Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” və "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!" mövzularında tədbir keçirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov qeyd edib ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının əbədiliyini təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. Natiq həmçinin Ulu Öndərin adı ilə bağlı olan ölkə həyatının bütün sahələrinin paralel və dinamik inkişafının bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə xanım Hüseynova, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və digərləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə milli intibahın təminatında başlıca vasitə sayılan, cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayan elm və təhsil sahəsindəki islahatlarından ətraflı söz açdılar.
M.NƏRİMANOĞLU,
“Respublika”.