Azərbaycan xalqı çox qədim və zəngin tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, dünya sivilizasiyasına dəyərli töhfələr bəxş etmişdir. Azad, müstəqil yaşamaq bütün dövrlərdə xalqımızın ümdə arzusu, məqsədi olmuşdur.
XX əsrin əvvəllərində Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, milli dövlətçilik tariximizdə olduqca mühüm yer tutur.
1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan müstəqilliyini bərpa etmiş və tarixin sərt sınaqları ilə üz-üzə qalmışdır. O vaxt hakimiyyətdə olan naşı, təcrübəsiz şəxslərin səhvləri üzündən ölkəni xaos, anarxiya, dərin böhran bürümüşdü. Azərbaycan siyasi-ideoloji təxribatların poliqonuna çevrilmiş, xarici və daxili düşmənlər tərəfindən etnik separatçılıq, regionçuluq meyilləri güclənmiş, ölkə vətəndaş müharibəsi həddinə gətirilmişdi. Dövlətin və dövlətçiliyin təməl prinsipləri kökündən sarsılmış, gənc, müstəqil respublikamızın başı üstünü suverenliyini, milli dövlətçiliyini itirmək qorxusu almışdı.
Dünyaşöhrətli görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli xahişi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı fəlakətlərdən, məhvolma təhlükəsindən xilas etdi. Qısa vaxtda ölkədə hökm sürən dərin siyasi, iqtisadi, hərbi, mənəvi böhranın qarşısı alındı. Bütün sahələrdə inkişafa, tərəqqiyə yönəlmiş ardıcıl, məqsədyönlü islahatlar aparıldı, müstəqil Azərbaycanda yeni inkişaf mərhələsinin əsası qoyuldu. Heydər Əliyev xalqımızın əsrlər boyu həsrətini çəkdiyi müstəqil dövlətçilik arzusunu tam reallaşdırdı.
Təsadüfi deyildir ki, siyasi leksikonumuza daxil olmuş "Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qurucusu və memarıdır", "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" ifadələrini tez-tez qürurla, fəxarətlə işlədirik.
Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, sarsılmaz siyasi iradəsi, titanik fəaliyyəti sayəsində Azərbaycan ictimai-siyasi, iqtisadi, milli-mənəvi, mədəni, sosial və digər sahələrdə dinamik inkişafa, tərəqqiyə nail olmuşdur. Ulu öndər ölkəmizdə yaşayan bütün xalqlara, milli azlıqlara xüsusi qayğı ilə yanaşır, etnik əlvanlığı dövlətimizin tarixi-siyasi nailiyyəti hesab edirdi. Azərbaycan dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq burada yaşayan bütün millət və xalqların Vətənidir, - deyirdi.
Heydər Əliyevin misilsiz xidmətləri, yenilməz vətənpərvərliyi, milli-mənəvi dəyərlərimizə sonsuz bağlılığı onu xalqımızın idealına, müstəqil Azərbaycanın rəmzinə çevirmişdir. Böyük öndər dünya azərbaycanlılarını ümummilli ideya, vahid məqsəd ətrafında birləşdirməklə müstəqil Azərbaycanın milli ideologiyasının əsasını qoymuşdur. Ümummilli lider bu barədə demişdir: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımız üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşmişik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".
Əbədiyaşar liderimiz fəaliyyətinin bütün dövrlərində azərbaycançılıq prinsipini rəhbər tutmuşdur. Ulu öndər hələ sovetlər dönəmində xalqımızın milli mənlik hissinin yüksəldilməsində, milli özünədərkin formalaşmasında, azərbaycançılığın inkişafında müstəsna xidmətlər göstərmişdir. Sovet rejiminin sərt qadağalarına, Moskvanın müqavimətinə baxmayaraq, Heydər Əliyev 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi maddənin (73-cü maddə) salınmasına nail olmuşdur. Bunun o vaxt nə demək olduğunu yaşlı nəslin nümayəndələri yaxşı bilirlər.
Ulu öndər 1995-ci ildə müsahibələrinin birində demişdir: "Milli mənliyim məni həmişə bütün çətin vəziyyətdən çıxarıb. Milli mənliyimə görə mən istədiyim yolla gedə bilmişəm, istədiyimə nail ola bilmişəm və xalqıma xidmət edə bilmişəm. Ona görə milli mənliyimizi gərək itirməyək".
Həyat elə gətirdi ki, 1995-ci ildə qəbul edilmiş