1 Noyabr Kənd Təsərrüfatı İşçiləri Günüdür
"Azərbaycanın təbiəti, torpağı, aqrar bölmənin imkanları kənd təsərrüfatında yüksək məhsul istehsal etməyə şərait yaradır", - deyən ümummilli lider Heydər Əliyevin birinci rəhbərliyi dövründə ölkəmiz aqrar sahədə keçmiş ittifaqın kənd təsərrüfatının kompleks inkişaf etdiyi qabaqcıl respublikalardan birinə çevrilmişdir. Həmin dövrdə kənd təsərrüfatının elmi əsaslarla inkişafı nəticəsində bu sahədə zəngin təcrübə formalaşmışdır.
Bu gün Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafını diqqətdə saxlayır. Son 20 ildə aparılan böyük həcmli kompleks işlər sayəsində Azərbaycan müasir inkişaf mərhələsinə yüksəlib. Bu inkişafın əsasında ölkə başçısı tərəfindən müstəqilliyimizin, təhlükəsizliyimizin, tərəqqinin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın təmin olunmasında müəyyən edilən siyasi kurs dayanır. Digər sahələr kimi, aqrar sahə də özünün dinamik inkişafı ilə müasir çağırışlara cavab verir. Dövlətimizin başçısının qəbul etdiyi siyasi qərarlar kənd təsərrüfatının inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin geniş tətbiq olunmasına real zəmin yaradıb. Ölkə başçısı demişdir: "Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük dövlət dəstəyi var - subsidiyalar verilir, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Texnikalar alınır, güzəştli şərtlərlə kreditlər verilir. Hazırda kənd təsərrüfatında böyük islahatlar aparılır, subsidiyaların verilməsi mexanizmi təkmilləşir, fermerlər üçün daha aydın, daha rahat mexanizm tətbiq olunur".
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qısa zaman ərzində ərazi bütövlüyümüzü bərpa etməsi iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası davam etdirilir və bu ərazilərdə kənd təsərrüfatının innovativ əsaslarda yenidən qurulması məqsədilə "Ağıllı kənd" layihələri uğurla icra olunur. Bu ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Bölgə üçün ənənəvi hesab edilən heyvandarlıq və taxılçılıq sektorları ilə yanaşı, meyvəçilik və tərəvəzçiliyin inkişafı potensialı da genişdir. Azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafında intensiv meyvəçilik sahələrinin, xüsusilə nar, fındıq, çəyirdəkli meyvəçiliyin inkişafı üçün perspektivlər var. Ağdam, Füzuli, Cəbrayıl rayonlarında pambıqçılığın, tərəvəzçiliyin, o cümlədən milli üzüm sortları əsasında üzümçülük-şərabçılıq sahələrinin inkişafı baxımından əlverişli imkanlar mövcuddur. Kəlbəcər və Laçın rayonlarının zəngin otlaq və yaylaqları heyvandarlığın və arıçılığın inkişafında mühüm əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, Azərbaycanda iqtisadi sahədə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birini əhalinin ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması təşkil edir və bu yöndə ardıcıl tədbirlər görülür. Əhalinin etibarlı ərzaq təminatı həm də ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının əsas şərtlərindən biri kimi xarakterizə edilir.
Ölkə rəhbərinin aqrar sektorda islahatların aparılmasına önəm verməsi, bu sahədə mühüm fərmanların, sərəncamların, əsasnamələrin qəbul edilməsi, əməli tədbirlərin görülməsi aqrar sahənin inkişafında mühüm əhəmiyyətə malikdir. Xüsusilə son illərdə imzalanmış "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında", "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında", "Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında", "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" və s. fərmanlar aqrar sektorun inkişafına hesablanmışdır və öz töhfələrini verməkdədir.
Bu gün ölkənin ərzaq təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən, əhalinin davamlı surətdə ərzaqla təmin olunması missiyasını üzərinə götürən kənd əməkçiləri və fermerlər dövlətin xüsusi qayğısı ilə himayə olunublar. 1 noyabr Kənd Təsərrüfatı İşçiləri Gününün təsis edilməsi onların tükənməz əməyinə dövlət tərəfindən verilən yüksək qiymətin bariz nümunəsidir. Kənd zəhmətkeşlərinin gərgin əməyi sayəsində aqrar sahədə qazanılan nailiyyətlər və davamlı uğurlar dövlətimizin başçısının onlara verdiyi qiymətin, göstərdiyi yüksək diqqətin nəticəsidir.
M.MİRZƏ,
"Respublika".