Kənddə sayılıb-seçilən ailənin iki bacıdan sonra dünyaya gəlmiş tək oğul övladı idi. Atası Rafiq, anası Rübabə xanım kənd məktəbində müəllim işləyirdilər. Ailədə söz-söhbət ən çox Vətəndən, Vətənin erməni tapdağı altında qalan cənnət guşəsi-Qarabağdan düşürdü. İbtidai sinif şagirdi Nişat sonsuz maraqla valideynlərinə suallar verir, uşaq qəlbi ilə yurdda yaşanan böyük faciənin tarixini öyrənmək istəyirdi. Evə gələn qonaqlar arasında hərbi geyimli zabitlər də var idi. Onlar Rafiq müəllimin orduda xidmət edən bibisi uşaqları idi.
Yeniyetməlik yaşına çatanda, “evin tək oğlu” deyimindən heç xoşu gəlmirdi. Çünki bu deyimin arxasında onun yeniyetmə ürəyində bəslənən arzulara pəl vurmaq niyyəti dayanırdı. “Ya tək, ya cüt – fərqi nədir, düşünürdü, hər kəs Vətənə bir can borcludur”...
Sabirabad rayonundakı Dadaşbəyli kənd orta məktəbinin əlaçı şagirdlərindən idi. Yüksək balla ölkənin istənilən ali məktəbinə qəbul oluna bilərdi. Amma arzu, istək hər şeyə güc gəldi. 2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olundu. Liseyi bitirib Heydər Əliyev adına Hərbi Akademiyanın artilleriya ixtisası üzrə təhsilini davam etdirdi. Bütün diqqəti, səy və bacarığı artilleriya elminin sirlərini öyrənməyə həsr olundu. Təhsili başa vurandan sonra taqım komandiri kimi təyinatını düşmənlə sərhəd Gədəbəyin “N” saylı hərbi hissəsinə verdilər. Hərbi xidmətini bütünlüklə düşmənlə üzbəüz olan hərbi hissələrdə davam etdirdi və bu müddətdə hər an, hər dəqiqə Ali Baş Komandanın döyüş əmrini gözlədi. Öz bacarığı, orduda nizam-intizamın qorunmasında, hərbi əmrlərin yüksək peşəkarlıqla yerinə yetirilməsində göstərdiyi nümunəvi xidmətə görə komandirlik tərəfindən dəfələrlə mükafatlara layiq görüldü. Batareya komandiri təyin olundu, kapitan rütbəsinə yüksəldi.
Gözlənilən günü şanlı Azərbaycan Ordusunun bütün zabit və əsgərləri kimi kapitan Nişat Rəsulov da sonsuz qürur və sevinc hissi ilə qarşıladı. Cəsur kapitan Ali Baş Komandanın döyüş əmrini səngərdə qəbul etdi. İlk yaylım atəşi də onun batareyasına qismət oldu.
Döyüş yerləri səhnə dekorasiyası yaxud çəkiliş meydançası deyil. Buradakı epizodları bütünlüklə kino lentinin yaddaşına köçürməyə nə həvəs, nə də vaxt, imkan yoxdur. Bütün bunlara baxmayaraq, müharibə günlərində topçulardan çəkilən videoçarx tez-tez nümayiş etdirilirdi. “D-30” markalı top batareyasına “Atəş” əmri verən zabiti - kapitan Nişat Rəsulovu çoxumuz tanıdıq, tanıdıqca da ona olan rəğbətimiz birə-yüz artdı. Tanışlar, yerlilər, ailə üzvləri qürur hissi yaşadılar.
Yaşanmış çətin anlar, müharibə dəhşətlərini əks etdirən epizodlar, hadisələr saysız-hesabsızdır. Müharibədən sonra ona mayor rütbəsi verildi. Müdafiə naziri, hərbi hissə komandirləri tərəfindən aldığı çoxsaylı fəxri fərman və tərifnamələr, mükafatlar arasında müzəffər Ali Baş Komandan tərəfindən layiq görüldüyü “Suqovuşanın azad edilməsinə görə” medalı ona xüsusilə əzizdir.
- Qanlı döyüşlər getdi. Zaman gələcək Suqovuşan döyüşü alimlər tərəfindən diqqətlə öyrəniləcək. Hərb tarixində misli görülməmiş döyüş idi. Batareyamızın döyüşçülərindən şəhadətlik zirvəsinə yüksələnlərin müqəddəs xatirəsi ömürlük mənimlə yol yoldaşı olacaq.
...İgid zabiti Dadaşbəyli kəndində böyük coşqu ilə qarşıladılar. Atası Rafiq müəllim, anası Rübabə xanım 44 günlük Vətən müharibəsində göstərdiyi komandirlik məharətinə görə mayor hərbi rütbəsi alan övladlarına baxır və çox ehtimal ki, ürəklərinin dərin guşəsindən bir sual keçirirdilər; “dünənki