyyat

Azərbaycanın güclü xarici investoru - BP

Azərbaycanın sosial-iqtisadi sahədə son illərdə əldə etdiyi nailiyyətlər göz önündədir. Bir çox nüfuzlu maliyyə qurumları tərəfindən də bu, etiraf edilir. Hazırda Azərbaycan beynəlxalq arenada öz yeri, çəkisi olan etibarlı tərəfdaşdır. Ölkəmizin region və ətraf ölkələrlə bağladığı iqtisadi-siyasi sazişlər, bölgədən keçən və qonşu dövlətlərlə ölkəmizi birləşdirən dəhlizlər xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizi ilə yanaşı, qaz dəhlizlərinin mövcud olması, böyük şirkətlərlə əməkdaşlığın qurulması, ikitərəfli və daha çoxtərəfli bəyanatların imzalanması Azərbaycanın gücünü daha da artırır. Bu gün bir çox beynəlxalq layihələr, nəqliyyat dəhlizləri Azərbaycandan keçir.

Uzun əməkdaşlıq tarixi olan şirkətlərdən biri də British Petroleumdur (BP). İlk dəfə 1992-ci ilin iyun ayında Azərbaycana gələn şirkət paytaxt Bakıda öz ofisini açıb. Ötən illər ərzində ölkəmiz və tərəfdaşlarımızla olan əlaqələr çərçivəsində BP-nin əməliyyatçısı olduğu dünya səviyyəli layihələr Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) Xəzər dənizini müasir karbohidrogen bölgəsinə çevrilməklə onun inkişafına töhfə verib. Şirkətin Azərbaycanda mövcudluğu bir çox mənada ölkəmizə müsbət təsir göstərib. Belə ki, BP hazırda ölkəmizdəki ən böyük xarici investorlardandır. Həmçinin iqtisadiyyatın güclənməsi, yeni əhəmiyyətli gəlir axınının təmin edilməsi, dənizdə karbohidrogen hasilatı sektoruna əsasən müasir texnologiyaların inkişaf etdirilməsi, dünyanın ən müasir neft və qaz emalı qurğularından birinin inşa edilməsi, dünya səviyyəli tikinti və istehsal obyektlərinin yaranması və Azərbaycanın digər ölkələrlə yeni kommersiya əlaqələrinin qurulmasını özünə prioritet seçib.

BP şirkəti AÇG, Şahdəniz Mərhələ 1 və Mərhələ 2, yeni işlənmə və kəşfiyyat layihələrinin əməliyyatçısıdır.

Şahdəniz qaz-kondensat yatağı 1999-cu ildə kəşf edilib. Yatağın mövcudluğu nəticəsində AÇG yatağının sonrakı mərhələdə işlənməsi, AYDH, Şəfəq-Asiman, D230 və digər potensial layihələri uğurla həyata keçirilməsi üçün bu unikal təcrübə və biliklərə söykənilib. Yataqlar böyük ixrac sistemi vasitəsilə birbaşa olaraq yerli və beynəlxalq bazarlar ilə birləşdirilib. Həmçinin bu cür ixrac sisteminə beynəlxalq arenada quruda yerləşən ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalı ilə birləşdirilmiş mürəkkəb sualtı boru kəməri infrastrukturu, Qara dənizdə və Aralıq dənizində ixrac sistemlərinə qoşulmuş, ümumilikdə 3300 kilometr uzunluğa malik üç ixrac boru kəməri daxildir. Qeyd edək ki, 2006-cı ildə ilk qaz hasilatından başlayaraq 2021-ci ilin birinci rübünün sonunadək Şahdəniz yatağından 164 milyard kubmetr qaz, 1997-ci ildə ilk neft hasilatından başlayaraq hazırkı vaxtadək AÇG-dən 4.1 milyard barel neft hasil olunub.

2021-ci ildən başlayaraq BP ilə ölkəmiz arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Belə ki, iyunun 3-də Energetika Nazirliyi və BP Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar. Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonasının yaradılması, Azərbaycanın bərpaolunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35%-dək azaltmaq öhdəliyinin, BP-nin isə 2050-ci ilədək "xalis sıfır emissiya"lı şirkətə çevrilmək strategiyasının icrası aiddir. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, Azərbaycan hökuməti ilə bu sazişi imzalamaqla şirkətin öz müvafiq enerji keçidi hədəflərini dəstəkləyən imkana doğru birgə işimizdə irəli addım atmış oluruq: "Növbəti onillik ərzində BP dünya üzrə bərpaolunan enerji işlənməsinə qoyduğu sərmayəni əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir və artıq uzunmüddətli və uğurlu tərəfdaşlıq qurduğu yerlərdə bu yönümdə yaranan imkanları araşdırır. Azərbaycanda bizim otuz ilə yaxın enerji layihələrini təhlükəsiz və etibarlı şəkildə həyata keçirmək təcrübəmiz var. Düşünürük ki, günəş enerjisi layihəsi imkanı üzrə başladığımız birgə iş yeni bir tərəfdaşlıq sahəsinə yol aça bilər və bu yeni tərəfdaşlıq çərçivəsində bp Azərbaycanda enerji keçidinə mühüm töhfələr verə bilər".

İcra Müqaviləsi çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.

Qeyd edək ki, şirkət ölkəmizlə təkcə iqtisadi sahədə yox, həm də təhsil cəhətdən də əməkdaşlıq edir. Belə ki, 2013-cü ildə imzalanan sənədə əsasən, BP şirkəti Bakı Ali Neft Məktəbinin tələbələrini özünün müxtəlif proqramlarına, təşəbbüslərinə və təkmilləşdirmə fəaliyyətlərinə cəlb etmək, habelə bu təhsil müəssisəsində biznes yönümlü mühazirələr keçirmək barədə öhdəlik götürüb. Şübhəsiz ki, bu əməkdaşlıq dövlətimiz tərəfindən yüksək səviyyədə qiymətləndirilir. Ötən gün ölkə başçımız BP şirkətinin İdarə Heyətinin sədri Helqe Land, BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braunu qəbul edib. Görüşdə Prezident İlham Əliyev uzun illər BP şirkətinin rəhbəri olan Lord Con Filip Braunun iştirakını yüksək qiymətləndirərək, Azərbaycan ilə şirkət arasında həyata keçirilən uzunmüddətli sıx, səmərəli və strateji əməkdaşlığın tarixinə, investorlar və investisiya qoyulan ölkə arasında olan əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirib və bu əməkdaşlığın qarşılıqlı inam, etimad və faydaya əsaslandığını məmnunluqla bildirib. Həmçinin toplantı çərçivəsində BP şirkətinin Azərbaycanda neft-qaz və enerji sahələrində gələcək layihələrdə də maraqlı olduğu, yeni sərmayə qoyuluşu imkanları müzakirə edilib, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, elə həmin gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ilə keçirilən görüşdə BP-nin ölkəmizdəki səmərəli fəaliyyətindən, SOCAR ilə BP arasında uzunmüddətli uğurlu əməkdaşlıqdan bəhs edilib. Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"nin Azərbaycanın yeni enerji strategiyasının əsasını qoyduğu, ölkəmiz ilə yanaşı, regionun iqtisadi inkişafına mühüm töhfə verdiyi bildirilib.

Hər iki şirkət arasında enerji layihələri üzrə mövcud əməkdaşlıq imkanları müzakirə edilib, insan kapitalı sahəsində təcrübə mübadilələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".