Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
Kollegiyasının “3” noyabr 2023-cü il tarixli 3-33/3-2-
000001/2023 nömrəli Qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi (bundan sonra – Kodeks) gömrük orqanı əməkdaşının etik davranış qaydalarını və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
Fəsil 1.
Ümumi müddəalar
1. Kodeksin əhatə dairəsi
1.1. Bu Kodeks Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra – Gömrük Məcəlləsi) 53.9-cu maddəsinə və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli 352-IIIQ nömrəli Qanununun 21.2.8-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Aparatında və strukturuna daxil olan gömrük orqanları və qurumlarında (bundan sonra – gömrük orqanları) xidmət keçən xüsusi rütbəli vəzifəli şəxslərə, habelə gömrük orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan əməkdaşlara (bundan sonra – gömrük orqanı əməkdaşları) şamil edilir.
1.2. Hər bir gömrük orqanı əməkdaşı qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış tələblərini rəhbər tutaraq bu Kodeksin müddəalarını öyrənməli və ona əməl etməlidir.
2. Kodeksin məqsədləri
2.1. Bu Kodeksin məqsədləri aşağıdakılardır:
2.1.1. gömrük orqanlarının və gömrük orqanlarında xidmətin nüfuzunun artırılması, şəxslərin gömrük orqanlarına və gömrük orqanı əməkdaşlarına etimadının yüksəldilməsi;
2.1.2. gömrük orqanlarının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;
2.1.3. gömrük orqanlarında korrupsiyanın, o cümlədən gömrük orqanı əməkdaşlarının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;
2.1.4. gömrük orqanı əməkdaşlarının xidməti vəzifələrinin icrası ilə bağlı gözlənilən davranışları barədə hüquqi və fiziki şəxslərin öncədən məlumatlandırılması;
2.1.5. gömrük orqanı əməkdaşlarının Azərbaycan Respublikasının Konstitusiyasına, qanunvericiliyinə riayət etməsinə və xidməti vəzifələrini layiqincə yerinə yetirməsinə sövq edilməsi.
3. Gömrük orqanı əməkdaşının xidməti davranışının hüquqi tənzimlənməsi
3.1. Gömrük orqanı əməkdaşının xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Gömrük orqanı əməkdaşının xidməti davranışı bu Kodekslə müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.
3.2. Gömrük orqanı əməkdaşının xidməti davranışı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Kodeksə və digər normativ-hüquqi aktlara uyğun olaraq tənzimlənir.
4. Gömrük orqanlarında etik dəyərlər
4.1. Gömrük orqanlarının fəaliyyəti və gömrük orqanı əməkdaşının xidməti fəaliyyəti aşağıdakı dəyərlər əsas tutulmaqla həyata keçirilir:
4.1.1. dövlətçilik və ictimai mənafeyin qorunması - dövlətçiliyə yüksək hörmət nümayiş etdirilməsi, dövlətin maraqlarının və nüfuzunun uca tutulması, ictimai mənafeyin gözlənilməsi;
4.1.2. korrupsiyaya qarşı mübarizəyə dəstək - dövlətin korrupsiyaya qarşı mübarizə siyasətinə dəstək olmaqla səlahiyyətləri çərçivəsində bilavasitə korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması;
4.1.3. nümunəvilik - xidməti və xidmətdənkənar vaxtlarda hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə riayət olunması, Azərbaycan Respublikasının vətəndaşı kimi qanunvericiliklə müəyyən edilmiş vəzifə və öhdəliklərin lazımi səviyyədə icra edilməsi;
4.1.4. məsuliyyətlilik - vəzifə funksiyalarına məsuliyyətlə yanaşaraq onların vaxtında və keyfiyyətlə icra edilməsi, zəruri bilik və bacarıqların mütəmadi olaraq inkişaf etdirilməsi;
4.1.5. birlik və əməkdaşlıq - dövlətin gömrük siyasətinin, gömrük orqanlarının əsas məqsəd və vəzifələrinin lazımi səviyyədə icrasında hər bir əməkdaşın rolunu dərk etməsi, bu siyasət, məqsəd və vəzifələr üçün birgə səy nümayiş etdirilməsi, əməkdaşlıq və qarşılıqlı köməklik şəklində fəaliyyət göstərilməsi.
Fəsil 2. Etik davranış qaydaları
5. Vicdanlı davranış
5.1. Fiziki və hüquqi şəxslərin, cəmiyyətin və dövlətin maraqları naminə gömrük orqanı əməkdaşı
öz xidməti vəzifələrini səmərəli və ədalətlə yerinə yetirməyə borcludur.
5.2. Gömrük orqanı əməkdaşı bütün hallarda cəmiyyət üçün vicdanlılıq nümunəsi olmalıdır.
6. Dürüstlük
Gömrük orqanı əməkdaşı öz vəzifələrini qanunvericiliyin tələblərini və bu Kodeks ilə müəyyən edilmiş etik davranış qaydalarını rəhbər tutmaqla icra etməli, həmkarları və digər şəxslərlə münasibətlərdə səmimi olmalı, həqiqəti söyləməklə riyakarlıqdan qaçmalı, qanuni və ədalətli qərar və hərəkətləri ilə düzgün mövqe nümayiş etdirməlidir.
7. Qərəzsizlik
7.1. Gömrük orqanı əməkdaşı xidməti vəzifələrini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı, irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənsubiyyətinə, əmlak vəziyyətinə və xidmət sahəsinə, əqidəsinə, ictimai və hər hansı digər birliyə mənsubiyyətinə görə şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsinə şərait yaradılmasına yol verməməlidir.
7.2. Gömrük orqanı əməkdaşı ailə üzvlərinin, qohumlarının, dostlarının, habelə sosial və digər münasibətlərinin onun xidməti fəaliyyətinə təsir etməsinə yol verməməlidir.
8. İctimai etimad
8.1. Gömrük orqanı əməkdaşı Azərbaycan Respublikasının gömrük orqanlarının nüfuzunu, öz adını və şərəfini uca tutmağa borcludur.
8.2. Gömrük orqanı əməkdaşı xidməti vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə işlədiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
8.3. Gömrük orqanı əməkdaşı etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.
8.4. Gömrük orqanı əməkdaşı etik davranış normalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa səy göstərməyə, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.
9. Mədəni davranış
9.1. Gömrük orqanı əməkdaşı gömrük orqanına müraciət edən şəxslərlə və xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı ünsiyyətdə olduğu, eləcə də bilavasitə və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə, o cümlədən həmkarları ilə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.
9.2. Gömrük orqanı əməkdaşı xidmətlə əlaqədar ünsiyyətdə olduğu hər bir şəxslə hörmətlə, işgüzar etiket qaydalarına uyğun şəkildə davranmalıdır.
10. Loyallıq
10.1. Gömrük orqanı əməkdaşı onun xidməti vəzifəsinə aid olmadığı hallarda, gömrük və digər dövlət orqanlarının və onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai müzakirələrin aparılmasından və mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda gömrük orqanı əməkdaşının elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.
10.2. Gömrük orqanı əməkdaşı ona xüsusi səlahiyyət verilmiş hallar istisna olmaqla açıq çıxışlar etməkdən çəkinməlidir.
10.3. Gömrük orqanı əməkdaşı xidmət keçmə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.
11. Fiziki şəxslərin hüquq və azadlıqlarına,
hüquqi şəxslərin qanuni maraqlarına hörmət
11.1. Gömrük orqanı əməkdaşının fəaliyyəti fiziki şəxslərin hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir.
11.2. Gömrük orqanı əməkdaşı fiziki şəxslərin hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
11.3. Gömrük orqanı əməkdaşı fiziki şəxslərin hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni maraqlarının təmin olunması, qorunması və müdafiəsi ilə bağlı vəzifə borclarını layiqincə yerinə yetirməlidir.
12. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması
12.1. Gömrük orqanı əməkdaşı öz xidməti fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıqla yerinə yetirməyə borcludur.
