Dünyanın bəzi ölkələri ərzaq qıtlığı ilə üz-üzə qaldığı halda, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində bütün sahələrdə, o cümlədən aqrar sahədə uğurlu nəticələr əldə olunmaqdadır.
Hazırda Azərbaycanda əhalinin qida məhsullarına olan tələbatının böyük hissəsi daxili imkanlar hesabına ödənilir. Son illər Azərbaycanda iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişafının təmin olunması üçün bir sıra vacib islahatlar həyata keçirilir. İdarəetmənin müasirləşdirilməsi, eləcə də yüksək məhsuldarlığa nail olmaq üçün bölgələrdə yeni sənaye məhəllələrinin, texnoparkların və aqroparkların yaradılması davam etdirilir.
Dövlət başçısının müvafiq sərəncamı ilə respublikada yaranan ilk aqroparklardan birinə "Tovuz Aqro" MMC-nin hazırkı durumu ilə tanış olmaq üçün Ceyrançöl massivinə yollandıq. MMC-nin direktoru Şadkamal Hüseynovla taxıl zəmilərində, iş başında görüşdük. Həmsöhbətim bildirdi ki, təsərrüfatda yüksək məhsuldarlığa nail olmaq üçün hər gün sahələrə nəzarət etmək lazımdır. Çünki yaşadığımız dövrdə hazırda iqlim dəyişikliyi baş verir, bu səbəbdən bitkilərin hər hansı xəstəliyə tutulması riski artır. Buna görə əvvəlcədən qabaqlayıcı fitosanitar tədbirlər görülür, eyni zamanda əkinə yüksək aqrotexniki qulluq göstərilir.
Müəssisə rəhbəri bildirdi ki, son illər kənd təsərrüfatı sektorunun innovativ metodlarla idarə olunması, yüksək nəticələrin əldə olunmasına zəmin yaradır.
Hazırda respublikamızda müxtəlif profilli bu tip müəssisələrin yaradılması ərzaq bolluğuna xidmət edir. Qürurverici haldır ki, 2020-ci ildə Vətən müharibəsi zamanı əldə olunmuş möhtəşəm qələbə nəticəsində doğma torpaqlarımız işğaldan azad olundu. Hazırda respublikanın digər bölgələrində olduğu kimi, Qarabağımızda da irimiqyaslı layihələr yüksək templə həyata keçirilir. Yeni bağlar salınır, istehsal müəssisələri və s. yaradılır.
Çox qısa zamanda o yerlərin sakinləri doğma vətənlərinə qayıdaraq Qarabağda və Şərqi Zəngəzurda yaradılacaq aqroparklarda çalışacaqlar. Belə müasir təsərrüfatların yaradılması əhalinin məşğulluğunun təmin olunmasına və şübhəsiz ki, iqtisadiyyatın inkişafına töhfələr verəcək, ölkədə ərzaq bolluğuna səbəb olacaq.
"Tovuz Aqro" MMC-nin təməli 2017-ci ildə qoyulub, 2019-cu ildə tikintisi başa çatdırılmışdır. Müəssisənin yaradıldığı ərazidə əvvəllər heç vaxt əkin-biçin işləri aparılmamışdır. Burada genişmiqyaslı meliorativ tədbirlər aparılmış, torpaqlar əkinəyararlı vəziyyətə gətirilmiş, 2020-ci ilin yanvar ayından istehsal fəaliyyətinə başlanmışdır.
Müəssisənin yaradılmasında əsasən beynəlxalq aqroparkların təcrübələrindən istifadə olunur. Belə ki, kənd təsərrüfatı ilə sənayenin birgə əlaqəli inkişafı təmin olunmuşdur. Adıçəkilən müəssisə iribuynuzlu mal ətini istehsal edərək daxili bazarlarda satışını həyata keçirir.
Hazırda təsərrüfatda 1200 başa yaxın ətlik istiqamətli iribuynuzlu mallar, eyni zamanda 126 baş damazlıq iribuynuzlu, 1800 baş xırdabuynuzlu heyvan mövcuddur.
Cari ilin 4 ayı ərzində 260 ton ekoloji təmiz, keyfiyyətli ət istehsal olunaraq daxili bazarlarda realizə olunmuşdur. Müəssisədə heyvanların yemə olan tələbatının ödənilməsi üçün müasir "PİVOT" suvarma sistemləri altında olan torpaqlarda 260 hektar buğda, 62 hektar arpa, 50 hektar çoxillik bitki yonca, 62 hektar dənlik qarğıdalı sahəsinə yüksək aqrotexniki qulluq göstərilir.
Arpa və buğda biçini başa çatdırıldıqdan sonra həmin torpaqlarda təkrar əkin aparılaraq silosluq qarğıdalı becəriləcəkdir. 17 hektar ərazidə isə müasir standartlara cavab verən ofis binası, 1500 başlıq heyvandarlıq kompleksi, saatda 10 ton qarışıq yem istehsal edən yem zavodu, sutkada 90 baş iribuynuzlu, 90 baş xırdabuynuzlu heyvan kəsimi üçün sex, anbarlar və s. fəaliyyət göstərir.
Aqropark kənd təsərrüfatı texnikaları ilə tam təmin olunmuşdur. Dövlətin aqrar sahəyə göstərdiyi qayğının nəticəsidir ki, texnikalar lizinq yolu ilə əldə olunmuşdur.
Şadkamal Hüseynov bildirdi ki, ərazidə 7 hektar müxtəlif növ ağaclardan ibarət intensiv meyvə bağına yüksək aqrotexniki qulluq göstərilir. Həmçinin, dekorativ ağaclar, gül-çiçəklər