Ötən əsrin sonlarında ikinci dəfə müstəqilliyinə qovuşan ölkəmiz dünya dövlətləri ilə yeni əlaqələr yaratmaq, tarixən mövcud olan səmimi dostluq münasibətlərini genişləndirmək, bütün sahələrdə davamlı inkişafa nail olmaq üçün strateji məqsədlərə xidmət edən xarici siyasət həyata keçirmişdir. Müstəqilliyinin bərpasının ilk illərində iqtisadi cəhətdən geridə qalan, Ermənistan tərəfindən əraziləri işğal edilən, 1 milyondan artıq vətəndaşı qaçqın, məcburi köçkün vəziyyətinə düşən Azərbaycan üçün dövlətlərlə diplomatik əlaqələr qurmaq, beynəlxalq aləmdə təmsil olunmaq sözün əsl mənasında çətin idi. Bütün bu çətinliklərə baxmayaraq, ölkəmizlə dostluq, tərəfdaşlıq münasibətləri qurmaq istəyən, elə ilk vaxtlardan dövlətimizin müstəqilliyini tanıyan ölkələrin də sayı az deyildi.
Belə ki, Türkiyə qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında müstəqillyimizin bərpasının ilk illərindən hərtərəfli əlaqələrin inkişafına böyük yardım göstərmiş, ölkəmizin dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, siyasi-iqtisadi və elmi-mədəni maraqların reallaşmasında mühüm rol oynamışdır. Türkiyə Respublikasından sonra isə müstəqilliyimizi Azərbaycana dost, qardaş ölkə olan Pakistan tanımışdır.
Beynəlxalq əməkdaşlığın təşviqi və qlobal tərəfdaşlığın möhkəmləndirilməsində diplomatik münasibətlər əsas rol oynayır. Bu baxımdan, Azərbaycan ilə Pakistan arasında diplomatik əlaqələrin qurulması sonrakı mərhələlərdə iki ölkə arasında əməkdaşlığın inkişafına şərait yaratmışdır. 1991-ci ildə Pakistan Azərbaycanın müstəqilliyini tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulmuş, qısa zaman kəsiyində Bakıda Pakistanın, İslamabadda isə Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Bundan sonra hər iki ölkə qarşılıqlı faydalı əlaqələrin inkişafına ciddi səy göstərmişdir. 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistana rəsmi səfəri münasibətlərin inkişafına xüsusi təkan vermiş və səfər çərçivəsində 9 sənəd imzalanmışdır. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə İslam Konfransı Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının Tehranda keçirilən VIII Zirvə görüşündə Pakistanın Baş naziri Nəvaz Şəriflə, 2000-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Tehranda keçirilən Sammitində və 2002-ci ildə Təşkilatın İstanbulda baş tutan Sammitində Pakistan Prezidenti Pərviz Müşərrəflə görüşü iki ölkə arasında əlaqələrin dərinləşməsində mühüm rol oynamışdır.
Azərbaycanda səfirliyini açmış ilk dövlətlərdən biri olan Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzünə hər zaman birmənalı münasibət bildirmiş, erməni işğalına etiraz əlaməti olaraq bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mənafeyini müdafiə etmişdir. Ermənistan-Azərbaycan münaqişəsinin həllində daim Azərbaycanın mövqeyindən çıxış edən, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinə tərəfdar çıxan Pakistan da Türkiyə kimi Ermənistan ilə diplomatik münasibətlər qurmamış və yüksək tribunalardan işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb etmişdir.
Qarşılıqlı münasibətlər zəminində Azərbaycan da beynəlxalq platformalarda Kəşmir problemində İslamabadın mövqeyini dəstəkləmiş, beynəlxalq hüquqa uyğun olaraq problemin sülh yolu ilə həllinin vacibliyini vurğulamışdır.
Azərbaycan və Pakistanın ikitərəfli münasibətlərinin əsasında siyasi fəaliyyət dayanır. Ölkə liderlərinin yüksək səviyyəli səfərləri və görüşlər bu fəaliyyəti daha da möhkəmləndirir. Pakistan Prezidenti Pərviz Müşərrəf 2004-cü ildə Azərbaycanda rəsmi səfərdə olmuş, bir sıra mühüm görüşlər keçirmişdir. Pərviz Müşərrəflə görüşündə ölkə başçımız Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın ədalətli mövqeyinin rəsmi İslamabad tərəfindən daim dəstəklənməsini xüsusi vurğulamışdır. Ölkələr arasında diplomatik münasibətlərin formalaşmasında Prezident İlham Əliyevin mühüm rolu olmuşdur. Pakistan Prezidentinin dəvəti ilə 2005-ci ildə bu ölkəyə rəsmi səfərdə olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində dost ölkə ilə müxtəlif sahələr üzrə əlaqələrin dərinləşməsi, regional təhlükəsizliyə və sabitliyə verdiyi töhfələr Azərbaycan və Pakistanın müdafiə sahəsində əməkdaşlığını daha da möhkəmləndirmişdir. Belə ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Pakistanın Azərbaycana diplomatik və mənəvi dəstəyi həmrəyliyə, birliyə zəmin yaratmışdır.
44 günlük İkinci Qarabağ müharibəsində dost, qardaş ölkələrimiz sarsılmaz, möhkəm təməllər əsasında qurulmuş əlaqələrini bütün dünyaya nümayiş etdirdilər. Bütün dünyanın gözü qarşısında