12.2. Gömrük orqanı əməkdaşı özünün bilik və bacarıqlarını daim inkişaf etdirməli, xidməti vəzifələrinin icrası zamanı ona həvalə olunmuş tapşırıqları hərtərəfli öyrənməli, təhlil etməli, düzgün planlaşdırmalı, icrasını vaxtında və tələb olunan səviyyədə təmin etməlidir.
12.3. Gömrük orqanı əməkdaşı özünə qarşı tələbkar olmalı, üzərinə düşən vəzifələri vaxtında və vicdanla yerinə yetirməli, süründürməçilik hallarına yol verməməlidir.
12.4. Gömrük orqanı əməkdaşı xidməti vəzifələrinin icrası ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, digər qanunvericilik aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş insan hüquq və azadlıqlarına dair prinsip və normalara yaxından bələd olmalıdır.
12.5. Gömrük orqanı əməkdaşı gömrük işi sahəsində biliklərini və peşəkarlıq səviyyəsini artırmaq üçün daim çalışmalı, milli qanunvericilikdə və beynəlxalq hüquqda olan yenilikləri izləməli və üzərinə düşən vəzifələrin məsuliyyətini hər zaman dərk etməlidir.
13. Korrupsiyanın qarşısının alınması
13.1. Gömrük orqanı əməkdaşının qanunsuz olaraq birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizliklər) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.
13.2. Gömrük orqanı əməkdaşına qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, əməkdaş bu təkliflərdən imtina etməlidir.
13.3. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər gömrük orqanı əməkdaşına ondan asılı olmayan səbəblərdən verilərsə o, bu barədə bilavasitə rəhbərinə məlumat verməli, maddi və sair nemətləri gömrük orqanına akt üzrə təhvil verməlidir.
13.4. Tərəflərdən birinin gömrük orqanı olduğu əqdlər üzrə gömrük orqanı əməkdaşı digər tərəf ola bilməz.
14. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər
14.1. Gömrük orqanı əməkdaşı xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, yaxud bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü, eləcə də digər şəxslər üçün tələb və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrinin icrasına təsir etməmək şərtilə kiçik hədiyyələrin qəbul edilməsinə və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur.
14.2. Gömrük orqanı əməkdaşı hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə bilavasitə rəhbərinin rəyini öyrənməlidir.
14.3. Gömrük orqanı əməkdaşı öz xidməti mövqeyindən istifadə edərək, gömrük sərhədini keçməklə xarici ölkələrə gedən şəxslərdən özü və ya digər şəxslər üçün hər hansı bir əşyanın gətirilməsini tələb və ya sifariş edə bilməz.
14.4. Gömrük orqanı əməkdaşı regional, beynəlxalq və digər xarici tədbirlərdə iştirak edərkən digər ölkələrin və ya beynəlxalq təşkilatların nümayəndələri tərəfindən mövcud protokol və etiket qaydalarına görə ona verilən hədiyyələri qəbul etdiyi hallarda bu barədə dərhal onunla birlikdə səfərdə olan nümayəndə heyətinin rəhbərinə, tək ezam olunduğu halda isə ezamiyyətdən geri qayıtdıqdan sonra bilavasitə rəhbərinə məlumat verməlidir.
15. Maraqların toqquşmasının qarşısının alınması
15.1. Gömrük orqanı əməkdaşı xidmət etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli, qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
15.2. Gömrük orqanı əməkdaşının xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi və ya yarandığı hallarda o, həmin maraqların xarakteri barədə bilavasitə rəhbərinə məlumat verməyə borcludur.
15.3. Maraqların toqquşması barədə məlumat verilmiş struktur bölmənin rəhbəri maraqların toqquşmasının qarşısının alınması istiqamətində öz səlahiyyətləri daxilində aşağıdakı tədbirlərin birinin və ya bir neçəsinin görülməsini təmin etməlidir:
15.3.1. maraqların toqquşması vəziyyətinin yaranmasına səbəb olan və ya səbəb ola biləcək vəzifə funksiyalarının digər əməkdaşlara həvalə edilməsi;
15.3.2. maraqların toqquşması vəziyyətinin yaranmasına səbəb olan və ya səbəb ola biləcək xidməti vəzifələrin dəyişdirilməsi;
15.3.3. müraciət etmiş gömrük orqanı əməkdaşının öz razılığı ilə digər analoji vəzifəyə keçirilməsi.
