KƏMƏRLƏRİBeynəlxalq miqyasda yaşanan enerji qıtlığı fonunda dövlətimizin apardığı siyasət və düşünülmüş strategiya uğurla həyata keçirilir
Azərbaycan Respublikasının yeni neft strategiyasının nailiyyətləri haqqında danışarkən qeyd etmək lazımdır ki, ölkəmiz beynəlxalq neft şirkətləri və korporasiyaları, işgüzar dairələr tərəfindən böyük investisiya qoyuluşları hesabına dünya enerji bazarında neft-qaz layihələrində mühüm amilə çevrilmişdir. Ümumiyyətlə, "Əsrin müqaviləsi" imzalanandan bu günədək 25-dən çox xarici neft şirkəti ilə müqavilələr imzalanmışdır. Bu sazişlər nəticəsində Azərbaycanın neft-qaz sənayesinə 65 milyard dollara yaxın sərmayə qoyuluşu nəzərdə tutulurdu ki, bu da ölkənin bir çox sahələrdə gələcək inkişafının real təminatıdır. Azərbaycana məxsus karbohidrogen ehtiyatlarının bir neçə marşrut üzrə dünya bazarlarına sərbəst və sürətli ixracını təmin etmək üçün boru kəmərlərinin uğurla tikintisi və istismarı xüsusi əhəmiyyət kəsb edir. Xəzər dənizinin Azərbaycan sektorundan hasil edilən neft son dövrlər üç marşrut üzrə ixrac edilir: Bakı-Novorossiysk (Rusiya Federasiyasının Qara dəniz sahilində Novorossiysk şəhəri vasitəsilə); Bakı-Supsa (Gürcüstanın Supsa limanı vasitəsilə) və Bakı-Tbilisi-Ceyhan (Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan isə Aralıq dənizi vasitəsilə Avropa bazarlarına). İlkin neft layihəsinin həyata keçirilməsi və onun dünya bazarına çıxarılması "Azəri", "Çıraq" və "Günəşli" yataqlarında işlərin intensivləşməsinə, o cümlədən Azərbaycanda karbohidrogen ehtiyatlarının işlənməsinə, yeni investisiyaların cəlb edilməsinə səbəb olub.
Qlobal miqyasda 733 milyon insan elektrik enerjisindən istifadə edə bilmir və 2,4 milyard insan hələ də sağlamlıqlarına və ətraf mühitə zərərli yanacaqlardan istifadə edir.
Mütəxəssislər bildirir ki, hazırkı tərəqqi tempində 2030-cu ilə qədər dünya tamamilə yaşıl enerji ilə təmin edilməyəcək. Bərpaolunan enerji mənbələri ölkələrə iqlim dəyişikliyinin təsirlərini azaltmağa, qiymət dəyişkənliyinə qarşı dayanıqlılığı artırmağa və enerji xərclərini azaltmağa kömək edə bilər. Bununla belə, yaxın 20 ildə dünya bazarında ənənəvi enerji mənbələrinin (neft, qaz və kömür) üstünlük təşkil edəcəyi, əsas enerji tələbatının ABŞ və Avropa İttifaqı (Aİ) ölkələrindən Asiya bazarlarına yönələcəyi gözlənilir. Qlobal elektrik enerjisi istehsalı bazarının bu müddət ərzində təxminən iki dəfə artacağı və təchizatın 75 faizdən çoxunu təşkil edəcəyi proqnozlaşdırılır.
Beynəlxalq Enerji Agentliyi (IEA) xəbərdarlıq edir ki, 2040-cı ilə qədər qlobal enerji tələbatı 37 faiz artacaq.
Son iki ildə enerji qiymətlərindəki artım 1973-cü il neft böhranından sonra ən böyük artım olub. Dünya Bankının əmtəə bazarlarına baxış hesabatına görə, əmtəə bazarları Ukraynadakı müharibədən ağır zərbə alıb. Bununla yanaşı, qeyd edilməlidir ki, Rusiya ilə Ukrayna arasında yaranmış vəziyyət qazın fasiləsiz tədarükü məsələsini yenidən gündəmə gətirib. Müharibə dünya iqtisadi sisteminə və enerji təchizatına böyük təsir göstərdi. Ukrayna böhranı və Rusiyaya qarşı bir sıra sərt iqtisadi, maliyyə və enerji sanksiyaları qlobal enerji sisteminə, sözün əsl mənasında, meydan oxuyub.
COVID-19 pandemiyasından sonra gündəmdə olan yeni dünya nizamı əvəzinə indi hər kəs yeni qlobal enerji böhranı haqqında düşünür. Sanksiyalar, Qərb treyderlərinin təmkinliliyi və bəzi ölkələrin enerji şantajı nəticəsində neft nominal ifadədə təxminən 4,5 dəfə bahalaşıb. Bu cür yüksək qiymətlərin nəticəsi artıq göz qabağındadır. Əgər əvvəllər Rusiya Avropanın qaz tələbatının 40 faizə qədərini təmin edirdisə, 2021-ci ildə bu pay bir qədər azalaraq 35 faizə düşüb, indi isə 25 faizdən də azdır.
Qlobal neft tələbinin 2023-cü ildə pandemiyadan əvvəlki səviyyələri keçərək gündəlik 101,6 milyon barrelə çatacağı proqnozlaşdırılır. Dünyada enerji qıtlığı fonunda baş verənlərə baxmayaraq, Azərbaycanın enerji strategiyası uğurla inkişaf edir. Bu gün Azərbaycan enerji resurslarının ixracatçısıdır. Ölkəmiz Avropaya, xüsusilə İtaliyaya, həmçinin Türkiyə, Gürcüstan və İsrailə qaz ixrac edir.