Azərbaycan sülhü, təhlükəsizliyi təşviq edən humanist ideyalara sadiq ölkədir
Siyasət

Azərbaycan sülhü, təhlükəsizliyi təşviq edən humanist ideyalara sadiq ölkədir

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gun Azərbaycan özünün dinamik inkişaf mərhələsinə qədəm qoyub. Ulu öndər Heydər Əliyevin illər öncə müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən daxili və xarici siyasət sayəsində müstəqil dövlətimiz bütün dünyada özünü güclü, qüdrətli, eyni zamanda humanist ideyalara sadiq, sülhsevər, tolerant ölkə kimi təsdiq etmişdir. Bu gün beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycan irimiqyaslı layihələrin reallaşmasında mühüm rol oynayır. Beynəlxalq əhəmiyyətli tədbirlərə, konfranslara evsahibliyi etməklə siyasi dialoq və əməkdaşlıq platformasına çevrilən, bütün dünyada zəngin resurslara, iqtisadi potensiala malik, neft-qaz ölkəsi, dünya əhəmiyyətli layihələrin təşəbbüskarı kimi tanınan Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra daha da qüdrətləndi.

Dünyanın bir çox ölkəsi ilə çoxtərəfli əlaqələr quran və bu əlaqələri gündən- günə möhkəmləndirən, region dövlətlərinin xalqları ilə mehriban qonşuluq şəraitində birgəyaşayışa mühüm töhfələr verən Azərbaycan regionda söz sahibidir. Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsasında heç bir dövlətin daxili işlərinə qarışmamaq, ölkələrin ərazi bütövlüyünü pozmamaqla qarşılıqlı hörmət əsasında dostluq, əməkdaşlıq münasibətlərinin yaradılması dayanır. Humanist, milli-mənəvi dəyərlərə sadiq, xalqının mənafeyini hər şeydən üstün tutan ölkə başçımız Vətən müharibəsindən sonra regionda yeni reallıqların müəllifidir. Bu gün regionda böyük layihələrin reallaşmasında ilk olaraq Azərbaycanın mövqeyi nəzərə alınır. Bütün bunlar isə birmənalı olaraq Azərbaycan dövlətinin rəhbəri cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsində mümkün olmuşdur.

Uzun illərdir ki, xalqımıza qarşı düşmənçilik siyasəti, soyqırımı, deportasiyalar həyata keçirən əzəli düşmənimiz olan məğlub Ermənistana  sülh təklifi Azərbaycan liderinin humanistliyindən, sülhsevərliyindən irəli gəlir. Belə ki, 44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan Prezidenti ermənilərin xalqımızın başına açdığı bəlaları, müsibətləri unutmadan, köhnə səhifələri çevirmək, regionda dostluq, mehriban qonşuluq şəraitində yaşamaq məqsədilə Ermənistana  5 baza prinsipi əsasında  sülh təklif etmişdir.  Dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının və müstəqilliyinin qarşılıqlı şəkildə tanınması, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin yaradılması, nəqliyyat və kommunikasiyaların açılışı,  qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında 5 maddədən ibarət sülh təklifi bir daha İkinci Qarabağ müharibəsində qalib tərəf olan Azərbaycanın bölgədə əmin-amanlığın, təhlükəsizliyin təminatçısı olduğunun təsdiqidir. 

Ölkəmizlə etibarlı tərəfdaş olan  Avropa İttifaqı  Azərbaycanın sülhsevər siyasətinə  dəstək verərək  iki ölkə arasında  münasibətlərin normallaşması, düşmənçiliyə son qoyulması, sülh şəraitində birgəyaşayışın təmin edilməsi, gələcəkdə baş verəcək silahlı qarşıdurmanın, təxribatların qarşısının alınması  üçün ciddi cəhdlər göstərir. Belə ki, Belçika Krallığının paytaxtı Brüsseldə dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında  görüşlərin keçirilməsinin təşəbbüskarı olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel  Azərbaycan ilə Ermənistan arasında dialoqun baş tutmasında maraqlı tərəf kimi çıxış etmişdir. İki ölkə liderlərinin mütəmadi görüşləri, postmüharibə dövrünün tələblərindən irəli gələn məsələlərin həlli istiqamətində  atılan mühüm addımlar  regionda davamlı sülhün bərqərar olmasına hədəflənmişdir. Keçirilən üçtərəfli görüşlərin hər birində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası  və s. barədə  müzakirələr aparılmış, regionda sülhün bərqərar olmasına yönəlmiş addımlar atılmışdır.

Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlıq erasını təşviq edir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı demişdir: “Biz öz tərəfimizdən müsbət meyillərin dəstəklənməsi üçün əlimizdən gələni edirik. Uzun sürən müharibələrin, işğalların və dağıdıcılığın tarixinə nəzər salsanız görərsiniz ki, bizim halda, düşmənçilik mərhələsindən sülhə doğru keçid çox sürətlidir. Bu isə bir daha qeyd etmək istəyirəm ki, bizim təkliflərimiz əsasında baş verir”.

Bəli, artıq iki ildir ki, İkinci Qarabağ müharibəsi başa çatıb.  Müharibənin bitdiyi ilk gündən  düşmən ölkəyə sülh təklif edən qalib Azərbaycan  nəinki regionda, bütün dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına, əməkdaşlıq əlaqələrinin, dostluq münasibətlərinin qurulmasına səy göstərir. Azərbaycanın bu səylərini yüksək  səviyyədə qiymətləndirən,  ölkəmizin sülh çağırışına qoşulan dövlətlərin sayı isə yetərincədir.

                                                   Mehparə ƏLİYEVA,

                                               “Respublika”.