15.4. Gömrük orqanı əməkdaşı başqa vəzifəyə keçirilməsi ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda bu barədə gömrük orqanının rəhbərinə məlumat verməlidir.
15.5. Vəzifəli şəxslərin yaxın qohumları bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
16. Xidməti vəsaitlərdən və əmlakdan istifadə
Gömrük orqanı əməkdaşının dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin əməkdaş tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.
17. Məlumatlardan istifadə
17.1. Gömrük orqanı əməkdaşı xidməti vəzifələrinin icrası ilə bağlı, habelə fəaliyyəti dövründə ona məlum olan dövlət sirrinin və əldə edilməsi qanunla məhdudlaşdırılan digər informasiyanın qorunmasına cavabdehdir.
17.2. Gömrük orqanı əməkdaşı xidməti vəzifələrinin icrası zamanı əldə etdiyi məlumatları digər məqsədlər üçün istifadə etməməli, istifadəsində olan ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış xidməti elektron informasiya vasitələrindəki məlumatları qorumalı, xidməti istifadəsindəki şifrələri digər şəxslərə verməməli və digər şəxslərin xidməti istifadəsindəki şifrələrdən istifadə etməməlidir.
17.3. Gömrük orqanı əməkdaşı bu Kodeksin 17.2-ci bəndində qeyd olunan məlumatların məxfiliyi pozulduqda dərhal bu barədə bilavasitə və ya yuxarı rəhbərinə məlumat verməli və həmin şifrənin istifadəsi dayandırılmalıdır.
17.4. Gömrük orqanı əməkdaşı gömük orqanları tərəfindən məxfi rejimdə xarici ticarət iştirakçılarına təqdim olunmuş şifrələrdən (parollardan) istifadə etməməli, həmin məlumatların məxfiliyi rejiminə əməl etməli, ona məlum olan kommersiya sirrini qorumalıdır.
17.5. Gömrük orqanı əməkdaşı xidmət etdiyi gömrük orqanının sərəncamında olan və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının 2005-ci il 30 sentyabr tarixli 1024-IIQ nömrəli Qanununa əsasən açıq informasiyaya aid edilmiş məlumatların əldə olunmasının və yayılmasının mümkünlüyünü səlahiyyətləri daxilində təmin etməlidir.
17.6. Gömrük orqanı əməkdaşı xidməti informasiyanın təqdim edilməsi üzrə qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl etməli, gömrük orqanlarının və qurumlarının fəaliyyəti ilə əlaqədar məlumatları bilavasitə və ya yuxarı rəhbərinin icazəsi olmadan digər şəxslərə, o cümlədən media subyektlərinə verməməlidir.
18. Siyasi və ictimai fəaliyyət
18.1. Gömrük orqanı əməkdaşı həmkarlar ittifaqları istisna olmaqla heç bir seçkili və ya digər təyinatlı vəzifə tuta, siyasi fəaliyyətlə məşğul ola bilməz.
18.2. Gömrük orqanı əməkdaşı siyasi partiyalara və ya təşkilatlara üzv olmamalı, siyasi aksiyalarda iştirak etməməli, siyasi partiyalara maddi və ya digər şəkildə dəstək verməməli, təbliğat və təşviqatla məşğul olmamalıdır.
18.3. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, gömrük orqanı əməkdaşı ictimai birliyə üzv olmaq, o cümlədən həmkarlar təşkilatında birləşmək hüququna malikdir.
18.4. Gömrük orqanı əməkdaşına gömrük orqanlarında həmkarlar ittifaqları istisna olmaqla ictimai və siyasi birliklərin, dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.
19. Zorakılıq və qısnama təzahürlərinin yolverilməzliyi
19.1. Xidməti və ya xidmətdənkənar münasibətlərdən asılı olmayaraq gömrük orqanı əməkdaşı tərəfindən zorakılıq və qısnama təzahürlərinə yol verilməsi qadağandır.
