Kəlbəcər: Zəngin flora və faunaya malik təbiət muzeyi
Region

Kəlbəcər: Zəngin flora və faunaya malik təbiət muzeyi

Bu gün heç getmədiyim, görmədiyim yurdumun dilbər guşəsindən söhbət açacam, əsrarəngiz diyar Kəlbəcəri oxuduqlarıma, eşitdiklərimə əsasən tərənnüm edəcəm.

Etimologiyası, tarixi və relyefi

Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri meydana gəlib. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarları qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub.

Kəlbəcər Ermənistanla sərhəd rayondur. Şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə əhatə olunub. Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Ən hündür zirvələri Camışdağ (3724 m) və Dəlidağda (3616 m) yerləşir. Rayonda əsasən dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır. Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu, Turşsudur. Kəlbəcər rayonu axar çaylarla zəngindir. Onlardan ən böyüyü Tərtərçaydır. Məşhur İstisu kurortu Tərtərçayın yuxarı axın hissəsində yerləşir.

Faydalı qazıntıları və təsərrüfat həyatı

Kəlbəcər rayonu özünün zəngin filiz və qeyri-filiz faydalı qazıntıları ilə seçilir. Azərbaycan geoloqlarının səyi nəticəsində burada bir sıra qızıl (Söyüdlü, Ağduzdağ, Zərqulu, Ağzıbir, Qızlitən, Qazıxanlı, Qalaboynu və s.), xromit, volfram, mis, molibden, qurğuşun, sink, civə, sürmə, mərgümüş, asbest yarımqiymətli və məmulat daşları (nefritoidlər, jadeit, mərmər oniksi, irizasiyalı obsidian, qranatlar), mineral boyalar, perlit, üzlük daş, travertin, listvenit, müxtəlif cür tuf yataqları aşkar edilib. Bu yataqlardan Söyüdlü və Ağduzdağ yataqları sənaye əhəmiyyəti daşıyır ki, onların bazasında Kəlbəcər rayonunda qızıl sənayesi təşkil etmək olar.

Bu ulu insan məskəninin istər daş-qayası, istər torpağı, suyu, istərsə də havası loğmandır. Ümumilikdə, Kəlbəcər ərazisində 2 mindən artıq bitki növü mövcuddur. Onlardan 200-ə qədəri dərman bitkisi hesab olunur və dərman bolluğunun olmadığı dövrlərdə rayon əhalisi bu bitkilərlə müxtəlif xəstəliklərin müalicəsinə, xəstələrin şəfa tapmasına nail ola biliblər.

XX əsrin yetmişinci illərində Azərbaycanda başlanmış sosial-iqtisadi, mədəni inkişafın dalğaları ucqar dağ rayonlarının da həyatında öz əksini tapmağa basladı. Xüsusilə əvvəllər, elə o dövrün özündə də bəzi dairələrdə perspektivsiz rayon kimi qiymətləndirilən, hətta əhalisinin aran rayonlarına köçürülməsi və yalnız yaylaq məqsədilə istifadə olunması məsləhət bilinən Kəlbəcər üçün bu inkişaf misilsiz əhəmiyyətə malik idi. Çünki hələ 50-ci illərdən ermənilərin və onların Moskva və Bakıdakı havadarlarının, çox da uzağı görmək bacarığı olmayan respublikanın bəzi rəhbərlərinin Kəlbəcər əhalisini köçürmək təşəbbüsündə bulunmaları rayonun taleyini dəfələrlə zərbə altında qoymusdu. Yalnız ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi təyin olunandan sonra dağ rayonlarının, o cümlədən Kəlbəcərin taleyinə işıq düsdü. Heydər Əliyev Kəlbəcər RPK-nın katibinə hələ o zamanlar demisdi: "Mərkəzi Komitədə və Nazirlər Sovetində belə söhbətlər gedirdi ki, Kəlbəcər perspektivsiz bir rayondur, özünü doğrulda bilmir. Yeganə yol guya onun əhalisini aran rayonlarına köçürmək, ərazini isə yaylaq kimi bölüşdürməkdir. Lakin bu fikir məndə həmişə şübhə doğurub. Səmimi olmasına heç vaxt inanmamışam. Odur ki, bu barədə mənə təklif olunan qərar-layihəyə də qol çəkməmişəm...". Bəli, məhz o vaxtlar Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Kəlbəcərin inzibati ərazi bölgüsü kimi perspektivsizliyini, heç bir potensialı, imkanı olmayan, yalnız yaylaq üçün yararlı ərazi olduğunu iddia edənlərin və bu barədə layihə hazırlayanların bütün cəhdlərini puça çıxarmışdır.

Kəlbəcərin əsaslı inkişaf sürəti RPK-nın təkliflər paketi əsasında hazırlanmış, Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1977-ci il dekabrın 8-də qəbul edilmiş "Kəlbəcər rayonunun iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmək tədbirləri haqqında" 428 saylı birgə qərarından sonra təşəkkül tapmışdır.

