Cəmiyyət şəxsiyyətlərlə toplumun, cəmiyyət üzvlərinin sintezidir. Toplumu arxasınca apara bilən bir şəxs böyük şəxsiyyətə çevrilməklə proseslərin ideya müəllifi və hərəkətverici qüvvəsi olur. Lakin ən gözəl, mütərəqqi ideya da özlüyündə hələ ictimai tərəqqi üçün kifayət deyildir. İdeyanın gerçəkləşməsi əsas şərtdir. Amerika filosofu R.Emersonun: “İdeyalar yaxşı və güclü insanların əqli və qüvvəsi ilə həyata keçməlidir, yoxsa o, xəyaldan başqa bir şey olmayacaqdır” fikiri bunu bir daha təsdiq edir.
Cəmiyyəti bir piramidaya bənzətsək, alt müstəvilərini hadisələr, maddi həyat, zirvəsini isə müəyyən ideya səviyyəsi kimi təsvir etmək olar. İdeyadan başqa maddi heç nə olmayan bu zirvədən aşağıya ideyalar gəlir. Məhz böyük şəxsiyyətlər başqalarından fərqlənərək mövcud ictimai münasibətlərin, mühitin məhdudlaşdırıcı baryerini keçməklə cəmiyyətdən ayrılaraq onun fövqünə yüksəlir.
Hərəkət dialektikasından hamımıza məlumdur ki, inkişaf fərqdən yaranır, yəni müxtəlifliyin vəhdətindən doğur, ictimai inkişafın səviyyəsi isə əsasən identik olan əksəriyyətin deyil, daha çox liderlərin, şəxsiyyətlərin, fərqlənənlərin səviyyəsindən asılıdır. Çünki eyni səviyyədə, tamamilə identik adekvat biliklərə malik olanlar bir-birini inkişaf etdirə bilməz. Sadə dillə desək, cəmiyyətin inkişafı üçün kimsə irəli çıxmalı, zirvəyə qalxmaqla tərəqqi yoluna işıq salmalıdır. Bu səbəbdən də ictimai tərəqqi fərqlənənlərin qalxdığı yüksəkliyin potensial enerjisi ilə müəyyən olunur.
Cəmiyyətin sosial ideala doğru hərəkətə gətirilə bilməsi üçün toplumun şəxsiyyətə, liderə inam bəsləməsinə nail olmaq yetərlidir. Yenə də əsas vəzifə şəxsiyyətin üzərinə düşür. İnamı qazana və ya doğrulda bilməyən şəxsiyyətləri isə tərki-dünyalıq və ya tənhalığın acı faciəsi gözləyir (yaxın və uzaq tarixə nəzər salın). Beləliklə, tam əminliklə demək olar ki, cəmiyyəti inkişaf etdirən şəxsiyyətlərdir.
Cəmiyyətin mükəmməl bir mexanizm kimi işləməsi üçün müxtəliflik əsas amildir. Hamının bilik və bacarıqları eyni olduqda real əmək bölgüsü obyektiv olmadığından təkamül prosesi baş verə bilməz. Ümumiyyətlə, cəmiyyətin, toplumların inkişafı üçün müxtəlif istiqamətlərdə ixtisaslaşan insanların məqsədyönlü kombinasiyasından böyük miqyaslı işlər görməyə qadir ictimai mexanizmlər hazırlanmalıdır. Belə olduqda sivilizasiyanın özü belə hərəkətverici qüvvəyə malik olmuş olur.
Ekstraordinar qərarlar dövrü
Ötən əsrin 90-cı illərinin əvvəlindən Azərbaycanda yeni cəmiyyət və müstəqil dövlət quruculuğu başladı. Azərbaycan müstəqil dövlət quruculuğu prosesinə elə bir tarixi, ictimai-siyasi şəraitdə qədəm qoydu ki, sosial həyatın, iqtisadiyyatın, maddi və mənəvi mədəniyyətin bütün sahələrində standart inkişaf qanunauyğunluqlarına söykənərək fəaliyyət göstərmək kifayət etmirdi. Azərbaycan eyni vaxtda bir neçə istiqamətdə keçid dövrünü yaşadı:
- Tam müstəqil dövlətçiliyə keçid, yəni bərabərhüquqlu dövlətlərarası münasibətlər sisteminə daxil olma;
- Yeni ictimai-iqtisadi sistemə keçid, yəni dövlət mülkiyyəti münasibətlərindən xüsusi mülkiyyət münasibətlərinə, bazar iqtisadiyyatına başlama;
- Ateist dünyagörüşündən həqiqi vicdan azadlığına keçid, yəni kosmopolit mənəviyyatdan milli və dini dəyərlərə qayıtma;
- Totalitar cəmiyyətdən demokratik cəmiyyətə keçid, yəni söz azadlığı, çoxpartiyalılıq, plüralizm dövrünə qədəm qoyma.
Cəmiyyətin yeni dəyişikliklərə hazır olmadığı vaxtda və mürəkkəb şəraitdə düzgün yol seçmək həqiqətən çox çətin idi. Çünki bir tərəfdən, yeni iqtisadi-siyasi formasiyaya keçiddən qaynaqlanan müasir ictimai münasibətlər sisteminə keçid, digər tərəfdən, milli özünüdərk və milli dövlətçilik mənafeləri qorumaq istiqamətində gedən proseslər situasiyanın standartdan kənar olduğunu təsdiq edən ən mühüm əlamətlər idi. Belə bir şəraitdə Azərbaycanın həm qlobal proseslərin tələblərinə uyğun, həm də regional və lokal hadisələrin inkişafından irəli gələn milli dövlətçilik ənənələrini saxlaya bilməsi üçün şablondankənar təfəkkür tələb edən ekstraordinar qərarlar qəbul edilməli idi. Lakin müstəqilliyin ilk illərində kütlə dalğasının təsirindən dövlətin sükanı naşı əllərə keçdi