Türkiyə
Türkiyə ilə Azərbaycan arasında imzalanmış "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqaviləyə əsasən, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu ötən ildən etibarən Tekirdağ şəhərində yerləşən Çorlu Uçuş Təlim Mərkəzində "AKINCI silahlı pilotsuz uçuş aparatının istismarı kursu"nda iştirak edirlər. Bununla bağlı bu günlərdə Çorlu Uçuş Təlim Mərkəzində Türkiyənin Baykar Müdafiə Sənayesi şirkəti tərəfindən təşkil edilmiş "AKINCI silahlı pilotsuz uçuş aparatını "idarəetmə kursu" nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.
Buraxılış mərasimi Baykar şirkətinin rəsmiləri, ictimaiyyət nümayəndələri, kursun müəllim və rəhbər heyəti ilə bərabər, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi nəzdində fəaliyyət göstərən Hərbi Attaşelik Aparatının əməkdaşlarının iştirakı ilə baş tutub. Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir iştirakçılarına və qonaqlara kursun fəaliyyət istiqaməti haqqında ətraflı məlumat verilib. Daha sonra kursu müvəffəqiyyətlə bitirən məzunlar çıxış ediblər. Onlar Mərkəzdə yaradılmış şərait haqqında ətraflı məlumat verərək, göstərilən diqqət və qayğıya görə bir daha kursun müəllim və rəhbər heyətinə minnətdarlığını bildiriblər.
Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlarla bərabər, Türkiyə və müxtəlif ölkələrin hərbi qulluqçularına sertifikatlar təqdim edilib. Məzunlar hazırda PUA-ları idarə etməklə düşmənin bütün hərəkətlərini günün istənilən vaxtında - gecə və gündüz nəzarətdə saxlayaraq verilən tapşırıqları yerinə yetirmək məharətinə malikdirlər.
Onu da qeyd edək ki, Türkiyənin "Baykar" şirkətinin istehal etdiyi milli pilotsuz döyüş (PUA) təyyarəsi "Bayraktar Akıncı" Türkiyənin müdafiə sənayesinin reallaşdırdığı ən mühüm layihələrdən biridir. "Akıncı" PUA-ları yetərincə geniş ərazilərdə uzunmüddətli vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müddət) sinfinə aiddir. Türkiyə bu uğura imza atmaqla dünyada HALE sinfindən olan PUA istehsal edən 4-cü ölkədir.
"Akıncı"nın ən mühüm özəlliklərindən biri də onun yerüstü stansiyadan asılı olmadan bütünlüklə avtonom rejimdə uçması, hədəfi müəyyən edib izləməsi və təchiz olunduğu müxtəlif tipli, lazerlə hədəfə yönləndirilən raketlərlə vurması və geri qayıdaraq yenə də avtonom rejimdə eniş etməsidir. Bu imkanın sayəsində "Akıncı" kifayət qədər böyük dağıdıcı gücə malik, tamamilə Türkiyə hərbi sənayesinin istehsalı olan, hədəfi yüksək dəqiqliklə vuran raketlərlə silahlanıb. Akıncı 40 min fut yüksəkliyə qalxır və daxildə 400, xarici asqılarında isə 950 kiloqram olmaqla bütövlükdə 1350 kiloqram faydalı yük daşıya bilir.
Esmira YAZKAN ASLANOVA,
"Respublika" qəzetinin
Türkiyə üzrə müxbiri.