Ölkə başçılarının qarşılıqlı səfərləri dövlətlərarası münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri, Astanada iki ölkənin liderləri arasında aparılan danışıqlar və ölkələrarası münasibətlərin inkişaf perspektivləri dünya ictimaiyyətinin, aparıcı media orqanlarının maraq dairəsindədir. Qeyd etmək lazımdır ki, danışıqlarda bütün sahələrdə, o cümlədən ticari-iqtisadi, investisiya, həmçinin nəqliyyat-logistika infrastrukturu layihələri kimi prioritet istiqamətlərdə ikitərəfli əməkdaşlığa dair aktual məsələlər müzakirə olunub. Bu yaxınlarda irəli sürülən humanitar təşəbbüslər, xüsusən Qazaxıstanın Azərbaycanda və Azərbaycanın Qazaxıstanda mədəniyyət günlərinin keçirilməsi haqqında qərar iki xalqın daha da yaxınlaşması və dövlətlərarası münasibətlərin möhkəmlənməsinə kömək edəcək.
Qazaxıstanın hazırda Füzuli şəhərində inşa etdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Azərbaycan və Qazaxıstan xalqları arasında dostluğun parlaq nümunələrindən biridir. "Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Xüsusən indi - biz 30 illik işğaldan sonra 10 min kvadratkilometrdən artıq ərazinin praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda", - deyə dövlət başçımız vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycana dəvət etdi.
Ölkəyə mürəkkəb bir şəraitdə başçılıq edən ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı hesab olunur. Kasım-Jomart Tokayevin sözlərinə görə, məhz böyük liderin rəhbərliyi ilə gənc Azərbaycan dövləti qısa zaman ərzində dünya ictimaiyyətinin tamhüquqlu üzvünə çevrildi, Heydər Əliyevin həyat yolu isə millətə sədaqətlə xidmətin parlaq nümunəsidir. Ona görə, bu il Qazaxıstanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş və onun xatirəsini əbədiləşdirən bir sıra tədbirlər təşkil olunacaq. Qazaxıstan Prezidentinin göstərişi ilə "Qazaxıstan" teleradio korporasiyası tərəfindən lentə alınmış Heydər Əliyev haqqında "Görkəmli həyat" sənədli filminin premyerası olacaq. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə aprelin 10-da Astananın mərkəzində Heydər Əliyev küçəsinin təntənəli açılışı olub. Bu əlamətdar hadisə Azərbaycan xalqının böyük oğluna ehtiramın daha bir təzahürüdür. Eyni zamanda, Kasım-Jomart Tokayev atasının quruculuq işlərini layiqincə davam etdirən və ölkəsini inamlı addımlarla tərəqqi yolunda irəli aparan İlham Əliyevin güclü liderliyini yüksək qiymətləndirib.
Vətən müharibəsi dövründə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstləri hədiyyə etməyə hazır olduğunu qeyd edib. Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Xəzər dənizinin əks sahillərində yerləşən Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi çox qədimdir. Belə ki, azərbaycanlılar və qazaxlar eyni soykökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Dövlətimizin başçısı, həmçinin bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi əlaqə yaratdığını və iki ölkə arasında əlaqələrin son illərdə yüksələn xətlə davam etdiyini bildirib. İki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə" və 2005-ci il mayın 24-də Bakıda imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə" ilə daha da möhkəmləndirilib.
Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala