Ulu öndər Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu əlamətdar günün keçirilməsi dövlətimizin səhiyyə sahəsinə, tibb işçilərinə göstərdiyi diqqət və qayğının nümunəsidir. Təsadüfi deyil ki, respublikamızda səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər də məhz Heydər Əliyevin rəhbərliyi dövründə əldə olunmuşdur. Belə ki, ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanın səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülmüş, bu sahədə mühüm islahatlar aparılmışdır. Həmin dövrdə səhiyyə sahəsində hüquqi-normativ bazanın təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması prioritet hesab olunurdu.
Ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar qəbul olunmuşdur. Buraya "Əhalinin sağlamlığının qorunması haqqında", "Qan və onun komponentlərinin donorluğu haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında", "Əczaçılıq fəaliyyəti haqqında", "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında", "Tibbi sığorta haqqında" və s. kimi qanunlar da daxildir. Əlavə olaraq, QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısının alınması istiqamətində milli proqramlar da hazırlanmışdır. Ümummilli lider Heydər Əliyevin səhiyyədəki əvəzsiz xidmətlərindən danışarkən islahatlar proqramının hazırlanması və icrasını da xüsusi vurğulamalıyıq. Belə ki, Heydər Əliyevin "Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə" 13 mart 1998-ci il tarixli sərəncamı Azərbaycanda səhiyyənin bütün sahələrini əhatə edən islahatların daha sürətlə həyata keçirilməsinə şərait yaratmışdır. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi, imkanının olmaması ciddi problemlərdən hesab olunurdu. Heydər Əliyev səhiyyəyə əlavə vəsait cəlb etmək, eləcə də bu sahəni fəaliyyət növü kimi liberallaşdırmaq məqsədilə özəl səhiyyə sisteminin tətbiqi üçün mühüm işlər görmüşdür. "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmişdir.
Ümummilli lider Heydər Əliyev tibb işçilərinə xüsusi rəğbət bəsləyirdi: "Tibb, səhiyyə hər bir insan üçün çox vacib olan sahədir. Özünü tibb, səhiyyə işinə, insanların sağlamlığının keşiyində durmaq işinə həsr edən adamlar həqiqətən çox yüksək hörmət və ehtirama layiq olan insanlardır". Heydər Əliyev tibb sahəsində mütəxəssislərin yetişdirilməsinə də xüsusi diqqət ayırırdı. Ümummilli liderimizin xarici ölkələrdə oxutdurduğu gənclər ölkəmizin aparıcı mütəxəssislərinə çevrilmişlər. Heydər Əliyevin və onun əvəzsiz davamçısı İlham Əliyevin qayğısı sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili, eləcə də, səhiyyənin bütün sahələri üzrə sanballı, yüksək səviyyəli milli kadrlar yetişmişdir.
Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf dövrünü yaşayır. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində uğurla davam etdirilir. Son illərdə tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələlərində dövlətin üzərinə götürdüyü sosial öhdəliklər ölkə başçımızın bu sahəyə diqqətinin göstəricisidir. Səhiyyə sahəsində qəbul olunmuş Dövlət proqramları, eləcə də onların icrası ölkəmizdə tibbi xidmət səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, dərmanla təchizatın əhəmiyyətli dərəcədə yaxşılaşmasına şərait yaratmışdır.
Unutmayaq ki, həyatda insan sağlamlığından vacib heç nə yoxdur. Sağlamlıq olmayan yerdə sağlam mühitdən və sağlam cəmiyyətdən əsla söhbət gedə bilməz. Həm 44 günlük Vətən müharibəsi, həm də COVID-19 pandemiyası dövründə səhiyyə işçilərinin fədakarlığı bir daha sübut olundu. İkinci Qarabağ savaşında qazandığımız qələbəni hərbçilərimiz qədər, həm də arxa cəbhədə çalışan digər peşə sahiblərinə borclu olduğumuzu yaddan çıxarmamalıyıq. Çünki cəbhə xəttində çalışan feldşerindən hospitalda cərrahiyyə əməliyyatı edən həkiminə qədər ağxalatlı qəhrəmanların hər biri öz fədakarlığı, peşəkarlığı ilə neçə-neçə hərbçimizin həyatda qalması uğrunda əllərindən gələni etmişlər. Bu baxımdan, gecə-gündüz bilmədən, bayram-