19.2. Gömrük orqanı əməkdaşının xidməti münasibətlərdə olan işçini, xidməti və xidmətdənkənar fəaliyyəti ilə əlaqədar digər şəxsləri alçaldan və təhqir edən əmələ, seksual qısnamaya, cinsi mənsubiyyətdən irəli gələn ayrı-seçkiliyə məruz qoyması yolverilməzdir.
19.3. Gömrük orqanı əməkdaşı hər hansı şəxsə qarşı seksual qısnamaya, yəni şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə, ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışa yol verməməli, təhrik etməməli və belə davranışa üçüncü şəxslər tərəfindən yol verilməsinə şərait yaratmamalıdır.
19.4. Gömrük orqanı əməkdaşı ona qarşı yol verilmiş zorakılıq və qısnama təzahürləri, eləcə də narahatlıq doğuran digər hallar barədə bilavasitə və ya yuxarı rəhbərinə məlumat verməlidir.
19.5. Seksual qısnamaya, habelə zorakılıq və qısnamanın digər təzahürlərinə, eləcə də narahatlıq doğuran digər hallara görə şikayət etmiş gömrük orqanı əməkdaşına təzyiq göstərilməsinə və ya onun təqib olunmasına yol verilməməlidir.
20. Vətəndaşlarla münasibətlərin xüsusiyyətləri
20.1. Gömrük orqanı əməkdaşı vətəndaşları qəbul edərkən onları diqqətlə dinləməli, hüquq və vəzifələrini izah etməli, qanunvericiliyin tələblərinə uyğun olaraq problemin həlli yolunu göstərməlidir.
20.2. Gömrük orqanı əməkdaşı vətəndaşlarla ünsiyyət zamanı süründürməçilik hallarına yol verməməli və gömrük orqanlarına olan etimadın möhkəmləndirilməsinə çalışmalıdır.
20.3. Gömrük orqanı əməkdaşı xidmətin aparılması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına səbəb ola biləcək məlumatların konfidensiallığını təmin etməlidir.
20.4. Gömrük orqanı əməkdaşı qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlarla ünsiyyət qurulmasına zərurət yarandığı hallarda bu ünsiyyətin gömrük orqanlarının inzibati binasında aparılmasına üstünlük verməlidir.
21. Gömrük orqanı əməkdaşları ilə münasibətlərin xüsusiyyətləri
21.1. Gömrük orqanı əməkdaşı həmkarları ilə qarşılıqlı hörmət və işgüzar yardıma əsaslanan münasibət qurmalı, bir-birinə qarşı qərəzli münasibətin təzahürlərindən çəkinməli və bütün səylərini kollektiv birliyin qorunmasına yönəltməlidir.
21.2. Gömrük orqanı əməkdaşının həmkarlarının işindəki nöqsanlara münasibəti obyektiv yanaşmanı əks etdirməklə, özündə hörmət, dözümlülük, təmkinlilik və nəzakətliliyi ehtiva etməlidir.
21.3. Gömrük orqanı əməkdaşı həmkarlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsini dəstəkləməli və maneə yaratmamalıdır.
21.4. Gömrük orqanı əməkdaşı rəhbərliklə xidməti münasibətlərində subordinasiyaya, bilavasitə və ya yuxarı rəhbərinə qarşı münasibətdə tabelik qaydalarına riayət etməli və tabeliyində olan işçilərə qarşı nəzakətli, diqqətli və qayğıkeş olmalı, vəzifə səlahiyyətlərindən irəli gələn üstünlüyünü nümayiş etdirməməlidir.
22. Digər dövlət orqanları (qurumları) ilə münasibətlərin xüsusiyyətləri
22.1. Gömrük orqanı əməkdaşı digər dövlət orqanları (qurumları) ilə qanunvericiliklə müəyyən edilmiş hüquqlar, vəzifələr və səlahiyyətlər çərçivəsində münasibət yaratmalıdır.