***

Kəlbəcərin işğalı, hələ 1992-ci il aprelin 8-dən 9-na keçən gecə Ağdabanın darmadağın olunmasından başlanmısdı. Ermənilər gecə Ağdaban kəndi ilə qonşu olan Çapardan hücum edərək 130 təsərrüfatdan ibarət Ağdabanı ikinci Xocalıya çevirdilər. Hücumdan xəbərsiz kənd əhalisi başıaçıq-ayaqyalın, qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndi müdafiə edən kiçik dəstə ermənilər tərəfindən qətlə yetirildiyindən əhali müdafiəsiz qalmısdı. Bu qanlı faciə zamanı 32 nəfər dinc əhali - qoca, qadın, uşaq həlak oldu, iki nəfəri evdə diri-diri yandırdılar, 7 nəfər girov aparıldı. Ağdaban faciəsi ermənilərin nəinki təkcə Kəlbəcərə, əslində Azərbaycana qarşı başladıqları böyük müharibənin siqnalı idi. Daha sonra əlverişli şəraitdən, yəni siyasi böhran və xarici havadarlarının gücü ilə erməni silahlı qüvvələri aprel ayının 2-si 1993-cü ildə Kəlbəcərə bir neçə istiqamətdən hücuma keçdilər. Kənardan rayon əhalisi köməksiz qalmışdı, insanlar faciə içərisində idi, 60 minlik əhali mühasirədə idi. Yeganə qurtuluş yolu Murovdağ silsiləsi idi. Həmin gün Murovdağ silsiləsinin bəzi yerlərinə 70 sm, bəzi yerlərdə isə 1 m-ə yaxın qar yağmışdı. Qarın yağması vəziyyəti daha da çətinləşdirmişdi. Rayon əhalisi uşaqları, qocaları, xəstələri necə xilas etmək yolunu bilmirdilər. Bu faciədə erməni faşistləri yüzlərlə şəxsi öldürdülər. Rayon ərazisində olan tarixi-memarlıq abidələrini, binaları, evləri dağıdıb məhv etdilər. 19 ibtidai, 33 səkkizillik, 44 orta məktəb binası, 1 texnikum, 1 texniki-peşə məktəbi, 82 internat, 16 uşaq bağcası, 38 körpələr evi, 41 mədəniyyət evi, 1 rayon mərkəzi xəstəxanası, 1 rayon mərkəzi uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd ambulator məntəqəsi, 75 feldşer-mama məntəqəsi, 1 ictimai-sosial kombinatı, 2 mineral sudoldurma zavodu, 1 qızıl zavodu, 1 civə zavodu məhv edildi.

Kəlbəcərin işğalından danışarkən, həmin dönəmin siyasi mühitinə də nəzər salmaq lazım gəlir. Əslində, 1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Təsadüfi deyil ki, AXC-Müsavat xəyanətkar cütlüyü məhz Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etdi. Bu isə daha böyük faciələrə yol açdı. 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü. Bununla da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradıldı. AXC-Müsavat cütlüyü tərəfindən Qarabağın ermənilərə təhvil verilməsinin isə bir adı var - milli xəyanət. AXC-Müsavat hakimiyyətinin Azərbaycan xalqına vurduğu ən böyük zərbə isə Qarabağın itirilməsi, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi oldu.

Kəlbəcərin bu günü

Kəlbəcərin işğalı 30 ilə yaxın bir müddət davam etdi, bu müddətdə xalqımızın bağrı Qarabağ həsrətilə alışdı-yandı. Nəhayət, bu işğala son qoyulmağın zamanı çatdı. Müzəffər Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ Azərbaycandır!" deyərək həsrətə son qoymaq üçün 44 günlük zəfər yoluna çıxdı. Bəli, 44 günlük, tarix boyu görünməmiş möhtəşəm azadlıq mübarizəsi, Vətən müharibəsi və nəhayət, o böyük gün, qələbə sevinci. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük bir hissəsini və Şuşanı hərbi yolla azad etməklə döyüş meydanında düşmənin belini qırdı. Şuşanın azad olunmasından bir gün sonra isə 70-dən çox kəndin ildırım sürəti ilə azad edilməsi düşməni diz çökdürdü və Ermənistan kapitulyasiya aktını imzalamalı oldu. Bu razılaşmaya əsasən, Ermənistan Kəlbəcər, Laçın və Ağdam rayonlarını təhvil verəcəyinə dair öhdəlik götürdü. Noyabrın 25-də Azərbaycanın işğal altında olan ən böyük rayonu Kəlbəcər işğaldan azad edildi. Otuz il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızın hər qarışının, azad edilən hər kəndin, hər şəhərin Azərbaycan üçün əhəmiyyəti son dərəcə böyükdür. Rayonlarımızın hər birinin düşməndən təmizlənməsi, əslində özü-özlüyündə tarixi qələbədir. Eyni zamanda Kəlbəcərin bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm də böyük siyasi-diplomatik qələbəsidir.

Tarixi qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı tikinti-quruculuq işlərinə start verildi. Artıq müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin icrası sürətlə davam edir.

Ümumilikdə, ölkəmizin zümrüd qaşı Kəlbəcər bundan sonra da çiçəklənməkdə davam edəcək. Doğma diyarın inkişafı isə ölkə iqtisadiyyatının mədənçıxarma, turizm, kənd təsərrüfatı kimi aparıcı sahələrinin daha da inkişafına səbəb olacaq.

Jalə QASIMZADƏ,

"Respublika".