Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Prezident İlham Əliyev Münxendə baş tutan “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən iclasda bu məsələyə toxunub. Almaniyada baş tutan konfransda dövlət başçısı “Dağlıq Qarabağ” ifadəsinin olmadığına diqqət çəkib. Bu məsələ ilə bağlı deyilən fikirləri ümumiləşdirsək, o nəticəyə gəlirik ki, Qarabağ iqtisadi rayonu erməni əhalinin yaşadığı Azərbaycan bölgəsidir. Bu isə o deməkdir ki, Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində də Qarabağ müzakirə mövzusu deyil. Prezident İlham Əliyev ötən il avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə nöqtə qoymuşdu: “Ermənistana bunun nə dəxli var? Bu bizim daxili işimizdir. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir? Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyindən. Mən də demişəm, bəli, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək”.
Müxtəlif dövrlərdə bu istiqamətdə açıqlamaların verilməsi erməni rəsmilərinin Qarabağa status verilməsi məsələsini daima aktuallaşdırmaq cəhdləri ilə əlaqəlidir. Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, status məqsəd deyil, oradakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün bir vasitədir. Onlar hesab edir ki, əvvəllər danışıqların əsasını Qarabağın statusu təşkil edirdisə, indi əsas hüquq və təhlükəsizlikdir ki, status da bundan yaranan bir məsələdir. Ancaq Azərbaycan tərəfi ermənilərin təhlükəsizliyini, hüquq və azadlıqlarını təmin edən istənilən statusun ölkəmiz üçün məqbul olmadığını bildirir və qeyd edir ki, Azərbaycan Konstitusiyasına əsasən, ölkə ərazisində yaşayan bütün vətəndaşların milli, dini mənsubiyyətindən asılı olmayaraq hamısının hüquq və azadlıqları bərabərdir. Azərbaycan dövləti bütün vətəndaşlarının hüquqlarını qoruyur, qanunvericilikdə də hər hansı bir etnik qrupa fərqli hüquq və azadlıqlar verilməsi nəzərdə tutulmur. Odur ki, indi Paşinyanın yenidən ermənilərin təhlükəsizlik məsələsindən danışması mənasızdır. İki ölkə arasındakı danışıqlarda Qarabağ mövzusu yoxdur. Əliyev və Paşinyan Administrasiyaları sərhədlərin dəqiqləşməsi, Zəngəzur dəhlizi və digər kommunikasiyaların bərpası istiqamətində danışıqlar aparır.
Ümumilikdə, Qarabağ mövzusu müzakirə predmeti ola bilməz. Bu məsələ gündəlikdən də çıxarılmalıdır. Çünki Qarabağ Azərbaycanın daxili məsələsidir.
Jalə QASIMZADƏ,
“Respublika”.