22.2. Gömrük orqanı əməkdaşı öz səlahiyyətləri çərçivəsində gömrük işi sahəsində dövlət siyasətinin və tənzimlənməsinin səmərəli həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada digər dövlət orqanları ilə faydalı əməkdaşlığın inkişaf etdirilməsində iştirak etməlidir.
22.3. Gömrük orqanı əməkdaşı digər dövlət orqanları (qurumları) ilə münasibətlər zamanı qanunvericiliklə ona verilmiş imtiyaz və səlahiyyətləri nümayiş etdirməməli, əməkdaşlıqdan şəxsi məqsədləri üçün istifadə etməməlidir.
23. Media ilə münasibətlərin xüsusiyyətləri
23.1. Gömrük orqanı əməkdaşı medianın gömrük fəaliyyətini işıqlandırmaq istəyinə hörmətlə yanaşmalı, media subyektlərinin dürüst və obyektiv məlumat almaq hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsinə mane olmamalıdır.
23.2. Gömrük orqanı əməkdaşının mediada yayımlanmış çıxışları (yazılı və ya şifahi) gömrük orqanlarının mövqeyini əks etdirdiyindən həmin məlumatlar etibarlı və balanslaşdırılmış olmalı, müzakirələr hüquq normalarına xələl gətirmədən aparılmalı, mediada çıxışlar yalnız gömrük orqanlarının həmin sahə ilə bağlı fəaliyyəti həyata keçirən struktur bölmələri ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Çıxışlar aydın, səlis və lakonik olmaqla Azərbaycan dilinin leksik, qrammatik və fonetik normalarına uyğun olmalıdır.
23.3. Gömrük orqanı əməkdaşı mediada çıxış edərkən aşağıdakı qaydalara riayət etməlidir:
23.3.1. onun səlahiyyətinə aid olmayan məsələlərlə bağlı rəsmi açıqlamalardan, mühakimələrdən və qiymətləndirmələrdən çəkinməli, qanunvericiliklə müəyyən edilmiş qaydada məxfi məlumatların verilməsinə dair tələblərə riayət etməli, konfidensial və yayılması məhdudlaşdırılan digər məlumatları açıqlamamalı;
23.3.2. maraqların toqquşmasına səbəb ola biləcək siyasi, dini, irqi, milli, cinsi, sosial ayrı-seçkiliyi, o cümlədən düşmənçilik və ədavəti ifadə edən çıxışlara yol verməməli;
23.3.3 mediada etdiyi çıxışının yarada biləcəyi riskləri nəzərə almaqla, istifadə etdiyi sözlərin məzmununu və məlumatların mətnini düzgün seçməlidir.
24. Beynəlxalq işgüzar münasibətlərin xüsusiyyətləri
24.1. Gömrük orqanı əməkdaşı vəzifələrinin icrasından irəli gəldiyi hallarda və bilavasitə rəhbərinin göstərişi ilə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində digər dövlətlərin gömrük orqanları, habelə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsində iştirak edir, bu proseslərdə iştirak edən həmkarlarına qanunvericiliklə müəyyən edilmiş qaydada hərtərəfli kömək göstərir.
24.2. Gömrük orqanı əməkdaşı rəsmi nümayəndə heyətinin tərkibində və ya tək xarici ölkələrə ezam olunduqda ezamiyyə məqsədlərinə, o cümlədən iştirakçısı olduğu beynəlxalq tədbirin proqramına və işgüzar geyim qaydalarına riayət etməli, olduğu xarici ölkənin adət-ənənələrini, milli dəyərlərini, əxlaq və birgəyaşayış qaydaları gözləməli, Azərbaycan Respublikasının, təmsil etdiyi gömrük orqanının adına xələl gətirə biləcək əmələ (hərəkət və ya hərəkətsizliyə) yol verməməlidir.
