Yenidən müstəqilliyinə qovuşan Azərbaycan dünya ölkələri ilə əməkdaşlıq əlaqələri qurmaq və bunu ən yüksək səviyyəyə çatdırmaq üçün məqsədyönlü xarici siyasət həyata keçirməyə başladı. İnkişaf etmiş dövlətlərlə münasibətlərin möhkəmləndirilməsi və hərtərəfli inkişaf etdirilməsi, iqtisadi əməkdaşlığın qurulması əsas istiqamət olaraq müəyyənləşdirildi. Müstəqilliyinin ilk illərində ABŞ ilə ölkəmiz arasında iqtisadi sahədə bir sıra müqavilələr bağlansa da, 1994-cü il sentyabrın 20-də Bakıda imzalanan "Əsrin müqaviləsi"ndən sonra ABŞ-Azərbaycan əlaqələri inkişaf mərhələsinə yüksəldi, iqtisadi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqda yeni mərhələnin başlanğıcı qoyuldu. Gündən-günə genişlənən əlaqələr iki ölkə arasında bir sıra neft yataqlarının işlənilməsi ilə bağlı müqavilələrin imzalanmasına imkan verdi ki, bu da qarşılıqlı münasibətlərin, əməkdaşlıq əlaqələrinin sistematik şəkildə inkişafına zəmin yaratdı. Müstəqil siyasət həyata keçirən Azərbaycan həmin vaxtdan etibarən regionda vəziyyətin normallaşması, mövcud problemlərin aradan qaldırılması məqsədilə ABŞ-la çoxtərəfli əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində mühüm səylər göstərdi. Lakin müstəqil siyasət yürüdən Azərbaycan hər zaman Amerikanın ikili münasibətləri ilə üzləşdi.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozaraq torpaqlarının 20 faizdən çox hissəsini zəbt etdiyi zaman beynəlxalq birlik işğalçı ölkənin təcavüzkar əməllərinin qarşısının alınmasında heç bir addım atmadı, nüfuzlu təşkilatlar da buna ciddi səy göstərmədilər. İki ölkə arasında münaqişənin sülh yolu və danışıqlar vasitəsilə həlli üçün yaradılan ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyəti də qənaətbəxş olmadı. ABŞ-ın da daxil olduğu qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, problemin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək göstərilməsi olsa da, həmsədr ölkələr regionda təhlükəsizliyin, sabitliyin bərqərar olmasına çalışmadılar. İkili standartları əks etdirən bu fəaliyyətlə barışmayan Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində öz gücü, uğurlu siyasəti sayəsində tarixi torpaqlarını işğaldan azad etdi. Müharibə bitdikdən sonra Azərbaycan Prezidenti müsahibələrinin birində keçmiş Minsk qrupunun fəaliyyətinin uğursuz olduğunu bildirmişdir: "Biz həqiqəti deməliyik. Məsələnin gün işığı kimi aydın olduğu halda, biz siyasi korrektlik naminə bunun əksini söyləyə bilmərik. Əgər Minsk qrupunun həmsədrləri - dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi".
Azərbaycanın qalibiyyətini qəbul etməyən, bunun fonunda Cənubi Qafqazda əmin-amanlığın olmasını istəməyən ölkələr, o cümlədən ABŞ ikili münasibətlərinə postmüharibə dövründə də son qoymadılar. Belə ki, ötən il avqustun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş, ümumilikdə 180-ə yaxın diplomatik korpusun xarici nümayəndələrinin, o cümlədən səfir və hərbi attaşelərin iştirak etdiyi konfransa ABŞ və Fransanın ölkəmizdəki səfirlərinin qatılmaması ikili yanaşmanın bariz nümunəsi idi. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada jurnalistlərə bunu Fransa və ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələrinin Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq kimi qiymətləndirmişdir: "Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər".
Bu gün də dünyanın güc mərkəzi hesab edilən Amerika ölkəmizin əleyhinə fəaliyyətini əsassız, həqiqəti əks etdirməyən açıqlamaları, ədalətsiz qərarları, qəbul etdiyi qərəzli qanunları ilə davam etdirir. Ağ Ev bütün dünyada sülhün, əmin-amanlığın təminatçısı kimi tanınan Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda günahlandırmaqla ağ yalanlar uydurur. Belə ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayn noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində birtərəfli və qərəzli fikirlər səsləndirərək Azərbaycanı sentyabrın 19-da keçirilən antiterror tədbirlərində guya Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə siyasəti aparmaqda ittiham edib. Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda keçirilən dinləmələrdə Ceyms O'Brayn İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistanın imzaladığı kapitulyasiya aktının müddəalarına əməl etməməsinə, o cümlədən müharibə bitdikdən sonra silahlı birləşmələrini ölkəmizin ərazilərindən çıxarmamasına, yeraltı-yerüstü sərvətlərimizi qanunsuz şəkildə istismar etməsinə, hazırda isə Azərbaycanın sülh təklifinə müsbət cavab verməməsinə toxunmayaraq, ermənipərəst mövqe sərgiləməsi bir daha ölkəsinin anti-Azərbaycan siyasət yürütdüyünün sübutudur. Eyni zamanda rəsmi Vaşinqtonun "907-ci düzəliş" mövzusunu yenidən gündəmə gətirməsi ümumilikdə regionda sülh və təhlükəsizliyi təhdid edir. Noyabrın 27-də ölkə başçımıza zəng vuran ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı Prezident İlham Əliyev ABŞ tərəfindən ölkəmizlə bağlı verilən son bəyanatların və atılan addımların iki ölkə arasında münasibətlərinə ciddi zərər vurduğunu bildirib.
Bu gün Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla tərəfdaş olmaq, münasibətlərini dərinləşdirmək istəyən ölkələr yetərincədir. Çünki dünya dövlətləri ölkəmizin humanist, sülhpərvər siyasət yürütdüyünü və etibarlı tərəfdaş olduğunu çox yaxşı bilir. Ölkəmizin uğurlarını, beynəlxalq aləmdə qazandığı nüfuzu həzm edə bilməyən ölkələrin şər-böhtanları, ağ yalanları isə ayaq tutsa da, yerimir.
Mehparə ƏLİYEVA,
"Respublika".