Müasir dünyanın arid və semiarid regionlarında yaranmış ekocoğrafi problemlərin, o cümlədən həyati zəruriyyət kəsb edən şirin su ehtiyatlarının çatışmazlığı bütün bəşəriyyəti düşündürür. Dünya əhalisinin 40 faizindən çoxu gündəlik şirin suya olan ehtiyacını normal təmin edə bilmir. Yəni demək olar ki, artıq dünyada şirin su problemləri qlobal coğrafi məsələyə çevrilmişdir və onun həlli yalnız dünya ictimaiyyətinin birgə səyi sayəsində mümkündür. Hər şeydən əvvəl məlumdur ki, coğrafi-təbii ehtiyatlar sırasında şirin su bərpaolunan sərvətdir. Ona görə onun səmərəli istifadəsinin inteqrasiyası və idarə olunması mühüm şərtdir. Bu baxımdan su ehtiyatlarının səmərəli idarə olunması bilavasitə BMT-nin 2030-cu il üzrə çoxillik planına daxil olunmuşdur.
Bir neçə il əvvəl Azərbaycan ən az şirin su ehtiyatına sahib olan ölkələr siyahısına daxil edilmişdir. Yeri gəlmişkən, paytaxtımızın əsas içməli su mənbəyi Ceyranbatan Su Anbarı hesab olunur. Bu anbarın su ehtiyatı 186 milyon kubmetrdir. Hazırda Azərbaycanda şirin su ehtiyatının yarıdan çoxu tranzit çayların hesabına formalaşır. Yalnız cüzi hissəsi, yəni 10 kubmetri öz daxili çaylarımızın payına düşür. Abşeron yarımadasında və Aran bölgəsində isə içməli suya ehtiyacımız gündən-günə çoxalır.
Bu gün respublikamızda böyük həcmli su anbarlarında, xüsusilə Mingəçevir, Şəmkir, Yenikənd, Sərsəng, Ceyranbatan, Ağstafaçay və s. su qovşaqlarında ekocoğrafi problemlərin yaranması tendensiyası davam edir. Bu su qovşaqlarının ümumi sahəsi 1000 kvadratkilometrdən çoxdur, onlar respublikamızın 1,2 faizdən çoxunu əhatə edir. Bu anbarların ətraflarında indi yeni formalaşmış arid dağ vadiləri şəraitində hidroloji, geomorfoloji və landşaft dəyişiklikləri aydın görünür. Deməli, iri su anbarlarının özlərində təbii olaraq müasir landşaftların struktur-ərazi transformasiyasına güclü təsir göstərir. Məsələn, Mingəçevir Su Anbarının Qanıx körfəzində hazırda 400 hektarlarla yeni kolluqların yaranmasına səbəb olmuşdur. Və yaxud "Araz" su qovşağında min hektarlarla sahədə torpaqların bataqlaşması, öz növbəsində, özünün aqroistehsal dəyərini itirmişdir.
Bildiyimiz kimi, Azərbaycan coğrafiyasının 60 faizdən çox hissəsini arid və semiarid xarakterli landşaftlar təşkil edir. Son zamanlar kompleks landşaft tədqiqatlarının nəticələri təsdiq edir ki, respublikamızın bəzi arid meyilli sahələrində səhralaşma prosesinin dinamikası getdikcə güclənir. Lakin bu ərazilərdə yaşayan insanların aqroistehsal, daha doğrusu, yaşayış fəaliyyəti bilavasitə şirin su ehtiyatı ilə bağlıdır. Məsələn, respublikamızın Kür-Araz ovalığında və yaxud Qarabağın düzənlik sahələrində kənd məskənlərinin və aqrolandşaftların lokallaşdığı əsas sahələrdir. Həmçinin, Kür, Araz çayları və onlara tökülən çaylar boyunca uzanan ərazilər Azərbaycanda magistral suvarma kanalları (Yuxarı Şirvan, Yuxarı Qarabağ, Baş Mil və s.) boyunca məhsuldar aqroirriqasiya landşaft komplekslərinə də rast gəlinir. Bu baxımdan şirin su və yaxud su mənbələrində yaranan qısamüddətli problemlər insanların bütün həyati fəaliyyətlərində ciddi narahatlıqlar yaradır.
Coğrafiya İnstitutu əməkdaşlarının son illərdə apardığı coğrafi monitorinqlər bu barədəki fikirlərimizi təcrübi cəhətdən əsaslandırır. Onların müşahidələri göstərir ki, Kür çayında suyun səviyyəsi 2020-ci ilin isti iyun ayında, yəni ilin isti dövründə şirin suya olan tələbatın artacağının gözlənildiyi bir zamanda kəskin şəkildə aşağı düşmüşdür. Nəticədə 2020-ci ilin iyun ayında Kür çayı deltasının dəniz sahilində çay yatağı boyunca axının əksinə olaraq Neftçalaya qədər şor su hərəkət etmişdir.
Yenə də 2020-ci ilin müşahidələrinə əsasən müəyyən olundu ki, Araz çayı yatağının sulu hissəsi normal vəziyyətindən təxminən 5 dəfədən çox kiçilmişdir. Hətta yatağın axın olan hissəsində suyun dərinliyi ən yaxşı halda 80-100 sm-ə çatır. Əlbəttə, çay yatağında baş vermiş dövrü səviyyə tərəddüdləri istər-istəməz onun çevrəsindəki müasir landşaftların və yaxud ekosistemlərin genetik cəhətdən transformasiyasına səbəb olur. Nəticədə bu kimi təbii hadisələr öz növbəsində landşaftların növ daxili