Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri özünün ən yüksək səviyyəsindədir. Bu iki dövlət arasındakı münasibətlər tarixin sınağından keçmiş, heç bir qüvvə bu birliyi poza bilməmişdir. Əksinə, hər iki dövlət və millət şərəflə ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət", böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
Bu gün türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan-Türkiyə münasibətləridir. Prezident İlham Əliyev bununla bağlı bildirib: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk". Şübhə yoxdur ki, günümüzdə Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan ölkələrə rast gəlmək mümkün deyil. Tarixin ağır sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərib. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata verdiyi Bəyanatında ölkələrimizi birləşdirən amillərə diqqət çəkərək vurğulayıb: "Mən mətbuat konfranslarında, öz çıxışlarımda dəfələrlə demişəm ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi göstəririk".
Qardaş ölkə Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verib. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Türkiyə bu ölkə ilə sərhədlərini bağlayıb və bütün siyasi-iqtisadi əlaqələri dayandırıb. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksək səviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycanın özünəinam hissini artırdı. Nəticədə Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir.
İkinci Qarabağ müharibəsində ordumuzun Türkiyə istehsalı olan PUA-lardan məharətlə istifadə edərək işğalçı Ermənistan ordusunu darmadağın etməsi hərb tariximizə qızıl hərflərlə yazıldı.
Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir.
2022-ci ildə Müstəqillik Günü ərəfəsində dünya daha bir reallığa şahidlik etdi. Bu, Türkiyə-Azərbaycan birliyi və sarsılmaz həmrəyliyidir. Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində verilən mesajlar iki qardaş ölkənin daim bir-birinin yanında olmaq və yeni hədəflərə doğru birlikdə addımlamaq - strateji məqsədlərə çatmaq iradəsini nümayiş etdirdi. "TEKNOFEST Azərbaycan" hər iki ölkədə milli texnologiyanı inkişaf etdirmək, yeni nailiyyətlərə, rekordlara imza atmaqla yanaşı, gənclərdə texnologiyaya qarşı maraq oyatmaq və gələcək üçün yeni texnologiya mühəndislərinin hazırlanmasında vacib olan gənc istedadları üzə çıxarmaq üçün önəmli festivaldır. Xüsusilə də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın çıxı