Noyabrın 7-də Azərbaycan ilə Latviya arasında strateji dialoqun ikinci iclası keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Latviya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyi dövlət katibinin müavini-siyasi direktor Anjeys Vilumsons rəhbərlik ediblər.
İclas zamanı ikitərəfli münasibətlər, siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
İki ölkə arasında strateji dialoqun, habelə Azərbaycan Hökuməti və Latviya Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Qarşı tərəfə postmünaqişə dövründə bölgədəki vəziyyət, normallaşma prosesi, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işləri, eləcə də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı"nın icrası barədə məlumat verilib.
İclas zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.