Azərbaycan-Qırğızıstan: mədəni əlaqələr genişlənir
Siyasət

Azərbaycan-Qırğızıstan: mədəni əlaqələr genişlənir

Azərbaycanla Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar ilə qırğızları eyni kök, mədəniyyət, qədim tarix və ənənələrlə yanaşı, dil və din eyniliyi də birləşdirir.

Xalqlarımız tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdır. Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Burada yaşayan soydaşlarımızın əksəriyyəti 30-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Ölkənin tanınmış insanları arasında da azərbaycanlılar çoxdur. Soydaşlarımız əsasən Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar. Öz tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstandakı azərbaycanlılar dil və adətlərini qoruyub saxlayıblar.

Azərbaycan və qırğız xalqları digər türkdilli xalqlar kimi ortaq mədəniyyətə malikdirlər. Bu xalqlar arasında mədəni əlaqələr inkişaf etməkdədir. 2000-ci il aprelin 9-da "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubiley mərasimində Qırğız Respublikasının o vaxtkı prezidenti Əsgər Akayev, 2000-ci ilin payızında Qırğızıstanın Oş şəhərinin 3000 illiyi tədbirlərində isə Azərbaycan nümayəndə heyəti iştirak edib.

2001-ci ildə TÜRKSOY-un Daimi Şurasının XV iclasında iştirak etmək üçün Qırğızıstanın Təhsil, Elm və Mədəniyyət Nazirliyinin komitə sədri E.Abdurakimov Bakıda olub. Tədbir iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev qəbul edib. 2006-cı il sentyabrın 5-8-də Bakıda keçirilən "Şərq-Qərb" kino festivalında Qırğızıstan və Qazaxıstan kinematoqrafçılarının birgə istehsal etdiyi "Cənnət quşları" kinofilmi nümayiş etdirilib. 2008-ci ilin fevral-mart aylarında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 80 illiyi münasibətilə Azərbaycanda bir sıra təntənəli tədbirlər keçirilmiş, Prezident İlham Əliyev Ç.Aytmatovu Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif etmişdir.

Hər iki respublika İƏT, İKT, BMT çərçivəsində əməkdaşlıq edir. 2004-cü il oktyabrın 29-da Qırğızıstan BMT Baş Məclisinin 59-cu sessiyasının 46-cı plenar iclasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı bəndin Baş Məclisin cari gündəliyinə salınmasına dair qərar Qırğızıstan tərəfindən dəstəklənmişdir. Qırğızıstan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləmiş, münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışmışdır. Belə ki, 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə məhz Bişkek şəhərində imzalanıb.

2022-ci il aprelin 20-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində bir sıra sənədlər imzalanıb. Belə ki, iki ölkənin Dövlət İdarəçilik akademiyaları arasında əməkdaşlıq haqqında memorandum, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ilə Qırğızıstanın İctimai Teleradio Yayımları Korporasiyası arasında əməkdaşlıq haqqında saziş, Azərbaycan Əqli Mülkiyyət Agentliyi ilə Qırğızıstan Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiya Dövlət Agentliyi arasında əqli mülkiyyətin qorunması sahəsində anlaşma və əməkdaşlıq haqqında memorandum, müxtəlif sahələri əhatə edən ümumilikdə 10 sənəd imzalanıb.

Bu il oktyabrın 11-də isə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri baş tutub. Dövlət başçısı Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud və geniş tərkibdə keçirilən iclasında iştirak edib. Prezident İlham Əliyev Bişkekdə "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksində olub. Xatırladaq ki, kompleks 2000-ci il iyunun 8-də açılıb və görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə "Ata-Beyit" - "Ataların məzarlığı" adlandırılıb.

Bişkek səfəri çərçivəsində dövlət başçısı İlham Əliyev Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışında olub. Açılış mərasimində Qırğız Respublikasının Prezidenti Sadır Japarov deyib: "Biz bu gün Azərbaycanın ulu öndəri Heydər Əliyev adına ümumtəhsil məktəbinin təntənəli açılış mərasimində iştirak etdik. Qırğızıstanda məktəbin açılışı ikitərəfli münasibətlərdə əlamətdar hadisədir və bizim xalqların möhkəm dostluğuna, ölkələrimiz arasında əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın ümummilli lideri, hörmətli Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş strateji əməkdaşlığa dəlalət edir".

Azərbaycan Prezidenti İlham Əliyev yeni məktəbin açılışını xalqlarımız arasında dostluğun, qardaşlığın rəmzi, Heydər Əliyevin xatirəsinə ehtiram kimi dəyərləndirib, bununla bağlı Qırğız Respublikasının rəhbərliyinə təşəkkürünü bildirib, təhsil müəssisəsinin müəllim və şagirdlərini Azərbaycana qonaq dəvət edib.

Oktyabrın 12-də Bişkekdə Nizami Gəncəvi adına məktəbin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər. Dövlət başçıları məktəbin rəmzi açılışını bildirən lenti kəsiblər. Məktəblə tanışlıq zamanı məlumat verilib ki, Nizami Gəncəvi adına 103 saylı məktəbin ərazisi 6 hektardan çoxdur. Məktəb binasında 30 sinif otağı, oxu zalı, kitabxana, informatika, biologiya, kimya, coğrafiya, texnologiya, tarix kabinetləri, idman zalı, 240 yerlik akt zalı var. Bundan əlavə, məktəbin həyətində tennis kortu, basketbol, voleybol və futbol meydançaları da yaradılıb.

Həmin gün dövlət başçıları Bişkekdəki "Ala-Arça" Dövlət Təbiət Parkında təşkil olunmuş mədəni proqramın da iştirakçısı olublar. Mədəni proqramda qırğız xalqının milli adət və ənənələri geniş nümayiş olunmuş, qırğız sənətkarları buradakı xiyabanda Azərbaycanın və Qırğızıstanın dövlət başçılarına əl işlərini, milli xalçaları - "Şırdak"ı təqdim etmişlər. Dövlət başçıları milli xalçalar istehsal edilən emalatxanalarla tanış olmuş, onlara qırğız xalqının milli mətbəxindən nümunələr də təqdim edilmişdir. Prezidentlər, həmçinin milli geyim kolleksiyalarından ibarət sərgiyə də baxıblar. Onlara ənənəvi "Salburun" ovunun elementləri də nümayiş etdirilib.

Azərbaycan Prezidenti rəsmi qəbulda Qırğız Prezidentinin Azərbaycana səfəri zamanı nəzərdə tutulmuş işlərin icrasından danışıb, birgə Qırğızıstan və Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərarın qəbul edildiyini, Fondun inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcəyini vurğulayıb. Bakı görüşündə imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini deyib: "Biz mədəni-humanitar əməkdaşlıqdan, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətdən və təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər spektrini ətraflı müzakirə etdik. Deməliyəm, artıq müəyyən vaxtdır ki, Azərbaycanın iki peyki - "Azersky" və "Azerspace-1" Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir və biz bu sahədə qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarını müəyyən etmişik".

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda Qırğız mədəniyyəti, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycan mədəniyyəti günləri keçirilməsi barədə də qərar qəbul olunub. Bütün bunlar isə iki ölkə arasında mədəni-humanitar əlaqələrin genişləndiyini göstərir.

Zümrüd QURBANQIZI,

"Respublika".