Təbii fəlakətlə əlaqədar yardım kampaniyaları davam edir
Lənkəran
Lənkəranlılar hər gün yardım toplanan məntəqələrə qış geyimləri, gödəkcə, yun corab, əlcək, yorğan-döşək, çoxlu ərzaq, meyvə, qida məhsulları gətirirlər. Şəxsi vəsaiti ilə yardım edənlər də az deyil. Onlardan biri ilə yaxından tanış oluruq: Hacı Mirzə Səfərov. 87 yaşlı ağsaqqal Lənkəran rayonunun Göyşaban kəndində yaşayır.
Kənddə hörmətli, nüfuzlu, xeyirxah insan kimi tanınır. İki övladı, nəvə-nəticələri vardır. Ömür-gün yoldaşı dünyasını dəyişəndən sonra tək yaşayır. Ayda 321 manat pensiya alır. Pensiyasından 100 manat ayırıb Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara ianə edib.
- Ömrümün ixtiyar çağlarını yaşayıram. Zəlzələdə həlak olanları hər gün xatırlayır, ruhlarına "Yasin" surəsini oxuyub dualar edirəm.
Rayonun idarə, müəssisə və təşkilatları, özəl qurumlar, iş adamları, sadə insanlar qida məhsulları, isti geyimlər, qızdırıcılar, məişət əşyaları və digər zəruri avadanlıqları yardım toplanan məntəqələrə gətirirlər. Son üç gün ərzində yığılan yardımlar maşınlara yüklənib Bakı şəhərinə yola salınıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən dəyəri 50 min manat olan 15 ton Lənkəran düyüsü və 1 ton Lənkəran çayı zəlzələdən zərərçəkmiş Kahramanmaraş şəhərinə göndərilib.
Masallı
Masallıda Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərərçəkmiş insanlara humanitar yardım davam edir. Bu məqsədlə rayonda yaradılmış məntəqələrin sayı 4-ə çatdırılıb.
Artıq bir həftədir ki, məntəqələrə yardım gətirənlərin ardı-arası kəsilmir. Zəlzələdən əziyyət çəkənlər üçün isti geyimlər, xalçalar, yataq dəstləri, elektrik generatorları, qızdırıcı sobalar, uşaqlara vacib olan ləvazimatlar, qida məhsulları, eyni zamanda müxtəlif məbləğlərdə pul vəsaitləri toplanır.
Yığılan yardımlar könüllülər tərəfindən çeşidlənib qablaşdırılır və iritutumlu maşınlara yüklənir. İndiyə kimi 7 maşın humanitar yardım Türkiyə Respublikasına göndərilmək üçün Bakı şəhərinə yola salınıb.
Astara
Respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da humanitar yardım ardıcıl, davamlı şəkildə həyata keçirilir. Rayonun bütün yaşayış məntəqələri humanitar aksiyaya qoşulub.
Ucqar dağlıq ərazidə yerləşən Hamoşam kəndinin sakinləri öz əlləri ilə toxuduqları xalça, yun corab, əlcək, yorğan-döşək, isti geyimləri zəlzələdən zərərçəkən insanlar üçün Türkiyəyə göndəriblər.
Bu günlərdə ümumi çəkisi 4 ton olan 7 növ ərzaq və məişət əşyalarından ibarət yük maşını Astara rayonundan yola salınıb. Astaralılar türk qardaşlarının dərdinə, kədərinə dərindən şərik olur, güclü zəlzələ nəticəsində həlak olan insanlara Allahdan rəhmət diləyir, yaralıların tezliklə sağalmasını arzulayırlar.
Lerik
Rayonda humanitar aksiyaya hamı elliklə qoşulub. İnsanlar könüllü şəkildə uşaqlar və böyüklər üçün isti geyimlər, xalça və palazlar, qızdırıcı sobalar, generator, çadır, məişət əşyaları və ərzaq məhsullarını məntəqələrə təhvil verirlər. Bu günlərdə ilk yardım maşını Türkiyəyə yola salınıb.
Rayonun nümunəvi turizm ocaqlarından olan "Təbəssüm" istirahət mərkəzinin rəhbəri Akif Əliyev istirahət mərkəzində üç ay müddətində təmənnasız olaraq 30 məktəb yaşlı uşağı və 7 ailəni yerləşdirib onlara yüksək səviyyədə xidmət göstəriləcəyini bildirib.
Lerik Rayon İcra Hakimiyyəti tərəfindən 30 min manat dəyərində konservləşdirilmiş ət, lobya, çay və digər qida məhsulları Türkiyəyə yola salınıb. İnsanların şəxsi təşəbbüsü ilə yardımlar davam edir.
Sabirabad
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Türkiyədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qardaş ölkəyə genişmiqyaslı yardım kampaniyası davam edir.
Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması və xəsarət alması hər bir vətəndaşımız