Azərbaycan-Bruney münasibətlərinin inkişafı məsələləri müzakirə olunub
Gündəm

Azərbaycan-Bruney münasibətlərinin inkişafı məsələləri müzakirə olunub

Azərbaycanın Malayziyada, eyni zamanda, Bruneydə akkreditə olunmuş səfiri İrfan Davudovun Bruneyə səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişafı məsələləri müzakirə olunub.

Səfirlikdən "Respublika"ya bildiriblər ki, səfər çərçivəsində Bruneyin Qanunvericilik Şurasının (parlamentinin) sədri Pehin Oranq Kaya Seri Setia Avanq Hacı Abdul Rahman bin Dato Setia Hacı Mohamed Taib, maliyyə və iqtisadiyyat naziri Dato Seri Setia Dr Avanq Hacı Mohd Amin Liev Abdullah, Xarici İşlər Nazirliyinin daimi katibi xanım Pengiran Nurhaşima binti Pengiran Mohd Hassan, Bruney Milli Ticarət və Sənaye Palatasının prezidenti Hacı Abdul Saman və Bruney İnvestisiya Agentliyinin Hesablama və Maliyyə departamentinin rəhbəri Kamal Ahməd ilə görüşlər keçirilib.

Görüşlərdə 44 günlük Vətən müharibəsində, həmçinin cari ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, legitim üsullarla öz əraziləri üzərində tam suverenliyini bərqərar etməsi, regionda yaranan yeni reallıqlar, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində ölkəmizin təşəbbüsləri və atdığı addımlar barədə məlumat verilib.

Həmçinin ölkəmizdə, xüsusilə azad edilmiş ərazilərdə investisiya imkanları, burada həyata keçirilən bərpa-quruculuq işlərində Bruney şirkətlərinin iştirakı imkanları və digər məsələlər müzakirə olunub.