Fəsil 3. Xidməti və xidmətdənkənar davranış
25. Gömrük orqanı əməkdaşının xidməti davranışına dair digər tələblər
25.1. Gömrük orqanının əməkdaşı xidməti davranışı zamanı aşağıdakılara əməl etməlidir:
25.1.1. xidmətlə bağlı bütün çətinliklərə qarşı əzmkar olmalı, xidməti vəzifəsini yerinə yetirərkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməli;
25.1.2. gömrük orqanlarında müəyyən olunmuş gündəlik iş və ya növbə qrafikinə, o cümlədən xidməti zərurətlə əlaqədar tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib-getməli, üzrlü səbəbdən xidmət yerinə gələ bilməyəcəyi və ya gecikəcəyi hallarda dərhal bu barədə bilavasitə rəhbərini məlumatlandırmalı, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, bilavasitə rəhbərinin icazəsi olmadan xidmət yerini tərk etməməli və onun ilk çağırışı ilə, fövqəladə hallar baş verdikdə isə çağırışsız xidmət yerinə gəlməli;
25.1.3. özünə və həmkarlarına qarşı tələbkar olmalı, bu Kodekslə müəyyən edilmiş tələblərin hər hansı bir əməkdaş tərəfindən pozulması halları ilə qarşılaşdıqda, onların aradan qaldırılması üçün zəruri tədbirlər görməli;
25.1.4. xidməti fəaliyyətlə bağlı aparılan icraat zamanı verilən sualları tam və səmimi cavablandırmalı, araşdırma ilə əlaqədar məxfi məlumatlar istisna olmaqla ona məlum olan məlumatları tam şəkildə açıqlamalı, obyektivliyin təmin edilməsinə hərtərəfli köməklik göstərməli;
25.1.5. xidməti vəzifələrinin icrası ilə bağlı olmayan məsələlərə müdaxilə etməməli, digər əməkdaşların səlahiyyətlərinə aid və onların icraatında olan sənəd və materialların həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurətdən irəli gəlməyən məsələlərə maraq göstərməməli və müdaxilə etməməli;
25.1.6. müzakirə mərhələsində olan və bu barədə müvafiq qərar qəbul edilməyən məsələlərlə bağlı açıqlamalar verməməli, icraatında olan işlərin icrasına buna səlahiyyəti olmayan əməkdaşlar tərəfindən müdaxilə edilməsinin qarşısını almalı;
25.1.7. müəmmalı həyat tərzi keçirən, o cümlədən, qaçaqmalçılıq və gömrük qanunvericiliyinin pozulması hallarına görə məhkum olunmuş və mütəmadi bu işlərlə məşğul olan şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmamalı, şəxsi münasibətlər qurmamalı, onlarla hər hansı bir sövdələşməyə getməməli;
25.1.8. anket məlumatlarında özü və ailə üzvləri haqqında məlumatları düzgün göstərməli, heç bir faktı gizlətməməli, anket məlumatlarında dəyişikliklər baş verdikdə dərhal bu barədə xidmət etdiyi orqanın rəhbərini məlumatlandırmalı;
25.1.9. xidməti geyim formasını müəyyən edilmiş qaydalara uyğun şəkildə, şərəf və ləyaqətlə, səliqəli və qüsursuz daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı;
25.1.10. hərbi salamlaşma qaydalarına riayət etməlidir.
26. Gömrük orqanı əməkdaşının xidmətdənkənar davranışının xüsusiyyətləri
26.1. Gömrük orqanı əməkdaşı şəxsi həyatında ümumi qəbul edilmiş milli əxlaq, ictimai davranış normalarına əməl etməli və onun xidmətdənkənar davranışı peşə nüfuzuna xələl gətirməməlidir.
26.2. Gömrük orqanı əməkdaşı xidməti geyim formasını, xidməti silahını və əmlakını nümayiş etdirməklə şəxslərə qanunsuz təsir göstərməməli, onlardan sui-istifadə hallarına yol verməməli, iş vaxtından kənar müddətdə ictimai yerlərdə xüsusi geyim formasından istifadəyə məhdudiyyətlər qoymalıdır.
26.3. Gömrük orqanı əməkdaşı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd olunan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına yol verməməlidir.
27. Dini fəaliyyət
27.1. Gömrük orqanı əməkdaşının dinə etiqadını sərbəst müəyyən etmək hüququ vardır.
27.2. Gömrük orqanı əməkdaşı hər kəsin dini etiqad azadlığına hörmətlə yanaşmalıdır.