44 günlük Vətən müharibəsində qazanılmış qələbədən sonra yaranan yeni reallıqlardan biri də Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların reinteqrasiyasıdır. Lakin Ermənistan bəzi xarici dairələrin havadarlığı ilə prosesə əngəl törətməyə çalışır. Laçın dövlət sərhədində siyasi şouların əsas səbəbi də elə budur. Həmin qüvvələr dinc sakinlərin Ağdam-Xankəndi yolundan istifadəsini qadağan edirlər. Hətta onlar yolun Əsgəran hissəsini beton plitələrlə bloklayaraq əhalinin giriş-çıxışına mane olurlar. Elə buradan da görünür ki, "gərgin humanitar vəziyyət" və ya "blokada" tipli böhtanlar siyasi manipulyasiyadan başqa bir şey deyil.
Laçın dövlət sərhədindəki nəzarət-buraxılış mexanizminin fəaliyyəti haylar tərəfindən birmənalı olaraq qəbul edilmir, Azərbaycan tərəfi ilə razılaşdırılmadan buraya gətirilən iri yük maşınlarının ərazidən keçməsinə səy göstərilir. Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz sərhədlərinə nəzarət etmək və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd-buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan tərəfi bunu dünyaya Laçın yolunun bağlanması, Qarabağda yaşayan erməni sakinlərin "blokadası", "humanitar fəlakət"lə üz-üzə olması kimi çatdırmağa çalışır. Lakin irihəcmli yük maşınlarının ərazidən keçirilməsi istəyi humanitar ehtiyac və ya hər hansı bir fövqəladə səbəbdən deyil. 30 ilə yaxın bir dövr ərzində Laçın yolundan öz kirli əməllərinə görə istifadə edən haylar, nəzarət-buraxılış məntəqəsinin yaradılmasından sonra daha buradan narkotik, silah-sursat, qaçaqmal və digər qeyri-qanuni əməllər üçün istifadə edə bilmirlər.
Azərbaycan böyük humanistlik nümayiş etdirərək öz ərazisində yaşayan erməni əsilli vətəndaşlara zəruri məhsulların daşınmasına şərait yaradır. Bununla yanaşı, rəsmi Bakının Ağdamdan Xankəndiyə gedən yoldan Qarabağ sakinlərinin humanitar ehtiyaclarının ödənilməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə etdiyi təklif maddi-texniki baxımdan daha məqsədəuyğundur.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Azərbaycanın Ağdam vasitəsilə Qarabağa humanitar yardım göstərməyə hazır olduğunu bildirməklə, Aİ-nin bu yola qarşı çıxmadığını təsdiqləmişdi: "Mən Azərbaycanın Ağdam vasitəsilə humanitar yükləri bərabər şəkildə həyata keçirməyə hazır olduğunu da qeyd etdim... BQXK-nın tibbi təxliyənin bərpasını da alqışlayıram".
Hayların Ağdam-Xankəndi yolundan imtinası təxribat məqsədi daşıyır. Bu yol həm də Qarabağdakı ermənilərə logistik baxımından da sərfəlidir. Çünki Ağdam yolu daha qısadır və yükdaşıma xərcləri daha azdır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bərdə şəhərində nümayəndəliyinin olması da Ağdam-Xankəndi yolunun üstün cəhətlərindəndir. Belə olan təqdirdə, Bərdədən Ağdama, buradan Xankəndiyə olan ümumi məsafə İrəvandan Xankəndiyə qədər olan yoldan daha əlverişlidir. Bununla yanaşı, Azərbaycan tərəfindən təklif edilən Ağdam-Xankəndi yolunun bütün texniki göstəriciləri beynəlxalq standartlara cavab verir. Bu yol üzərində müasir infrastruktur vasitələri mövcuddur.
Sovet dövründə keçmiş Dağlıq Qarabağın təchizatı məhz bu yol vasitəsilə həyata keçirilir, onun Azərbaycan SSR-in qalan hissəsi və SSRİ-nin digər respublikaları ilə əlaqələri təmin edilirdi. 1970-ci illərin sonlarında Azərbaycan hökuməti Qarabağa Bakı-Ağdam-Xankəndi dəmir yolunun tikintisini də başa çatdırdı. Hazırda logistika baxımından, Ağdam-Xankəndi yolu Laçın marşrutundan daha əlverişlidir. Bərdədən Ağdama 45 km, Ağdamdan Xankəndiyə isə cəmi 26 kilometrdir. İrəvandan Xankəndiyə olan məsafə isə 330 kilometrdir və bu, dolanbacları olan dağlıq, dolama yoldur. Yeri gəlmişkən, Xankəndini Bakıdan da təxminən eyni məsafə ayırır. Hətta Bakıdan da Qırmızı Xaç Komitəsi daha rahat və daha sürətli çatdırılma həyata keçirə bilər.
Bütün bunlardan sonra hələ də hayların bu yoldan imtina etməsi, reinteqrasiyaya kölgə salması, yaradılan humanitar şounun fonunda sülh prosesinin ləngidilməsi erməni xislətinin bariz nümunəsidir. Azərbaycan tərəfinin isə mövqeyi qətidir. İstənilən halda haylar yükləri Laçın dövlət sərhədindən keçirməyə nail ola bilməyəcəklər.
Nurlan ABDALOV,
"Respublika".